QAN YADDAŞI
Tarix demək yaxşı-pis demədən hər bir xalqı var edən mühüm hadisələri qeyd etmək və onlara qiymət biçərək lazımi şəkildə nəticə çıxartmaqdır. Və tarix təkcə yazılı mətnlər deyil, yeri gələndə torpağın bağrında yatan abidələr, yeri gələndə qan yaddaşımızı titrədən, silkələyən hadisələrdir. Sevincli-hüznlü, qalib-məğlub, parlaq-qaranlıq demədən hər bir hadisəyə tərəfsiz yanaşma cəhdindən daha çox bütün bu hadisələrə milli-mənəvi pəncərədən baxaraq dəyər vermək xalqın gələcəyi naminə atacağı addımlar üçün yön göstərici, yol təyin edici olur.
Hər ilin mart ayının sonunda gözlərimiz ayrı cür nəmlənir, könlümüz ayrı cür hüznlənir. Kütləvi media vasitələrinin indiki qədər güclü və yayğın olmadığı, səsimizin sərhədlərimizdən kənara çıxmayıb elə öz içimizdə əks-səda verdiyi, çarlıq boyunduruğu daxilində İslam aləmindən təcrid olunaraq siyasi blokada şəraitində yaşadığımız bir dövrdə məruz qaldığımız soyqırımı və təmizləmə (!) siyasəti etnik mənşə fərqi qoymadan on mindən çox insanımızın və xalqın öndərləri sayılan ağsaqqal və ziyalılarımızın itkisi ilə nəticələnmişdi. Bəli, tarix kədər və zəfərlə anılan günlərin unudulmaması və düzgün qiymətləndirilməsidir, dedik. İki ay sonra tariximizin ən şanlı günlərindən biri olaraq müstəqilliyimizi əldə edəcəyimiz 1918-ci ilin 30 mart-3 aprel tarixləri arasında Bakı və ətraf bölgələri başda olmaqla Şamaxı, Göyçay, Kürdəmir, Quba, Xaçmaz, Lənkəran, Zəngəzur, Qarabağ və Naxçıvanda erməni silahlı dəstələrinin törətdikləri etnik qırğın cinayəti tarixin bu parlaq səhifəsinin baş tərəfinə düşmüş nəhəng qara ləkə kimi əsla yaddaşlardan və o cinayəti törədən məkrli sifətlərdən silinməyəcəkdir. Və bu da çox acı bir həqiqətdir ki, kütləvi soyqırım bu məqsədlə atılan ilk addım deyildi. Hələ 1905-1907-ci illərdə Bakı, Naxçıvan və Zəngəzur başda olmaqla bölgələrimizdə ermənilər tərəfindən minlərlə azərbaycanlı amansızcasına qətlə yetirilmişdi. O tarixdən 1918-ci ilə qədər də İrəvan qəzasında yüzdən çox kənd dağıdılmış, yerli sakinlər qətllərə və məcburi köçə məruz qalmışdı.
Həmin illərdə baş verən iğtişaşlar 1918-ci il soyqırımının hazırlıq çalışmaları və ayaq səsləri idi. Hansı ki, hələ I Pyotr dövründən etibarən Rusiyanın nəzarəti və təsiri altına düşən torpaqlarımızda gücümüzü və iqtidarımızı həmişəlik əlimizdən almaq, etnik tarazlığı pozmaq məqsədi ilə siyasi müdaxilə edilmiş və bölgəyə kütləvi şəkildə erməni ailələri köçürülərək məskunlaşdırılmağa başlanmışdı. Və bu, təkcə I Pyotrun Cənubi Qafqaz siyasətinin icrası deyildi; bu, öz mülkümüzdə, öz torpağımızda söz sahibi ola bilməməyimizin və hadisələrin gedişatına mane ola bilməməyimizin acı nəticəsi idi.
İstər Rusiya çarlığının bayrağı altında, istərsə də bolşevik bayrağı altında davam etdirilən uydurma “Böyük Ermənistan” xülyası, çox təəssüf ki, böyük xarici dəstək hesabına addım-addım planlanmış, yüz minlərlə insanımızın qanı bahasına həyata keçirilməyə çalışılmışdı. Tarixin həmin səhifələrində biz çarəsiz, təsirsiz, öz yurdumuzda müqtədir olmaqdan məhrum bir halda parçalanmış, zəiflədilmişdik. Nə güclü ordumuz vardı ki xalqımızı qorusun, nə də güclü bir siyasi iradəyə sahib idik ki dünyanı silkələyib bu gedişata dur deyə bilsin.
Bunun həqiqətini biz 1918-ci ildə, öz müstəqilliyimizə qovuşduğumuz zaman anladıq, nə itirmişik, nəyimiz qalıb. Müstəqilliyin həqiqi meyvəsini isə 2020-ci ildə parlaq bir zəfərlə yenidən öz tarixi torpaqlarımıza qovuşduğumuz zaman dərdik və həzzini, fəxrini, haqlı qürurunu hiss etdik.
Bu tarixi qələbənin əldə edilməsində ordumuzun silah təchizatı ilə yanaşı, ölkə insanımızın ideoloji hazırlığı da böyük əhəmiyyət daşımışdır. Belə ki, 1991-ci ildə müstəqilliyimizin bərpasından etibarən yenidən müzakirəyə açılan tarixi həqiqətlər, xüsusilə də Ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə görülən işlər – 31 martın soyqırımı kimi qəbul edilməsinə dair imzaladığı fərman və bunun dünya səviyyəsində təbliği bu sahədə böyük işlər görülməsinə və tarixi şüurun yenidən formalaşmasına xidmət edirdi. Bu uğurlu siyasətin davamı olaraq möhtərəm Prezidentimiz İlham Əliyevin rəhbərliyi altında 2013-cü ildə Quba Soyqırımı Memorial Kompleksinin açılması, həmçinin 2018-ci ildə soyqırımının 100 illiyi ilə bağlı sərəncamla bir sıra tədbirlərin həyata keçirilməsi də ölkəmizin artıq tarixi köklərinə sədaqətlə bağlı stabil bir siyasi xətt üzrə müvəffəqiyyətə doğru addımlamasının xəbərçisi idi.
Bəli, düşmənini nə qədər yaxşı tanısan, zəfər qazanma ehtimalın o qədər böyük olar. Keçmişindən dərs götürməyən millət gələcək müqəddəratında söz sahibi ola bilməz. Odur ki, Allahın izni ilə nail olduğumuz böyük qələbə bizi arxayınçılığa və zəfər sərxoşluğuna sövq etməməlidir. Acı da olsa, ağrılı da olsa, qan yaddaşımızın hopduğu tarixin hər bir səhifəsini hər il yenidən vərəqləməyə və təkrarlamağa davam etməliyik. Etməliyik ki, tarix bizim üçün zəfər səhifələri ilə təkərrür etsin.
ŞƏRHLƏR