AY DOĞDU ÜZƏRİMİZƏ

AY DOĞDU ÜZƏRİMİZƏ

İsmət Özəl: “İnsan üçün qarşısındakı bütün yollar gedilə biləcək yol kimi görünürsə, artıq o insan yolunu azmışdır”, - deyir. Hansı yolla getdiyimi bilirəm, amma necə getdiyimi bilmirəm. “Mühüm olan harada olduğun yox, necə olduğundur”.

 Yəmən ellərində Veysəl Qarani səhrada, qoyunlarının yanında idi. Məkkədə isə Əbu Cəhl səhər-axşam Kəbəni və Rəsulullahı (s.ə.s) görür, amma faydalana bilmirdi. Məkkədə Əbu Cəhl kimi olmaqdansa, ovalarda Veysəl Qarani kimi tənha olmaq yaxşıdır.

“Yetər ki, gəmidə ol; istəyirsən lap döşəmədəki təmizlik bezi ol”, - deyirlər. Bəli, gəmidə olmaq bəlkə də sudan xilas olmaq, həyatda qalmaq üçün kifayət edər, lakin heyvan olmaqdan qurtulmaq üçün kifayət etməz. Nuhun gəmisinə heyvanlar da minmişdi. Qaynayan su kartofu yumşaldar, amma yumurtanı sərtləşdirər. İnsanı müəyyən bir nöqtəyə gətirən şey ətrafındakı şəraitdən daha çox öz daxilində nə olduğudur. Fironun sarayında iman edən Asiyə olmaq da var, peyğəmbərlə eyni evi bölüşdüyü halda imandan məhrum olmaq da (Hz. Nuh və Hz. Lut nümunəsi).

İynə vurulub gözü açılan xəstəyə iynənin təsiri nədirsə, yollar da yolçuya o cür təsir edər. Muhyiddin Şəkur deyir: “Dünya ata bənzəyir. At səni aparmalıdır. Sən atı belinə alıb aparmağa başlamısansa, deməli, bu işdə nəsə tərslik var”. Yol bizi aparmaq üçün var. Yolda olmaq başqa şeydir, yolu götürüb aparmaq başqa. Yolu götürüb aparmağa çalışan onun altında əzilər. Bizim borcumuz yolda olmaqdır. Qədim dövrdə “karvan yolda düzələr”di. Yolçuların sayına və təbii şərtlərə görə karvanın gedəcəyi yol dəyişə bilərdi. Müasir dövrdə xəritə, xəbərləşmə texnologiyaları və naviqatorlar sayəsində karvan günlər, həftələr əvvəldən planlaşdırılır. İndi heç bir şey yolun və təbiətin gedişatına həvalə edilmir. Postmodern dövrdə internetdən metakainata (metaverse) keçid müzakirə edilir. Virtual reallıq cihazları sayəsində yol da, yoçuluq da simulyasiya aləmində olacaq. Simulyasiya yoldan, avatar yoldaşlardan nə fayda görərik? Yolda olmaq mədədən deyil, ən çox gözdən və qulaqdan bəslənməkdir.

Yüksək dağların üstündən keçərkən “taləal-bədru” ilahisini açıram... Çoxdandır bu ilahini dinləmirdim. Bu ilahi qiyamətə qədər yaşayan hər möminə yetər. Bu ilahidə kövsər ruhu var. Dinlə, dinlə, bitmir. Nə azalır, nə də əskilir. Doyurduqca doyurur. Müslüm Babanı (Gürsəs) anladarkən “internetdən evlad mahnısını dinləyin, sonra oxumağa davam edin” demişdim. “Ay doğdu üzərimizə” ilahisini dinləməyin vaxtıdır. Bu ilahini küsdürməyək. “Ay doğdu üzərimizə” ilahisi İslam mədəniyyətinin ən qədim ilahisidir.

“Ay doğdu üzərimizə, Vəda təpələrindən” deyə başlayan ilahini “Google”da axtarışa verirəm. “Taləal-bədru aleyna” yazıram, 15100 nəticə çıxır. “Ay doğdu üzərimizə” yazıram, 34600 nəticə çıxır. Təkcə “ay” yazıram, 5760000000 nəticə var. “Ay doğdu üzərimizə” deyə ilahiyə başladığım zaman beş milyard yeddi yüz altmış milyonluq nəticə ilə göstərilən ayı axtarmıram. Bu ay başqa aydır. Bu ay kiçilməyən, azalmayan, gözdən itməyən, qaranlığa gömülməyən və tutulmayan bir aydır. Bu aya mal-mülk, canlar fəda! Sallallahu aleyhi və səlləm.

“Taləal-bədru” ilahisi dağ mənzərəli, dağ havalı yerlərdə dinlənməlidir. Bu həqiqəti neçə illər sonra dərk etdim. Bu günə kimi dörd divar arasında, mərtəbəli binaların mənzillərində, yaxud həyət evində dinləyərək səhv etmişəm. Bu ilahini dinləyəcəksənsə, evindəsənsə, eyvana çıx, uzaqdakı dağlara baxaraq dinlə! Bu ilahini dinləmək üçün dağlara çıx! Hər kəs piknik üçün, xizək sürmək üçün çıxır, sən bu ilahiyə qulaq asmaq və bir də Allaha təkbir gətirmək üçün çıx dağlara! Sünnəyə görə, dağlara, zirvəyə qalxanda təkbir gətirilir, dərəyə enəndə Allah təsbih edilir. “Ay doğdu üzərimizə, Vəda təpələrindən” deyildiyi zaman gözlərin Bursanın Uludağına, Zaqatalanın Şamil yoluna, Adananın Toros dağlarına, Qazaxıstanın Köktöbesinə, Bişkekin Tanrı dağlarına baxsa da, “Ay doğdu üzərimizə” deyərək Vəda təpələrinə baxırmış kimi bax. Orada nə görürsən? Kimi görürsən? Havada günəş olsa da, bədirlənmiş ayı görürsənmi? Bədirlənmiş ay gəldimi? Rəsulullahı oradakı ağacın yanındaymış kimi təsəvvür et!

“Hz. Peyğəmbəri sevmək və sevindirmək” deyə bir gündəmimiz olmalıdır. Onun bizə təşnə olduğunu Rəbbimiz xəbər verir (ət-Tövbə, 128). Uhuddan “qardaşlarım üçün darıxıram” deyə salam göndərir.

Müəllim yoldaşlarımdan biri Xosrov mədrəsəsindən Göyçay tərəfdə görülən ən yaxın və ən hündür dağa baxaraq: “Bu dağ necə də Uhud dağına bənzəyir” deyərdi. Mədrəsə ilə o dağın arası Rəsulullahın məscidi ilə Uhud dağı arası qədərdir. “Sən dağları görüb onların sabit durduğunu zənn edərsən. Halbuki onlar buludların keçdiyi kimi keçərlər. Bu, hər şeyi mükəmməl edən Allahın sənətidir”. (ən-Nəml, 88)  

Uhud dağı Mədinədədir, amma Ağdaş ilə Göyçay arasında da Uhud dağını görürsən. Ay doğdu üzərimizə deyirsən, bir də baxırsan ki, Vəda təpələri Ankaraya, Ağdaşa, Jambıla, Toktokula, Səmərqəndə və başımızı qoyduğumuz yastığa gəlib. Ay doğsa üzərinə, üstündə olduğun dağın daşını-torpağını öpər, üz-gözünü sürtərsən. Üzərimizə Ay doğduğu zaman, çıxıb sevincdən oynamaq vaxtıdır. Oynat bizi, ya Rəbbi!..

PAYLAŞ:                

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz