BİR AYƏ
بسم الله الرحمن الرحيم
وَمِنْهُمْ مَنْ يَقُولُ رَبَّنَا آتِنَا فِي الدُّنْيَا حَسَنَةً وَفِي الْآخِرَةِ حَسَنَةً وَقِنَا عَذَابَ النَّارِ
“Onlardan eləsi də var ki: “Ey Rəbbimiz, bizə dünyada da, axirətdə də gözəl nemətlər bəxş et və bizi cəhənnəm əzabından qoru!” - deyər”. (əl-Bəqərə, 2/201)
Təfsir mənbələrində qeyd olunan rəvayətlərə görə, İslamdan əvvəlki cahiliyyə dövründə ərəblər həcc ibadətini bitirdikdən sonra: “Ey Allahımız! Bizə dəvələr və qoyunlar bəxş et!” – deyə dua edirdilər. Bəzi bədəvi ərəblər də: “Ey Allahım, bu ilimizi bolluq olan, bərəkətli və xeyirli bir il et!” – deyə Allaha yalvarırdılar. Bu ayədən əvvəlki “İnsanlardan eləsi var ki: “Ey Rəbbimiz, bizə bu dünyada ver!” – deyər. Beləsinin axirətdə heç bir nəsibi yoxdur”, (əl-Bəqərə, 2/200) ayəsində məhz onların bu hərəkətlərinə işarə edilmişdir. Belə dua edənlərin yaxşı-pis demədən yalnız dünyalıq şeylər arzuladıqları bildirilmişdir. Yalnız dünya neməti istəyən kimsə dünyanın köləsi olmuş deməkdir. Belə bir insan üçün dünyaya aid hər şey gözəl və istəkli görünər. Bu səbəbdən Uca Allah onlar barəsində: “Beləsinin axirətdə heç bir nəsibi yoxdur” – buyuraraq qiyamət günü onların aqibətlərinin çox pis olacağını xəbər vermişdir.
Beləliklə, yuxarıdakı ayədə yalnız dünya nemətləri üçün dua edilməsinin doğru olmadığı, bunun əvəzinə “Ey Rəbbimiz, bizə dünyada da, axirətdə də gözəl nemətlər bəxş et və bizi cəhənnəm əzabından qoru!” şəklində həm dünya, həm də axirət xoşbəxtliyi üçün Allah-Təalaya dua edilməsi gərəkdiyi vurğulanmışdır. Ayədə “Onlardan eləsi də var ki” ifadəsi ilə həqiqi möminlər qəsd olunmuş və onların duasının daha doğru olduğu diqqətə çatdırılmışdır.
Təfsir alimi Zəməxşəri ayədəki “حَسَنَةً/gözəl nemətlər” ifadəsi ilə möminlərin Allahdan dilədikləri sağlamlıq, yaxşı dolanacaq və bir çox dünya mənfəətləri ilə axirət savabının nəzərdə tutulduğunu qeyd etmişdir. Eyni zamanda yaxşı həyat yoldaşı, xeyirli övlad, gözəl əməl, elm və ibadət kimi nemətlər də bura şamil edilmişdir. Ənəs ibn Malik Həzrət Peyğəmbərin (s.ə.s) dua edərkən ən çox bu ayənin “Rabbəna atina...” hissəsini oxuduğunu və oxunmasını tövsiyə etdiyini nəql etmişdir. Bir çox hədis mənbəyində də bu duanın fəziləti haqqında hədislər qeyd olunmuşdur. Eyni zamanda hər bir namazın son oturuşunda bu ayənin dua məqsədi ilə oxunması da məhz onun əhəmiyyətini və fəzilətini göstərir.
Nəticə etibarilə, bir mömin hər daim Uca Allahdan dünya nemətləri ilə yanaşı, axirət neməti olan cənnəti də istəməli, eləcə də cəhənnəm əzabından hifz olunmağı diləməlidir. Təbii ki, bu qövli dua ilə yanaşı, feili dua olan əməl də olmalıdır ki, ondan bərəkət hasil olsun.
ŞƏRHLƏR