BİR HƏDİS
عَنْ تَمِيمٍ الدَّارِيِّ أَنَّ النَّبِيَّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ: الدِّينُ النَّصِيحَةُ، قُلْنَا: لِمَنْ؟ قَالَ: لِلهِ وَلِكِتَابِهِ وَلِرَسُولِهِ وَلِأَئِمَّةِ الْمُسْلِمِينَ وَعَامَّتِهِمْ
Təmim əd-Daridən (r.a) rəvayət olunduğuna görə, Rəsulullah (s.ə.s) buyurdu: “Din nəsihətdir!” Səhabələr: "Kimin üçün nəsihətdir, ya Rəsulallah?" – deyə soruşduqda Allah Rəsulu belə buyurdu: “Allah, kitabı, Rəsulu, möminlərin idarəçiləri və bütün müsəlmanlar üçün nəsihətdir”. (Buxari, İman, 42)
Dinin Allah üçün nəsihət olması hər şeydən əvvəl Allaha səmimiyyətlə iman etmək deməkdir. Təbii ki, Allaha iman sadəcə: "İnandım" deməklə gerçəkləşməz. Bununla bağlı Qurani-Kərimdə Uca Allah belə buyurur: “İnsanlar yalnız: “İman gətirdik!” – demələri ilə onlardan əl çəkilib imtahan olunmayacaqlarınımı sanırlar?” (əl-Ənkəbut 29/2) Beləliklə, dinin Allah üçün nəsihət olmasının ilk pilləsi Allaha imandır; Ona şərik qoşmamaq, Ona qulluq və ibadətdə ixlaslı olmaq, Ona üsyandan qətiyyətlə çəkinmək, Allah üçün sevmək, Allah üçün qəzəblənməkdir. Bütün bunlar Allaha imanın əsası, dinin Allah barəsində nəsihət olması və hər bir möminin imanında səmimiyyətinin təzahürüdür.
Hər bir müsəlman bütün səmavi kitabların Allahdan nazil olduğuna, Quranın o kitabların sonuncusu və onların şahidi olduğuna inanır. Quran oxunarkən ona hörmətlə qulaq asmaq, təcvidinə və ədəbinə riayət edərək, hərflərin haqqını verərək xüşu içində oxumaq və ondan bacardığımız qədər əzbərləmək Qurana qarşı səmimi olmağın göstəricisidir.
İslam dini Allah tərəfindən insanlığa göndərilən son din, Quran son kitab olduğu kimi, Rəsuli-Əkrəm (s.ə.s) də son peyğəmbərdir. Rəsulullahın (s.ə.s) Allahın elçisi olduğunu qəlb ilə təsdiq, dil ilə iqrar etmək, Allah elçisinin Quran və səhih sünnə ilə bildirdiklərinə iman etmək lazımdır. “Ya Muhamməd! De ki; Allahı sevirsinizsə, mənə uyun, Allah da sizi sevsin və günahlarınızı bağışlasın” - (Ali-İmran 3/31) dəlilinə əsaslanaraq, onu sevib itaət etməyi Allahı sevib itaət etmək kimi qəbul etmək, Rəsulullahın (s.ə.s) əhli-beytini və əshabını sevmək, Həzrət Peyğəmbərin (s.ə.s) sünnəsini ehya edib həyata tətbiq etmək, Peyğəmbərin (s.ə.s) əxlaqıyla əxlaqlanmaq hər bir müsəlmanın uyması vacib olan əsaslardandır. Bu sadaladıqlarımız dinin Allah Rəsulu adına nəsihət olmasının ifadəsidir.
Haqq yolda olduqları müddətdə idarəçilərə kömək etmək, haqdan ayrılmamaları xüsusunda onları xəbərdar etmək, etdikləri səhvləri xatırlatmaq, onlara qarşı nəzakətli davranmaq, onlara xeyir-dua etmək, yalançı təriflərlə onları aldatmamaq onlara qarşı səmimiyyətin təzahürüdür. Qurani-Kərimdə: “Ey iman edənlər! Allaha və Rəsuluna və özünüzdən olan əmr sahiblərinə itaət edin” (ən-Nisa, 4/59) ayəsinə əsaslanaraq onlara qarşı vəzifəmizi icra etmək, yaxşı idarəçi olmalarını istəmək dinin onları da əhatə edən nəsihət olmasıdır.
Müsəlmanların bir-birinə haqqı və səbri tövsiyə etmələri və haqq dində səbat edərək ilahi rizaya nail olmaları onların hər biri üçün nəsihət və qurtuluş vəsiləsidir.
ŞƏRHLƏR