SİYASİ İDEOLOGİYA QURBANI QADINLAR
Tarix kitablarında, məqalə və ədəbi mətnlərdə 8 mart ilə bağlı bir mif mövcuddur. Qeyd edilir ki, 1875-ci il martın 8-də Amerika Birləşmiş Ştatlarının Nyu-York şəhərində tikiş fabrikinin işçiləri iş şərtlərinin yaxşılaşdırılması məqsədi ilə tətil edirlər və tətil müddətində polislərlə baş verən qarşıdurmalarda 130-a yaxın işçi qadın öldürülür. Səhnənin önündə izləyici ssenaristin yazdığı, rejissorun qurduğu oyunu görür, pərdənin arxasında baş verənləri tamaşaçı bilmir. Hadisənin baş verib-verməməsi bizim həqiqət axtarışımızda hədəf punktlarımızdan biri deyil. Cavab verilməli ilk sual “hadisə bu tarixin mahiyyətinin mənbəyidirmi” olmalıdır. Ciddi akademik və bədii kitablar, məqalələr oxumaq, məsələ ətrafında dərin təhlil aparılmalı olduğu məlum məsələdir. Yaddaşın heybəsinə tarixin xronologiyasından ziyadə bilginin tarixini atmaq lazımdır. O halda heybəndən çıxanlarla səhnədə göstərilən oyunun həqiqət payının olub-olmadığını anlamaq olar. Beynəlxalq Qadınlar Gününə nəzər yetirəndə təməlində insani tərəflərini özündə ehtiva edən ülvi bir hərəkatı görə bilərsiniz. Qadınlar haqlarını, insani şərtlərə uyğun iş vaxtını tələb ediblər. Fəqət bu, kitabın ilk səhifəsidir; digər səhifələrdə bu hadisənin sadəcə siyasi və ideoloji hədəfə çatmaq üçün bir vasitə olduğunu görərsiniz. İdeoloji müstəvi üzərindən aparılan təbliğat feminizm adı altında insanlar arasında yeni qarşıdurma və bölünmə yaradır. Şərq insanı ona yad kodekslər zənciri olan feminizmə qarşı dözümsüzlük nümayiş etdirib aqressiyaya qapılır. İnsanlar arasında (kişi-qadın) bərabər hüquqluluq ilə feminizm arasında qurulan və qabardılan bağ əslində heç də təbliğat zamanı yazıldığı, danışıldığı kimi deyil.
İnsanlar yaradıldıqları dövrdən günümüzədək məişət, sosial, siyasi və ictimai çərçivədə müəyyən inkişaf mərhələləri keçiblər. İlk dövrlərdə qadınların öhdəsinə daha çox iş düşdüyü üçün onlar dominant idilər, yəni qadının sözü keçir, evi onlar idarə edirdilər. Zaman keçdikcə metal kəşf olunur və ağır işlərdə qadının rolu azalır, kişilərin əməyi çoxalır. Beləliklə, söz sahibliyi qadından kişiyə keçir. Vaxt ötdükcə mədəniyyətlər qurulur, sivilizasiyaların biri digərini əvəz edir, fəqət qadına müsbətə doğru baxış olduqca ləng davam edir, bəzi cəmiyyətlərdə, qruplarda qadınlara insani rəftar göstərilmir. Elmin və mədəniyyətin beşiyi, həmçinin ən yüksək rifah həddini yaşayan antik dövrdən renesansa qədər filosoflar, alimlər və dövlət xadimlərinin qadınlara münasibəti birmənalı olmur. Antik dövr mifologiyasından qaynaqlanaraq insanların düşüncəsində qadın “pis”in qaynağı idi. Məhz antik dörvü sonlandıran Pandoranın qadın olduğu deyilir. Qədim Romada qadınlar və uşaqlar vətəndaş hesab olunmurdu. Platonun “İdeal dövlət” əsərində qadın qul və heyvan arasında bir yerə aid edilir. Qədim və orta əsrlərin gündəlik həyatına dair mətnlərə diqqət yetirsəniz, onların necə də acınacaqlı şərtlər içində yaşadıqlarının bilavasitə şahidi olarsınız. Məşhur Fransa burjua inqilabının maarifçi simalarından biri Jan Jak Russo “Emil və ya tərbiyə haqqında” əsərində oğlan uşağı Emili cəmiyyətdən təcrid edərək onun ideal tərbiyə metodunu, ideal insanını göstərir. Russo əsərə bir müddət sonra Emil üçün Sofi adlı qadın daxil edir. Maarifçilər kimi məşhur olan bir xəttin təmsilçilərindən Russonun qadına baxışı, demək olar ki, özündən min illər əvvəlki adi Roma vətəndaşından fərqlənmir. İngilis yazıçı Meri Volstonkraft “Qadın hüquqlarının tənzimlənməsi” əsərində Russonun fikirlərini təndiq edir və anarxist Vilyam Qoldvinlə evləndiyi üçün fikirləri sürətlə yayılır. Beləliklə, feministlərin söykəndiyi əsas əsərlər ortaya çıxır. XIX əsrdə belə İngiltərədə qadınlar “kirli”, “dəyərsiz” və “alət” kimi təsvir edilir, qadınlara “vasitə” kimi baxılırdı. Evli kişilər qadınlarından boşana bilmədikləri üçün onları bazara aparır və digər kişilərə birdəfəlik satırdılar. Təbii ki, yüksək təbəədən olan qadınlar da var idi, amma onlar üçün də yanaşma yumşaq deyildi. İngiltərədə qadınlar öz adları ilə kitab yaza, nəşr edə bilməzdilər. Feminist mühitin söykəndiyi məşhur yazıçı Vircinya Vulf məhz bu dövrün əziyyətini çəkərək yazdığı əsərləri ilə insanlara təsir edə bilir.
