DİN, YOXSA MÖVHUMAT?

DİN, YOXSA MÖVHUMAT?

“Mən özüm dinə, mövhumata inanan adamam”, “Filankəs dinlə, mövhumatla məşğuldur”... Yəqin ki, siz də hərdən cəmiyyət arasında bu kimi cümlələrlə qarşılaşırsınız. Gördüyümüz kimi, burada din və mövhumat eyni cümlədə işlədilərək sanki bir-birini tamamlayıcı ünsür kimi qələmə verilir.

Dinin nə olduğunu bilirik, bəs yaxşı, mövhumat nədir? Gəlin baxaq:

Ərəb dilindən alınma söz olan “mövhumat” əslində var olmayıb xəyala gətirilən şeyləri ifadə etmək üçün istifadə olunan “mövhum” sözünün cəmidir. Yəni mövhumat əsli və əsası olmayan, uydurma xəyal məhsuludur. Bəs nə üçün insanlar inanclı olduqlarını ifadə etmək üçün “dinə, mövhumata inanıram” deyirlər? Məsələ burasındadır ki, Azərbaycanda 70 il hökm sürən Sovet ideologiyası və ateist düşüncə, dini heç bir əsası olmayan xəyal məhsulu sayırdı. Ona görə də dini düşüncəni mövhumat adlandıraraq insanları bundan çəkindirirdi. Hətta dilimizin izahlı lüğətinə baxanda görürük ki, Sovet düşüncəsi ilə yazılan bəzi maddələr hələ də olduğu kimi qalır. “Mövhumat” maddəsində deyilir: “İnsanları cəhalətdə saxlayan dini görüşlər, xurafat, fanatizm... Dini mövhumat insanları daimi qorxu altında saxlayır, onların şüurunu kütləşdirir, təşəbbüs və bacarığını əlindən alır”.(Azərbaycan dilinin izahlı lüğəti, c. III, s. 392)

Bəli, vaxtilə din əsassız mövhumat kimi qələmə verilir və həyat tərzini dinə görə nizamlayanlar mövhumatçı adlandırılırdı. Ona görə belə adamlar haqqında “dinlə, mövhumatla məşğuldur” deyib cahillik damğası ilə damğalayırdılar. O günlərdən insanların dilində qalan bu söz, təəssüf ki, indi də bəzi insanlar tərəfindən işlədilir. Düzdür, indiki zamanda əslində müsbət məna qəsd olunur, lakin özümüz də bilmədən dinimizi cəhalət və mövhumatda ittiham etmiş oluruq. Elə isə gəlin bir yanlışı düzəldək: Din mövhumat deyil. İnancımızı ifadə edərkən mövhumatdan uzaq olan dinimizə xələl gətirməyək. Biz Allahın göndərmiş olduğu və insanlığa doğru yolu göstərən dinə inanırıq, hər cür mövhumat və cəhalətin qarşısındayıq.

PAYLAŞ:                

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz