HEKAYƏLƏR
Ailəm
Məşhur bir rəssam dünyanın ən gözəl rəsm əsərini çəkmək fikrinə düşür. O, əsərinin mövzusunu tapmaq üçün səyahətə çıxır. Bir meşənin içindən keçərkən nurani bir adamla qarşılaşır. Ona: “Dünyanın ən gözəl şeyi nədir?” — sualını verdikdə: “İmandır”, - cavabını alır. Rəssam yoluna davam edir. Bir kənddə toy məclisinə gəlir. İzdihamın arasından sıyrılaraq gəlinə yaxınlaşır və eyni sualı ona da verir. “Dünyanın ən gözəl şeyi məhəbbətdir”, - cavabını alır. O, yenə yoluna davam edir. Bu dəfə müharibədən qayıdan yorğun bir əsgərlə qarşılaşır. Həmin sualın cavabını ondan da soruşur. Əsgər: “Dünyanın ən gözəl şeyi sülhdür”, - deyir. Aldığı cavabları kifayət hesab edən rəssam evinə qayıtmaq qərarına gəlir. Yol boyu səyahətdə şahidi olduqlarını götür-qoy etməyə başlayır. Eyni suala verilən üç fərqli cavabı əsərində birləşdirmək üçün yollar axtarır. Artıq evinə çatır. Qapıdan içəri girdikdə dünyanın ən gözəl mənzərəsi ilə qarşılaşır. Övladlarının baxışlarında imanı, həyat yoldaşının gözlərində məhəbbəti, evində isə sülhü görür. Bu, rəssamın axtardığı idi. O, arzuladığı əsəri çəkməyə başlayır. Çox keçmədən dünyanın ən gözəl rəsm əsəri hazır olur. Rəssam ona ad da verir: “Ailəm”.
Ümidinizi itirməyin
Padşahın əmriylə iki adam ölüm cəzasına məhkum edilir. Məhkumlardan biri, padşahın atını çox sevdiyini bildiyinə görə, həyatını bağışlaması müqabilində bir il ərzində ata uçmağı öyrədə biləcəyini deyir. Özünü dünyadakı yeganə uçan ata minərkən təsəvvür edən padşah bu təklifi qəbul edir. Digər məhkum bərəlmiş gözlərlə yoldaşına baxaraq deyir:
- Atların uçmadığını məndən yaxşı bilirsən. Belə qəribə fikir hardan ağlına gəldi? Sən sadəcə qaçınılmaz olan edamını bir az gecikdirirsən.
Birinci məhkum belə cavab verir:
- Xeyr, mən özümə dörd azadlıq şansı verirəm: Birincisi, bu il ərzində padşah ölə bilər. İkincisi, mən özüm ölə bilərəm. Üçüncüsü, at da ölə bilər. Və dördüncüsü, bəlkə, ata uçmağı öyrədə bildim!
“Bu həyatda ən kasıb insan malını itirən yox, ümidini itirən insandır”.
ŞƏRHLƏR