MÜSAHİBƏ
Dr. Ələddin Sultanov: “İlahi mesajı daha dərindən anlamaq istəyən kəs mütləq təfsirə müraciət etməlidir”.
İrfan: Yeni işıq üzü görən, heyətlə birlikdə hazırladığınız “Haqqa dəvət” kitabı bu il jurnalımız tərəfindən oxuculara hədiyyə verildi. Hətta oxucu rəğbətini nəzərə alaraq yaxın günlərdə kitabla bağlı müsabiqə də elan etmişik. Zəhmət olmasa, kitabın əhəmiyyətini qısaca xülasə edərdiniz.
Dr.Ə.Sultanov: Xoş gördük. Əvvəla qeyd edim ki, oxucular üçün bu kitabı hədiyyə olaraq seçməyiniz bizi də çox sevindirir və buna görə minnətdarlığımızı bildiririk. Bütün müsabiqə iştirakçılarına da uğurlar arzulayırıq. Sualınıza gəldikdə, nazil olan son ilahi kəlam Qurani-Kərimə qarşı hər bir müsəlmanın vəzifələri vardır. Bunları Qurana inanmaq, onu oxumaq, anlamaq və onunla əməl etmək şəklində xülasə edə bilərik. Çünki Qurani-Kərim oxunmaq, anlaşılmaq və gətirdiyi ümumbəşəri prinsiplərin mənimsənməsi üçün göndərilmişdir. İlk enən ayəsi olan “Ələq” surəsinin birinci ayəsində: “Yaradan Rəbbinin adı ilə oxu!” – buyurularaq onun oxunması əmr edilir, digər tərəfdən, “Muminun” surəsindəki “Onlar sözü (Quranı) heç düşünmürlərmi?” ifadəsində olduğu kimi, bir çox ayədə Quranın təfəkkür edilib anlaşılması üçün səy göstərilməsi tələb olunur. Bu baxımdan Qurani-Kərimi sadəcə oxumaqla kifayətlənməyib, məzmununun bilinməsi, Quranın nə dediyinin qavranması və onun həyatımıza əks etməsi zəruridir. Təfsir tarixinə nəzər yetirdikdə Həzrət Peyğəmbərin (s.ə.s) dövründən günümüzə qədər hər dövrdə Qurani-Kərimin daha yaxşı anlaşılması üçün səy göstərildiyi və bu məqsədlə İslam alimləri tərəfindən geniş həcmli təfsir əsərləri qələmə alındığı görünür. Başda Quranın dili olan ərəb dilində olmaqla, bir çox dildə Qurani-Kərimin daha yaxşı başa düşülməsi üçün təfsir əsərləri yazılmışdır. Allah-Təala bizdən müqəddəs kitabını anlamağımızı və onu həyatımıza tətbiq etməyimizi istəyir. Bir müsəlman İslam əxlaqı ilə əxlaqlanmaq üçün də Qurana müraciət etməlidir. Çünki Həzrət Aişədən (r. anhə) soruşanda ki, Həzrət Peyğəmbərin (s.ə.s) əxlaqı necə idi, o: “Siz heç Quran oxumursunuzmu?! Onun əxlaqı Quran idi”, - deyə cavab vermişdi. Buna görə də hər birimizin o kitabı dərindən dərk edib anlamağımız Uca Yaradanın qarşısındakı bəndəlik borcumuzdur.
- Kitabda yeddi surə yer alır. Məhz bu surələrin seçilməsinin hansısa səbəbi varmı?
- Şübhəsiz ki, Qurani-Kərim ərəb dilində nazil olmuşdur və onu anlaya bilmək üçün sadəcə tərcüməsindən istifadə etmək kifayət deyildir. Buna görə İslamın ilkin dövründən günümüzə qədər bir çox təfsirlər qələmə alınmış və yazıldıqları dövrün tələbatına və şərtlərinə cavab mahiyyəti daşımışdır. Quranı təfsir etmək məsuliyyətli olduğu kimi, eyni zamanda məşəqqətli və vaxt tələb edən bir işdir. Bütün bunları nəzərə alaraq bu gün üçün Qurani-Kərimdən yeddi surənin təfsir edilməsini münasib gördük ki, bunlar: “Yusuf”, “Kəhf”, “Yasin”, “Fəth”, “Rəhman”, “Mülk” və “Hücürat” surələridir. Nə üçün məhz bu surələrin seçildiyinə gəldikdə, bu surələrin fəziləti və əhəmiyyəti barəsində bir çox hədisi-şərif varid olmuşdur. Eyni zamanda bu surələrdə İslam cəmiyyəti üçün lazım olan bir çox əxlaqi prinsip və məlumat yer alır. Digər tərəfdən, İslam tarixi boyu bu üstünlükləri səbəbilə həmin surələr müsəlmanlar tərəfindən böyük rəğbət görmüş, buna görə də həm ibadətlərində, həm də elmi və dini məclislərində çox-çox tilavət edilmişdir. Qısaca desək, bu surələr xalq tərəfindən sevilən və daha çox rəğbət görən surələr olduğu üçün əvvəlcə onların təfsir edilməsinin zəruri olduğunu düşündük.
- Məal və təfsir arasında nə kimi fərq var və sizcə Quranı anlamaq istəyənlər niyə təfsir oxumalıdır?
