MƏHƏBBƏT NƏZƏRİ İLƏ YETİŞƏNLƏR
Uca Allah (c.c) Qurani-Kərimdə belə buyurur: “Ya Peyğəmbər! Həqiqətən, biz səni (ümmətinə) bir şahid, müjdəçi və qorxudan kimi göndərdik. Həm də Allahın (c.c) izni ilə Rəbbinə tərəf çağıran dəvətçi və nurlu bir çıraq olaraq göndərdik”. (əl-Əhzab, 45-46)
Aləmlərin Rəbbi olan Allaha şükürlər və həmd-sənalar, onun rəsulu Hz. Muhammədə salətu-salam olsun.
Ayeyi-kərimənin məna iqliminə könül vermiş hər bir ruh sahibinə aydındır ki, fani dünya səhnəsinə yenilməz bir irfan günəşi kimi doğan Allah Rəsulunun (s.ə.s) bu aləmin məşəqqətlərinə fədakarlıqla qatlanaraq Adəm övladlarını əbədi qurtuluşa dəvəti Rəbbimizin qullarına olan sayğı və məhəbbətinin əmsalsız təzahürüdür. Rəsulullahın (s.ə.s) məhəbbət ziyası ilə şərəflənən qəlblərin və ilahi xəlqetmə sənətinin rəngarəngliyinə şahidlik edən bütün varlıqların Ona (s.ə.s) qarşı duyduqları sevgi dolu yaxınlığın, hörmət və ehtiramın ülvi həqiqəti insan övladının mərifətullaha və məhəbbətullaha olan tükənməz eşqini bəsləyən bir məna xəzinəsidir. Ümmətini əzmkarlıqla Haqqa dəvət çalışmalarında Rəbbi ilə ecazkar bir yaxınlıq rabitəsi quran Rəsulullahın (s.ə.s) hər bir əməli kimi duaları da qəlb aləmini ilahi mərhəmət və hidayət nurlarının parlayacağı bir mərkəz halına gətirmə təlimatını təbliğ edən qulluq nümunəsidir. Rəsulullah (s.ə.s) buyururdu: “Allahım! Sənin qatından elə bir rəhmət istəyirəm ki, onunla qəlbimə yol göstərəsən, işimi düzgün bir biçimdə toplayıb bir araya gətirəsən, dağınıqlıqlarımı düzəldəsən və mənim iç dünyamı islah edəsən”. (Tirmizi, Dəavat, 30)
Bu istiqamətdə səhabələrini mükəmməl bir məhəbbət nəzəri ilə tərbiyə edən Rəsulullahın (s.ə.s) Uhud şəhidliyini ziyarət edərkən şəhid qardaşlarının Allah (c.c) uğrunda əbədiyyətə səmimi bir iman mərifəti ilə köçmələrini elan etməsi Allah və Rəsuluna olan sədaqətin zirvəsini təşkil edirdi. Orada Rəsulullah: “Onların (yəni Uhud şəhidlərinin səmimi) iman və sədaqətlərinə şəhadət edirəm”, - deyə buyurur. Buna müqabil Hz. Əbu Bəkr: “Ey Allahın Rəsulu! Biz onların qardaşları deyilikmi? Onlar necə müsəlman oldularsa, biz də elə müsəlman olduq. Onlar cihad etdiyi kimi biz də cihad etdik”, - deyir. Rəsulullah belə cavab verir: “Bəli (söylədiyiniz doğrudur). Ancaq məndən sonra hansı bidətləri çıxaracağınızı bilmirəm”. Rəsulullahdan ayrılığa bir an belə tab gətirə bilməyən Hz. Əbu Bəkr uzun-uzadı ağlayıb bunları söyləyir: “Yəni biz səndən sonra da yaşayacağıq, ya Rəsulallah?”. Əbu Bəkr həzrətləri dərin bir fərasətlə Rəsulullahın (s.ə.s) qulluq mirasını onun vəfatından sonra daşıma fədakarlığının məşəqqətli bir iş olacağının fərqində olan bir insan idi. Lakin Allah və Rəsulunun misilsiz sevgisi Əbu Bəkri elə əhatələmiş, elə qovurmuş, elə bişirmiş və elə yetişdirmişdi ki, bəşər tarixində tayı-bərabəri olmayan səadət dövrü Əbu Bəkrin xəlifəlik zamanında da nəhəng əziyyətlər bahasına öz bütövlüyünü qoruya bilmişdi.
Böyük imtahan ələyindən keçəcək ümmətinin qəlblərində iman, irfan, məhəbbət və mərhəmət günəşinin daima parlaması naminə hər anı, hər fürsəti dəyərləndirən Allah Rəsulunun (s.ə.s) hər bir nəsihəti ümməti çətinliklər qarşısında qulluq səfərbərliyinə yönəltməkdədir. Abdullah ibn Abbas anladır: Bir gün mən Rəsulullahın (s.ə.s) ardında onu təqib edirdim. Birdən mənə sarı döndü və dedi: “Ey Allahın qulu! Allaha can-könüldən, məhəbbətlə sarıl, Onu buraxma. Bu qeyrəti içində daşıdığın müddət ərzində Allah səni (hər cürə bəla və təhlükələrdən) əsirgəyər. Bu duyğunu daşıdığın müddətdə Allahı özünə çox yaxın hiss edərsən. Bir şey istəyəcək olsan, Ondan istə. Yazılan (qədər) yazılmış və qələm də qurumuşdur. Olacaq şeylər olacaqdır. Xeyrin çoxu səbirdədir. Daima yaxşılıq et və dürüst çalış. Hər sıxıntının sonunda bir fərəhlik vardır”.
Rəsulullahın (s.ə.s) məhəbbət ziyası ilə yetişərək ilahi əzəmət qarşısında heçlik ədəbinə bürünən təslimkar qəlblərin davranış əxlaqını məharətlə canlandıran Sədi Şirazi həzrətləri belə buyurur:
“Ey insan! Uca Allah səni torpaqdan yaratdı. Sən də torpaq kimi təslimkar və sadə könüllü ol. Sənə qürrələnmək yaraşmaz. Özünü təslimkar tut, baş qaldırma, hirsə qapılma, dünyanı yandırma. Madam ki Allah səni torpaqdan yaratmışdır, atəşə bənzəmə. Bu məsələdə bir örnəyi yadda saxlamanı istərdim. Buluddan dənizə bir damla düşdü. Damla dənizin genişliyini görəndə utandı və heç bir qiymətinin olmadığını sandı. Dənizin olduğu yerdə mənim varlığımın yeri yoxdur dedi. Özünü yoxluğa bürüyüncə ilahi məhəbbət cazibəsinə tuş gələn damlanı bir sədəf uddu və o, suya qarışıb tələf olmadı. Sədəf onu bağrına basaraq məhəbbətlə elə bəslədi ki, damla padşahların taclarına layiq bir inciyə çevrildi. Damla yoxluq həssasiyyəti sayəsində böyük bir dəyər qazandı. Yoxluq qapısını çaldığı üçün varlığa qovuşdu”.
ŞƏRHLƏR