BAYRAMLAR QARA DEYİL
Sevinmək, gülmək hər birimizin haqqıdır. İnsanları sevindirmək, yeni hadisələrdən xəbərdar etmək də hər kəsin arzu planları içərisindədir. İlk “mən” xəbər verdim, ilk “mən” gördüm, ilk “mən “ eşitdim kimi proseslərdə baş rolda olma arzusu o qədər xoş bir hal olmasa da, demək olar ki, nəfsi olan, yaşama həvəsi olan hər kəsin öncəliyidir. Bu arzunu şiddətli bir istək halına gətirmək isə bəzən mənfi nəticələrə; küsülülük, inciklik, kin, nifrət kimi sevilməyən qəlb xəstəliklərinə vəsilə olur. Belə olan halda insan xurafələrə, batil inanclara yönələ, doğru əqidədən kənara çıxa, hətta cəmiyyəti yanlışa sürükləmə kimi nəticələrə yol aça bilər.
Batil inanclar yoluxucu xəstəlik kimidir. İmmuniteti zəif insanlar yoluxucu xəstəlikdən ən çox əziyyət çəkən insanlardır. Dini biliklərdən kifayət qədər məlumatlı olmamaq da bu sahədə immunitetsizlik kimidir, hər cür yanlış düşüncəyə qapı açır. Bir də görürsən ki, telefona bir mesaj gəlir: “Bu məktubu 20 nəfərə göndər, axşam möcüzə ilə qarşılaşacaqsan. Filankəs göndərmədi, başına müsibət gəldi...” - kimi xurafə, batil bilgilər. Din adı altında göndərilən bu cür ifadələr dini gözdən salmaq, xurafələrlə dolu olduğunu söyləmək həvəsində olan şər qüvvələrin və cahil kimsələrin uydurduğu sözlərdir. Əhəmiyyətsiz görünən o qədər batil və əsassız inanc var ki! Bu da əslində insanın daxilən inanclı olmağa ehtiyac duyan bir varlıq olduğunu sübut edir. İnsan daim Uca bir varlığa bağlılıq ehtiyacı hiss edir. Ancaq həqiqi biliyi əxz edə bilmədiyi üçün, yaxud xurafələrin yetərliliyi kimi bir düşüncəyə bağlı olduğu üçün batil biliklərə yönəlir, həyatının mənasını bir heç üzərində qurmağa çalışır.
İnanc və əqidə istiqamətində özünü ibadət və Quran ilə doyurmayan insan, əlbəttə, batil inanca, xurafə kimi yoluxucu və təhlükəli xəstəliklərə düçar olar. Bu səbəblə ibadətlərimizin bir parçası olan bayramları digər bayramlarımızla müqayisə etmək, onlardan daha zəif keçirmək, əhəmiyyətsiz saymaq da qəsd-qərəzin, ya da cəhalətin işarəsidir.
Sevincli günlərimiz bayramlarımız, sevincli günlərimizi mənfi enerji ilə formalaşdıran hallar isə bu bayramlara əlavə edilən, onun əsl mənasını pozan xurafə və batil inanclardır. Əlbəttə, bayramların da dərəcə baxımından fərqləri vardır. Bayram var ki, sərf edilən əmək nəticəsində Uca Yaradanın mükafatlandırmasıdır. Bayram var ki, hər zaman dəyişə biləcək olan adət-ənənədən meydana gələn fəslin dəyişməsi, ilin dəyişməsi kimi əməksiz bir sevincə verilən addır. Üstəlik, bu bayramlara da əlavələr edilir, bəzən seviniləcək yerdə üzüntü ilə qarşılaşırıq.
Dini dəyərlərimizlə zidd olan elə bayram adətlərimiz var ki, bayram ifadəsi ilə uyğun gəlmir. Məsələn: Qapıya papaq atmaq, qulaq falına çıxmaq, tonqaldan tullanmaq, üzük falına baxmaq, ailə üzvləri sayınca şam yandırmaq və sonuna qədər söndürməmək, xoruz döyüşdürmək, qorxanların başına su töküb qorxuluğu almaq, olmadığı halda belə bir gün üçün bayram namazı qılmaq, evdən pul verməmək, ələk verməmək, borca un verməmək, evdən kibrit, neft məhsulu verməmək, ağartı məhsulu verməmək, çörək verməmək, gec yatmaq, həmin gün alış-veriş etməmək, işə getməmək və s.
Sadalananlar dini dəyərlərimiz ilə üst-üstə düşməməklə bərabər, hər il bunlara yeniləri də əlavə olunmaqdadır. Bayramın adına qara demək, xüsusilə də Ramazan bayramı kimi ən mübarək günlərə bu adla xitab etmək heç bir şəkildə dini izahı olmayan, qəbuledilməz hallardandır. Əlbəttə, hər bayramda o il ərzində dünyasını dəyişmiş kimsələrin ailələri ziyarət edilə bilər. Ancaq dinimizin sevinclə ifadə etdiyi günü kədərli ifadə ilə səsləndirmək o günün sahibi olan Allah-Təalanı incitmək olacaqdır. Bayramlarımıza bu adın verilməsi dinimizə qarşı qurulmuş məqsədyönlü ifadədən başqa bir şey deyildir.
Bu bayramlarda şəhidlərimizi şəhadətin əsaslarına uyğun olaraq anmaq kimi bir vəzifəmiz də var. Allah-Təalanın şəhidlərimizə verdiyi dəyəri biz nə artıra, nə də azalda bilərik. Dini və milli dəyərlərimizin, el-oba adətlərimizin əksinə, şəhidlərimiz üçün tort kəsmək, toy mərasimi qurmaq, musiqili məclislər tərtib etmək, səhnəyə qoyulan şəkil, heykəl kimi şəhidimizi narahat edəcək həddi aşan hallar da gözdən qaçmamalıdır.
Şəhid yaxınlarımızı təskin etmək yerinə onların hisslərini yanlış istiqamətə yönləndirməklə yaxşılıq etmiş sayılmarıq. Əksinə, el-obamızın mətanətli şəxslərini zəif göstərmiş, eynilə də şəhidlərimizə qarşı vicdani borcumuzu yerinə yetirməmiş olarıq. Halbuki biz onların xalqa əmanət etdiyi doğmalarının əhvalının yaxşı olmasına zəmin hazırlamalıyıq. Allah xalqımızı doğru istiqamətdən ayırmasın! Amin!
ŞƏRHLƏR