İSLAMDA QADIN

İSLAMDA QADIN

Dinimiz qadın hüquqları üzərində xüsusilə dayanmış və qadına heç bir nizam və sistemin vermədiyi dərəcədə müstəsna bir dəyər vermişdir.

İslamın qadına verdiyi qiyməti daha yaxşı başa düşmək üçün İslamdan əvvəlki vaxtlarda qadının vəziyyətinə nəzər salmaq kifayətdir. Bəli, İslamiyyətdən əvvəl qadının ictimai vəziyyəti çox ağır idi. Yalnız ərəblərdə deyil, bir çox millətlərdə də qadının vəziyyəti acınacaqlı idi. İstər Asiyadakı, istərsə də Avropadakı qadın öz hüquqlarından məhrum idi. Qadın əşya kimi alınıb satılırdı. Evdə xidmətçi mövqeyində idi. Qadın o dövrdə kişinin şəhvətinə məhkum olan bir əsirdən ibarət idi. Məsələn, o günün ağası sayılan Bizansda qadının vəziyyəti belə idi: Qadın kişinin malı hesab olunurdu, onun üzərində külli-ixtiyar sahibi idi. Qadının həyatı və ölümü ərinin əlində idi. Onunla kölə kimi rəftar olunurdu. Qadın əvvəlcə atasının, evləndikdən sonra ərinin, əri öldükdən sonra da oğlunun “əsiri” idi.

Nəhayət, Uca Allah İslamı göndərdi. İslam qadına haqq və hüquq verdi. Qadına qiymət verdi. İslam Peyğəmbəri: “Cənnət anaların ayaqları altındadır” (Əhmər, Nəsəi, İbn Macə, 1078) buyuraraq qadına ən böyük qiyməti verdi. Anaya verilən qiymət qadına verilən qiymətdir. Çünki ana da eyni zamanda bir qadındır. 

Müqəddəs kitabımız Qurani-Kərimdə "kişilər" adlı surə olmadığı halda "Nisa", yəni "qadınlar" surəsi var. Allah qadını o qədər şərəfli bilib ki, onun adına surə də endirib. Qurani-Kərimdə uca Allah Həzrət İsadan bəhs edərkən sadəcə İsa yox, Məryəm oğlu İsa deyə buyurur. İslam qadına hər zaman ehtiramla yanaşır və böyük dəyər verir. Hətta cahiliyyə dövründə (İslamdan öncə) ərəblər qız övladlarından utanar və soyumuzu korlayır deyib diri-diri torpağa basdırardılar. İslam gəldi və VII əsrdə yazılı şəkildə kişilər kimi qadınların da müəyyən haqlara sahib olduqlarını bəyan etdi.

Qurani-Kərimdə Uca Allah buyurur: “(Kişilərin qadınlar) üzərində hüquqları olduğu kimi, (qadınların da) onlar (kişilər) üzərində hüquqları var...”  (əl-Bəqərə, 228)

İslam qadına miras haqqı tanıdı. O vaxta qədər qadınların miras hüququ yox idi. Məsələn, əgər ata dünyasını dəyişirdisə, mirasdan qızına heç bir pay düşmürdü. Bu haqqı da qadına İslam verdi. Bununla dinimiz qadınları yalnız mənəvi cəhətdən deyil, eyni zamanda sosial-iqtisadi tərəfdən də dəstəklədi. Çünki həyatda ayaqüstə durmaq, mübarizə aparmaq üçün sosial təminat mühüm faktordur. İslam qadına oxumaq, oxutmaq hüququ verdi. Hz. Aişə (r.anhə) anamız dövrünün ən böyük müəllimlərindən, alimlərindən oldu.

 Başqa bir ayədə Allah-Təala belə buyurur: “Onlarla (qadınlarınızla) gözəl rəftar edin”. (ən-Nisa, 19) Allah Rəsulu (s.ə.s) isə belə buyurur: “Kişinin ən xeyirlisi, qadına qarşı ən yaxşı davranandır”. (Buxari, Nikah 43)

İslamın qadına verdiyi bu qədər qiymət və hörməti kiçik görən bugünkü Qərb aləmi qadınlara daha çox azadlıq və haqq verdiyini söyləyir. Onlar iddia edir ki, qadınlara verdikləri hüquqlar daha mütərəqqidir və bu azadlıq onlara verilən ən böyük qiymətdir. Məgər insanın ürəyindən keçən hər şeyi etməsi azadlıqdırmı? Xeyr, əslində bu, köləlikdir. Hər istədiyini etmək, nəfsin hər arzusunu həyata keçirmək azadlıq deyil, nəfsə qul olmaqdır.

 Bu gün Qərb aləmində bir şəxs öz ayaqqabılarını təmizləmək üçün əskidən istifadə etdiyi kimi, heç bir maneə olmadan qadından da istifadə edir. Məgər bu, köləlik deyilmi? Məgər bu, qadını aşağılamaq, ona əşya kimi baxmaq deyilmi? Qadın satış əşyalarının ən yayğın reklam obyektinə çevrilib. Yeni model avtomobili nümayiş etdirmək üçün mütləq ona yarımçılpaq qadın əyləşdirmək qadın azadlığıdırmı?  Xeyr, bu, qadın azadlığı deyil, əksinə, qadının köləliyi və cəmiyyətdə onun əyləncə vasitəsinə çevrilməsidir. Bunun nəticəsidir ki, Qərb aləmində özlərinin bu cür alçalmasını dərk edən qadınların bir çoxu İslama üz tutaraq həqiqi mənada özlərinə dəyər verilməsini burada tapırlar. Çünki İslam qadına tərəf uzanan çirkin əlləri tamamilə kəsir. Onu elə bir varlığa çevirir ki, onunla hər adam  görüşə bilməz. Onunla ərindən və məhrəmlərindən savayı heç kəs zarafatlaşa bilməz. Onunla ünsiyyət qurmaq böyük məsuliyyət tələb edir. Onun zahiri görünüşü insanda qeyrət hissini artırır, geyimi mənfi fikirlərin oyanmasına mane olur.

Nəticə olaraq bunları deyə bilərik ki, İslamın qadına verdiyi qiymət heç bir inanc sistemində yoxdur. Çünki İslam qadını əmanət olaraq görür. Necə ki, Rəsulullah (s.ə.s) buyurur: “Ey insanlar, qadınların haqlarına riayət edin! Onlarla şəfqət və sevgi ilə rəftar edin! Onlar haqqında Allahdan qorxmanızı tövsiyə edirəm. Siz qadınları Allahın əmanəti olaraq aldınız”. (Müslim, Birr, 78) Əmanətə isə xəyanət etmək olmaz.

PAYLAŞ:                

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz