İSLAM VƏ AİLƏ

İSLAM VƏ AİLƏ

Məqsədi sağlam bir cəmiyyət qurmaq olan İslam dini ailəyə çox böyük əhəmiyyət vermişdir. Çünki ailə cəmiyyətin təməli, özül daşıdır. Cəmiyyət ailələrdən meydana gəlir. Ailə sağlam olarsa, cəmiyyət də sağlam olar. Ailə qurmağın yolu düzgün bir evlilikdən keçir. Elə isə sağlam ailə üçün əvvəla evlilik mərhələsində bəzi xüsuslara diqqət yetirmək lazımdır.

Rum surəsinin 21-ci ayəsində Allah-Təala belə buyurur: “Ünsiyyət edəsiniz deyə sizin üçün özünüzdən (öz cinsinizdən) zövcələr xəlq edib aranızda sevgi və mərhəmət yaratması da Onun (varlığının) dəlillərindəndir. Şübhəsiz ki, bunda düşünənlər üçün ibrətlər vardır”.

İslamda ailə quruluşu müqəddəs sayılır və bu müqəddəsliyini də ən uca dəyər qaynağı olan Quran və səhih sünnədən alır. Nəhl surəsinin 72-ci ayəsində: Allah sizin üçün özünüzdən (insan cinsindən) zövcələr yaratdı, zövcələrinizdən sizin üçün oğullar və nəvələr yaratdı. Təmiz qidalardan da sizə ruzi verdi. Belə olan halda onlar hələ də Allahın nemətini inkar edib batiləmi inanırlar?” - deyə buyuran Rəbbimiz evlilik və ailə mövzusunun əhəmiyyətinə - bunun ilahi nemət olduğuna diqqət çəkmişdir. Peyğəmbərimiz (s.ə.s) isə həm özü evlənmiş, həm də evliliyi bu mübarək sözləri ilə təşviq etmişdir: "Evlənməyə gücü çatdığı halda evlənməyən məndən (mənim ümmətimdən) deyildir”. (Beyhəqi, Şuabul-iman, H.No: 5067, Təbərani, Mucəmul-əvsat, 989, Mucəmul-kəbir, H.No: 18394, Əbu Davud, Mərasil-məal əsanid, H.No: 202).

Dinimiz İslamda evlilik təsadüfi və keyfi məqsədlərdən uzaq olan ciddi bir addımdır. Evlilik şüurlu bir davranışdır və məsuliyyət tələb edir. Bu səbəblə özünə, Rəbbinə və ətrafına qarşı hələ məsuliyyət şüurunda olmayan yaşdakıların evliliyə məcbur edilməsinin dini və elmi heç bir məşruluğu, heç bir əsası yoxdur.

İslama görə ailənin təməli nikah dediyimiz müqəddəs bir bağla bir-birinə bağlanan ayrı cinsdən iki insanın bir araya gəlməsi ilə qurulur. Nikah əqdi” cəmiyyətin nüvəsi sayılan bu kiçik yuvanın qanuni/məşru sayılmasının ilk şərtidir. Məşru olmayan yollarla bir araya gələn insanların meydana gətirdiyi bərabərliklər ailə sayılmaz. Çünki bu bərabərliyin təməlində nikah deyil, sifah (iffətsizlik) vardır. Buna görə də İslam dini iffətsizlik sayılan zina, fahişəlik və bunlar kimi hər cür qeyri-qanuni/məşru olmayan əlaqəni, bərabərlikləri haram saymış və şiddətlə qadağan etmişdir.

Evlənərək ailə qurmaq hər şeydən əvvəl yaradılışımıza uyğun bir tələbatdır. Haqq-Təala "İçinizdəki subayları ... evləndirin!” (ən-Nur, 32) buyruğu ilə qadın və kişi üçün nikahı təşviq edərkən, başda yaxınları olmaqla, bütün bir cəmiyyətə də evlənmə çağına gələnlərə dəstək olmalarını tövsiyə etmiş, bu xüsusda yardımlaşmanın əhəmiyyətinə diqqət çəkmişdir.

Dinimiz sağlam evliliyə və xoşbəxt ailə qurulmasına böyük əhəmiyyət verir. Peyğəmbərimiz (s.ə.s) nikaha dərin məna, uca bir ruh və dəyər qazandırmışdır. Çünki inancımızda nikah ağır bir misaq (əhd)dir və vəbalı böyük olan, məsuliyyətli bir müqavilədir.

Nikah uca Allahın adını şahid tutaraq tərəflərin bir ömrü paylaşmaq üçün bir-birilərinə verdikləri sözdür. Nikah qadın və kişinin könül razılığı və azad iradələri ilə bərabər şəkildə yükləndikləri əxlaqi və hüquqi bir məsuliyyətdir.

Mədəniyyətimizdə, adət-ənənəmizdə və inancımızda evlilik təkcə iki insanı eyni damın altında birləşdirmək deyildir. Əksinə, evlilik cəmiyyəti və nəsilləri qorumaq məqsədi ilə atılan sağlam bir təməldir.

İslamın üzərində duraraq qurmağa çalışdığı ailə sevgi və hörmətlə, şəfqət və mərhəmətlə, qayğı və həssasiyyətlə həyatı paylaşmaqdır. Çünki arzu olunan ailə olmaq dünyanın müxtəlif məşəqqətlərinə birlikdə sinə gərmək, sevinci və kədəri, varlığı və yoxluğu birlikdə yaşamaq və bölüşməkdir.

İslamın hər bir incəliyinə böyük əhəmiyyət verərək qurmağa çalışdığı ailə yuvası məhz bu qədər dəyərli, ülvi və müqəddəsdir.

PAYLAŞ:                

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz