BƏRAƏT QƏNDİLİ
Mübarək üç aylardan Şaban ayının on beşinci gecəsinə “Bəraət gecəsi” deyilir. Bəraət, kəlmə olaraq, “borc, xəstəlik, günah və cəzadan qurtulmaq, çətinlik və sıxıntıdan xilas və bəri olmaq” deməkdir. Bəzi klassik əsərlərdə Bəraət gecəsi üçün “Şabanın ortasındakı gecə”, “mübarək gecə” və “rəhmət gecəsi” mənalarına gələn ifadələr işlədilmişdir.
Bəraət gecəsini Ramazana hazırlıq anı olaraq da ifadə edirlər. Bu haqda bir hədisdə Hz. Peyğəmbərimiz (s.ə.s) belə buyurur: “Şaban ayının on beşinci gecəsini ibadətlə keçirin, gündüzündə isə oruc tutun. Çünki Uca Allah bu gecə dünya səmasına rəhməti ilə təcəlli edər və belə buyurar: “Yoxdurmu tövbə edən ki, tövbəsini qəbul edim. Yoxdurmu ruzi istəyən, ruzisini verim. Yoxdurmu şəfa istəyən, şəfa verim. Başqa istəyi olan yoxdurmu ki, ona istədiyini verim”. (İbn Macə, Sünən, İqamətus-salət, 191; Əhməd ibn Hənbəl, Müsnəd, II, 258)
Hz. Aişə (r.anhə) Peyğəmbərimizin (s.ə.s) belə buyurduğunu nəql edir: “Allah-Təala Şaban ayının on beşinci gecəsi dünya səmasını rəhmət, məğfirət və lütfləri ilə doldurar. Kəlb qəbiləsinin qoyunlarının tüklərinin sayından çox insanı bağışlayar”. (Tirmizi, Savm, 39; İbn Macə, İqamə, 191; Əhməd b. Hənbəl, Müsnəd, 6/238)
Muaz ibn Cəbəl (r.a) Rəsulullahın (s.ə.s) belə buyurduğunu nəql edir: “Allah-Təala Şaban ayının on beşinci gecəsində xüsusi rəhmət və məğfirət edər. Müşriklər və müsəlman qardaşına kin bəsləyənlər xaric, bir çox insanı bağışlayar”. (Təbərani, Mucəmul-Kəbir, 20/108; Əvsat, 7/36; İbn Macə, İqamə, 191)
Böyük İslam alimi İmam Şafei də beş gecədə edilən duaların qəbul olunacağını ifadə edərkən o gecələrdən birinin məhz Bəraət gecəsi olduğunu vurğulamışdır.
Yuxarıda qeyd olunan hədislərdən bu gecənin əfv və məğfirət gecəsi olduğu anlaşılır. Ancaq bunu da görürük ki, Allaha şərik qoşan, təkəbbür və qürura boğulan, möminlərə kin, nifrət və həsəd bəsələyənlər və başqa böyük günah və bəyənilməyən əməl sahibləri bu gecənin feyz, bərəkət və bağışlanmasından istifadə edə bilməyəcəklər. Çünki bu günahlar sahibini Allahın bağışlamasından uzaqlaşdırar, rəhmətini qazanmağa mane olar. Bu, günahın çox pis və böyük olmasından qaynaqlanır.
Bu gecədə cərəyan edən hadisələri Hz. Peyğəmbər (s.ə.s) Hz. Aişəyə (r.anha) belə izah etmişdir: “Bu gecə il ərzində kimlərin doğulacağı və öləcəyi yazılır (Lövhi-məhfuzdan siyahısı çıxarılır), saleh əməllər mələi-əlaya yüksəldilir, maddi-mənəvi ruzi-bərəkət endirilir”. (Əliyyül-Qari, Mirqatul-Məfatih, 3/346)
Duxan surəsində Qurani-Kərimin mübarək bir gecədə nazil edildiyi qeyd olunmaqdadır. İslam alimlərinin bir çoxu bu gecənin Qədr gecəsi olduğunu bildirmişlər. Çünki digər ayələrdə də bunu qüvvətləndirən dəlillər vardır. İkrimə kimi tabeun alimlərinin də yer aldığı bir qrup alim isə Duxan surəsindəki ayələrin Bəraət gecəsi ilə əlaqəli olduğunu, Quranın Lövhi-məhfuzdan Bəraət gecəsində yer üzü səmasına bütöv halda endirildiyini, Qədr gecəsində isə mələk vasitəsi ilə Hz. Peyğəmbərə ayə-ayə, surə-surə enməyə başladığını qeyd etmişlər. Bəzi müfəssirlər də bu görüşdədirlər.
Bəraət gecəsinin beş ayrı özəlliyi var:
- Bütün hikmətli işlərin ayırd edilməyə başlanması.
- Bu gecədə ediləcək ibadətlərin digər zamanlara nisbətlə qat-qat savablı olması.
- İlahi rəhmətin bütün aləmi əhatə etməsi.
- Allahın əfv və bağışlamasının artması.
- Peyğəmbərimizə tam bir şəfaət səlahiyyətinin verilmiş olması.
Qeyd edək ki, bu gecənin fəzilət və bərəkətindən bəhs edən müstəqil kitablar yazılmış, əsərlər qələmə alınmışdır.
Belə gecələr yaxınlaşdıqda hər zaman aktual olan bir sual ortaya çıxır: Bu gecələrə xas ibadət varmı? Bunu ifadə etməkdə fayda var ki, müsəlman olan şəxs ibadət həyatını, əməl və davranışlarını dinimizin şəri hökümlərinə görə təyin etməlidir. Əgər mötəbər qaynaqlarımızda bir məsələ ilə bağlı hər hansı dəlil varsa, bu, əsas alınır. Bu gecə ilə bağlı müəkkəd-sünnə qismində hər hansı bir ibadət şəkli olmasa da, yenə də, belə mötəbər bir gecənin feyz və bərəkətindən faydalanmaq, bu cür vaxtları fürsət bilmək lazımdır. İstər qəza namazları qılmaq, istərsə də Quran tilavəti, zikr və əlavə nafilə ibadətləri yerinə yetirməyimiz üçün belə zamanlar ələdüşməz fürsətlərdir. Sələfi-salehinin bu mövqeyi bizim üçün hər zaman örnək olmalıdır: Sələfi-salehin bir işi etmək, daha çox namaz qılmaq, ibadət etmək, zikr və başqa nafilələri yerinə yetirmək üçün dəlil və səbəb axtarardı. Sonrakı nəsillər (biz) isə bir şeyi etməmək, az etmək, boyun qaçırmaq, nafilələri tərk etmək üçün dəlil və səbəb axtarırıq.
Unutmayaq ki, bir hədisdə qeyd olunduğu kimi, axirət günü hər kəs peşman olacaqdır. Pis iş görənlər gördükləri pis işə görə, muhsinlər (yaxşı əməl sahibləri) isə belə əməllərini artırmadıqları üçün peşman olacaqlar.
ŞƏRHLƏR