- Məal Qurani-Kərimi anlamaq üçün giriş mahiyyətindədir. Belə ki, Quran ayələrinin məhdud məna çərçivəsində qısaca tərcümə edilməsinə məal deyilir. Çünki Quran ayələrinin heç bir mənasını kənarda qoymadan başqa bir dilə çevirmək mümkün deyil. Məal vasitəsilə ayələrin təkcə bir yönü tərcümə edilmiş olur. Təfsir deyildikdə isə Quranın şərh edilməsi, yəni hər bir ayəsinin ayrı-ayrılıqda təfsir elminin ortaya qoyduğu qaydalar çərçivəsində ətraflı izah edilməsi, eləcə də digər ayələrlə olan münasibəti və ortaya çıxan nəticənin geniş şəkildə oxucuya çatdırılması nəzərdə tutulur. Həzrət Peyğəmbərin (s.ə.s) dövründə səhabələrin təfsirə ehtiyacı yox idi. Çünki Peyğəmbərimiz (s.ə.s) canlı Quran idi və yeri gəldikcə Quranı onlara izah edirdi. Ancaq sonrakı dövrlərdə Quranın təfsir edilməsi zərurəti yaranmış və hətta ərəb dilini bilən müsəlmanlar belə təfsir oxumaq ehtiyacı hiss etmişlər. Qısaca deyə bilərik ki, Quran məalı oxumaqla ayələrdən hansı hökmün çıxarılacağını dəqiq bilmək mümkün deyil. Ancaq təfsir oxumaqla oxucu ayədə nədən bəhs olunduğunu və hansı mesajın verildiyini anlaya bilər. Buna görə də hər kim Qurani-Kərimdəki ilahi mesajı daha dərindən və dəqiqliklə anlamaq istəyirsə, təfsirə müraciət etməlidir. Əks təqdirdə, məhdud tərcümə ilə bəzi məsələləri anlamaya, yaxud səhv anlaya bilər.
- Bir çox təfsir kitabları mövcuddur. Bu kitabın özünə xas üslubu və fərqli cəhəti nədir?
- Klassik dövrdə təfsir əsərləri bir və ya iki müəllif tərəfindən qələmə alınırdısa, günümüzdə buna “heyət çalışması” da əlavə olunmuşdur. Bir çox müsəlman ölkəsində heyət tərəfindən qələmə alınmış təfsirlər görə bilərik və bu əsərlər özünəməxsus tərzi ilə yeri gəldiyi zaman digər əsərlərdən daha faydalı və istifadəli ola bilər. Bu səbəbdən kitabımız beş peşəkar ilahiyyatçıdan ibarət bir heyət tərəfindən hazırlanmışdır. Fürsətdən istifadə edib heyət üzvlərimiz olan Dr. Anar Qurbanov, Dr. Səfa Muradov, Ramiz Məmmədov və Mayis Abbasova bir daha sizin vasitənizlə təşəkkür edir və elmi işlərində müvəffəqiyyət arzulayıram. Çünki bu kitabın hazırlanmasında onların böyük əməyi olmuşdur. Digər tərəfdən, bu yeddi surənin təfsir edilməsində həm klassik, həm də müasir bir çox etibarlı təfsir mənbəyinə müraciət edilmiş, rəvayət təfsirində səhih hədislər əsas alınmışdır.
- Quranda 114 surə var. Bu kitabda isə sadəcə yeddi surə yer alır. Yəqin ki, bu sahədəki çalışmalarınız davam edəcək.
- Əlbəttə, bu sahədə bir çox işlərin görülməsinin lazım olduğu qənaətindəyəm. Fikrimcə, həmkarlarımızla birlikdə ərsəyə gətirdiyimiz bu kitab XXI əsrdə Azərbaycandakı təfsir fəaliyyətləri arasında başlanğıc mahiyyətindəki əsərlərdən biri sayıla bilər. Başda da qeyd etdiyimiz kimi, bu, çox məşəqqətli və uzun vaxt tələb edən işdir. Buna görə də Allahın izni ilə digər surələrin təfsirinin də Azərbaycan oxucusuna qazandırılması hədəflərimizdən biri olmalıdır. Onu da qeyd etmək istəyirəm ki, böyük təfsir alimi İbn Kəsirin “Təfsirül-Quranil-Əzim” adlı təfsirinin müxtəsər forması olub Məhəmməd Əli əs-Sabuni tərəfindən hazırlanan “Müxtəsərü təfsiri İbn Kəsir” adlı üç cildlik təfsir kitabı digər həmkarlarımızın da içində yer aldığı bir heyət tərəfindən Azərbaycan dilinə tərcümə edilməkdədir. Bu kitabın hazırlanmasının da il ərzində yekunlaşdırılıb nəşr olunmasını ümid edirik.
Son olaraq bu kitabın ərsəyə gəlməsində bizə dəstək olan Qafqaz Müsəlmanları İdarəsinə, Gəncliyə Yardım Fonduna və İpəkyolu nəşriyyatına öz təşəkkürümüzü və minnətdarlığımızı bildiririk. Sizə də bu zərif davranışınız üçün təşəkkürümü bildirir, irfani fəaliyyətlərinizdə uğurlar arzulayıram.
ŞƏRHLƏR