Bu qısa tarixi səhifələmələr bizi gətirib çıxardır səhnənin arxasına və səhnənin arxasında marksizm (sosializm) dayanır. Sosializm hərəkatdır, fikir mübarizəsi aparmır, əksinə, inqilaba sövq edir. Siz qadın hüquq müdafiəçilərinə, feminizmin ilk nümayəndələrinə baxsanız, hər birinin sosialist, marksist olduğunu görərsiniz. Sosialistlər heç nəyə əsaslanmadan qadınlara tamamilə bərabər hüquq vəd edir, onlara mükafatlar, vəzifələr verir. Qərbdə əzilən qadınlardan bir neçəsi marksist düşüncə ilə mübarizəyə başlayır; tətillər edir, küçələrə çıxırlar. Sosialistlər istəklərinə nail olurlar, amma daha sonra gerçəklik ortaya çıxır. Vəd etdikləri xəyali dünyanın (kommuna) absurdluğu özünü büruzə verir. Feminizmin birinci dalğası sosial hüquq və əmək bərabərliyi üzərindən aparılır. Demək olar ki, istəklərinə nail ola bilirlər. İkinci dalğa isə cinsi müstəvidə bərabərlik tələb edir, yəni qadınların kişilərdən aşağı olmadığını müdafiə edir. Hər iki dalğa qəbul ediləndir, çünki tələbləri ağılabatandır. Ancaq feminizmin III dalğası qadını ön plana çəkir. Müasir hüquqda və sosial sferada qadın və kişi fərqi yoxdur, vətəndaş prinsipi var. Əgər feminizm ilkin dövründə “sol”un aləti idisə, III dalğadan etibarən radikal liberal qruplar qadınları vasitə obyektinə çeviriblər. Feminist aksiyaları təşkil edən qruplarla bağlı tədqiqat aparsanız, onların Avropada bir sıra fondlar tərəfindən maliyyələşdirildiyini görərsiniz. Hazırkı feminizm hərəkatlarının arxa planı yoxdur, təməli boşdur, problemləri başqalarının geyindirdiyi donlardır.
XIX əsrə qədər qadın hüquqları üçün nələrsə etmək qəbul edilən olsa da, hazırda bu, məqbul hesab olunmur. Çünki o dövr artıq bitib, yeni dövrdə insan (qadın/kişi) əsas plana keçib. Hər şey müsbət və ya mənfi mənada insan prizmasından irəliləyir. Qadınların sosial ədalət mübarizəsi artıq öz istəyinə çatıb. Bundan sonrakı təbliğat-təşviqat fəaliyyətləri layihə xarakterlidir və insani müstəvini aşır. Hədəf bu dəfə Qərbdən sonra Şərqdir. Əvvəl Avropada İslam feminizmi ideyası başlamışdısa, bu gün Azərbaycanda da İslam feminizmi başlığı altında proseslər baş verir. Azərbaycanda işi öhdəsinə götürənlərin dərin tarixi biliyi yoxdur və arqumentasiya bacarığı yüksək deyil, ancaq təşkilatlanma bacarıqları var. Əgər müsəlman kimliyə sahib bizlər birinci tərəfi həll edə bilsək, təşkilatlanma heç nə edə bilməyəcək. Fəqət həll edə bilməsək, həqiqətən, bizi ciddi təhlükə gözləyir.
ŞƏRHLƏR