QURANİ-KƏRİMDƏ SEHR

QURANİ-KƏRİMDƏ SEHR

Bu bir həqiqətdir ki, həyatda baş verən qeyri-adi hadisələri insanlar dinlə yan-yana gətirməyə meyillidirlər. Bunların başında cadu və sehrlə bağlı düşüncələr gəlir. Din ilə cadu arasında bir çox fərqlər var, bunların ən önəmlisi dinin hər şeyə gücü çatan bir varlığa, cadunun isə təbiətdəki gücə yönəlməsidir. Caduya ilahi don geyindirmək təmayülünün, bəlkə də, ən əsas səbəblərindən biri peyğəmbərlərin Allah tərəfindən göndərildiklərini insanlara sübut etmək üçün möcüzələr göstərməsidir. Peyğəmbərlərdən kimisi əsasını ilana çevirib, kimisi palçıqdan quş düzəldib uçurub, kimisi heyvanların, təbiətin dilini bilib və onları idarə edib. Elə buna görədir ki, Qurani-Kərimin bir çox ayəsində də qeyd edildiyi kimi, Allahı inkar edənlərin peyğəmbərlərə atdıqları böhtanların başında məhz sehrbazlıq gəlir. Odur ki, bəzi insanlar müəyyən bacarıq və ya texnoloji vasitələrlə göstərilən qeyri-adi hadisələrin, fala baxmaq, kitab açdırmaq, karta baxmaq, cadugərlik kimi işlərin mənbəyini dində axtarırlar. Bəs həqiqətən dində bunlar varmı? Dinin bu hadisələrə münasibəti necədir?

“Səbəbi və mənbəyi bilinməyən iş, cadu, gözbağlayıcılıq” kimi mənalara gələn “sehr” sözü, kəlmə mənasından da anlaşıldığı kimi, həm sehrbazların hoqqabazlıqlarını, həm də falçıların, cadugərlərin etdikləri əməlləri ifadə edir. Amma bununla bərabər, sehrbazlıqla cadugərlik arasında fərqlilik vardır. Belə ki, sehrbaz sürətli əl hərəkəti və ya xüsusi əşyalar vasitəsi ilə həqiqi olmayan bir şeyi həqiqət kimi göstərir. Onların  adi kağızı pula çevirdiklərinə, papağın boş olduğunu göstərdikdən sonra içindən dovşan çıxartdığına  şahid olmuşuq.  Falçı  isə müəyyən qüvvələrin yardımını təmin etmək üçün müxtəlif metodlarla sözlər, yazılar, saç, qurd yağı və s. kimi vasitələrdən istifadə edəndir.

Qurani-Kərimdə sehrlə bağlı Bəqərə surəsinin 102-ci ayəsində belə buyurulmaqdadır:

“Onlar Süleymanın hökmranlığına dair şeytanların oxuduqlarına uydular. Süleyman isə kafir olmadı. Lakin şeytanlar cadunu və Babildə Harut və Marut adlı iki mələyə nazil olanı insanlara öyrədərək kafir oldular. Halbuki (o iki mələk): “Biz sadəcə imtahan vəsiləsiyik. Ona görə də kafir olma!” - deməmiş heç kimə (cadu) öyrətmirdi. Beləcə, ər-arvad arasını vuran əməlləri onlardan öyrənirdilər. Ancaq onlar Allahın izni olmadan onunla heç kəsə zərər verə bilməzlər. Onlar özlərinə faydası olmayıb zərər verən şeyləri öyrənirdilər. Onu (cadunu) satın alanların axirətdə bir payı olmadığını da bilirdilər. Kaş özlərini nə qədər pis bir şeyə satdıqlarını biləydilər!”

   Yuxarıdakı ayəni diqqətlə oxuduğumuzda həm sehrin olub-olmaması, həm də onunla məşğul olmağın hökmü ilə əlaqəli məlumatlarla qarşılaşırıq. Bütün bunları aşağıda maddələr halında belə xülasə etmək olar:

  1. Ayədə buyurulan, bəzi alimlərə görə iki mələk, bəzi alimlərə görə də iki məlik olan Harut və Marut tərəfindən insanlara öyrədilməsi sehr və ya cadunun mövcudluğundan xəbər verir.
  2. Harut və Marut insanlara bu sehri niyə öyrətdi? Bu gün də insanlar onu öz mənfəətləri uğrunda şər əməllərinə alət edirlər kimi fikirlər ağıla gələ bilər. Bunun cavabını bəzi təfsir alimləri belə açıqlayır: Birincisi, Harut və Marut bu elmi insanlara öyrətmədən öncə də Babildə bu elm yayğın idi. O zaman sehrin Harut və Marut tərəfindən insanlara öyrədilməsindəki məqsəd insanların özlərini tilsim, cadu əməllərindən qoruya bilmələri idi. Əlbəttə, insanlar onlara edilən cadudan özlərini müdafiə etmək üçün cadunun mahiyyətini öyrənməli idilər ki, o tilsimə qarşı özlərini qoruya bilsinlər, cadunu aça bilsinlər. Amma bu elə bir məqamdır ki, insanlar özlərini qorumaq əvəzinə bu elmdən insanların zərəri istiqamətində (ər-arvadın arasını ayırmaq kimi) istifadə edə bilərdilər. Buna görə də Harut və Marut sehri öyrətdikləri kəsə belə xəbərdarlıq edirdi: “Biz sadəcə imtahan vəsiləsiyik. Ona görə də kafir olma!”. Odur ki:
  3. Ayədə sehr/cadu edərək insanlara zərər verənlərin kafir olduqları bildirilir. Bütün bunlarla birlikdə, unudulmamalıdır ki:
  4. Sehr və ya cadu ilə istənilən adama xeyir və ya zərər verilə bilməz. Çünki Allah-Təala bu barədə belə buyurur: “Allahın izni olmadan onunla heç kəsə zərər verə bilməzlər”.

Müəyyən insanlar var ki, onlar xoşbəxtliklərini falçılarda axtarırlar. Onlar oğul və ya qız evləndirmək, işdə uğur qazanmaq, hətta kiminsə bədbəxtçiliyini istəmək, zərər vermək məqsədi ilə falçılara müraciət edirlər. Çox təəssüf ki, bu kimi hadisələr adətən qonşular və ya qohumlar arasında baş verir.

Bütün bu halların baş verməsi insanların imanlarının olmaması, yaxud zəif olmasından irəli gəlir. Onlar elə güman edirlər ki, falçılara gedib cadu etdirərək xoşbəxt olacaqlar. Halbuki xeyrin də, şərin də xaliqi Allahdır. Belə insanların qəza və qədərə imanları tam olsaydı, bu kimi xoş olmayan əməllərə əl atmazdılar.

PAYLAŞ:                

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz