ÜÇ MƏBƏD

ÜÇ MƏBƏD

Qulun Allaha ən yaxın olduğu an səcdə anıdır” (Müslim, Salət, 215) - buyuran Hz. Peyğəmbər (s.ə.s) “səcdə edilən məkan” mənasına gələn məscidlərə çox böyük əhəmiyyət vermiş, getdiyi yerdə də ilk fəaliyyət kimi məscid inşa etmişdir. Məsələn, Mədinə şəhərinə hicrət əsnasında Quba bölgəsində iki gün qalmasına baxmayaraq, orada məscid tikdirmişdir. Eyni şəkildə əhəmiyyətinə əsasən məscid kəlməsi Qurani-Kərimdə fərqli formalarda iyirmi beş dəfə qeyd edilmişdir.

Hz. Peyğəmbərə (s.ə.s) məxsus olmaq üzrə yer üzünün məscid qılınması ilə yanaşı, camaatla cəm şəkildə namaz qılınması da dönə-dönə tövsiyə edilmişdir. Bu baxımdan camaatın toplaşması üçün məscidlər danılmaz əhəmiyyətə malikdir. Fərqli-fərqli rəvayətlərdə bəhs edildiyi kimi, camaatla cəm halda namaz qılınması, məscidə gedilməsi, könlü məscidə bağlı olanların Allahın dərgahında xüsusi imtiyazlara sahib olması da sözügedən ibadətgahlara ayrı əhəmiyyət qatır.

Hz. Peyğəmbərin (s.ə.s) məscidə gedilməsi ilə əlaqəli təkidli tövsiyələri ilə yanaşı, “Ancaq bu üç məscidə ziyarət məqsədi ilə getmək olar: Məscidi-Haram, Məscidi-Nəbi və Məscidi-Əqsa”, (Buxari, Müslim, Əbu Davud, Tirmizi, Nəsai, Darimi, Əhməd ibn Hənbəl) - rəvayəti məsələyə fərqli bir baxış gətirmişdir. Sözügedən rəvayət ilkin baxışda məscidlərə gedilməsinə mane kimi görünsə də, hədis alimləri məsələni könülləri rahatladacaq şəkildə izah etmişdir. Şərhlərin ortaq məxrəcini belə sıralamaq olar:

  1. Bu üç məscid digər məscid və məbədlərdən daha fəzilətlidir.
  2. Bu üç məscidə (ziyarət məqsədi ilə) səfərə çıxmaq müstəhəbdir. Hədis buna təşviq edir.
  3. Bu üç məsciddən başqa digər hər hansı bir məscidə (ziyarət məqsədi ilə) səfər etmək doğru deyil.

 Bəs bu üç məscidi digər məscidlərdən ayıran əsas xüsuslar nələrdir?

Məcidi-Haram: Alimlər bu məscidi ən fəzilətli məscid adlandırırlar. Çünki yer kürəsinin qəlbi sayılan Kəbə evi bu məscidin sərhədləri daxilində yerləşir. Həcc ibadətinin əda edilməsi üçün oranın varlığı labüddür. Eyni zamanda Hz. Peyğəmbərin (s.ə.s): “Mənim bu məscidimdə qılınan namaz, əl-Haram məscidindən başqa, digər məscidlərdə qılınan min namazdan xeyirlidir”, (Buxari)  - buyurması da fəzilət baxımından ən üstün məscid olduğunun sübutudur.

Məscidi-Nəbi: Mədinə İslam cəmiyyətində Məscidi-Nəbinin funksiyasını tədqiq edincə, onun İslam cəmiyyəti və ümməti üçün nə qədər əhəmiyyətli olduğunu görürük. Bura son Peyğəmbərin (s.ə.s) xatirələrinin mühafizə edildiyi, təqva üzərində qurulmuş məsciddir (Bəzi görüşlərə görə, Qurani-Kərimdə bu ifadə ilə Məscidi-Nəbi nəzərdə tutulmuşdur - Tövbə surəsi, 108). Hz. Peyğəmbərin (s.ə.s) həm özünü ziyarət etmək, həm də Məscidi-Nəbidə qılınacaq namaz ilə əlaqəli rəvayətlər oranın fəzilətini göstərməsi baxımından kifayətdir.

Məscidi-Əqsa: Müsəlmanların ilk qibləsi, üç dinin mərkəzi sayılan Əqsa məscidi bütün səmavi dinlərdə müqəddəs məkan kimi qəbul edilmişdir. Hz. Peyğəmbərin (s.ə.s) Meraca buradan yüksəlməsi sözügedən məscidin fəzilətinin isbatıdır. Hz. Süleymandan (ə.s) başlayaraq dini və idari mərkəz olan Qiblə məscidi və Qüds hələ də bu vəzifəni icra edə biləcək potensiala malikdir.

Abdullah ibn Ömərdən rəvayət edildiyinə görə, Süleyman peyğəmbər (ə.s) Məscidi-Əqsanın tikintisi yekunlaşdıqdan sonra Allahdan üç arzu diləmişdi: 1. Özündən sonra heç kimə nəsib olmayacaq qədər var-dövlət. 2. Allahın hökmünə müvafiq hökm verə bilmə qabiliyyəti. 3. Sadəcə namaz qılmaq məqsədi ilə Məscidi-Əqsaya gələnlərin bağışlanması. Hədisin davamında Hz. Peyğəmbərin (s.ə.s) bu açıqlamaları yer alır: “Uca Allah Süleymana bunlardan ilk ikisini verdi. Güman edirəm ki, üçüncü arzusu da qəbul edilmişdir”. (Nəsai, İbn Macə)

Həmçinin bu məscidlərin hər birinin peyğəmbərlərin əli ilə tikilməsi, tövhid dininin nişanələrindən olması, İslamın təsis edilmə və mədəniyyət mərkəzi kimi qəbul edilməsi də fəzilətlərini göstərən xüsuslardandır.

Xülasə, hədisdən başa düşülür ki, bağışlanma vəsiləsi ilə bu üç mərkəzə ziyarətə gedilə bilər. Bunların xaricindəki digər məscidlərin hamısı fəzilət baxımından bir-birinə bərabərdir. Odur ki, bu üç məscid xaricindəki məscidlərə ziyarət (bağışlanma) məqsədi ilə deyil, ibadət etmək məqsədi ilə gedilməlidir. Ayrıca, ibadət xaricində tarixi-elmi ekskursiya kimi də bütün məscidlərə gedilə bilər. Buna dini qadağa olmadığı kimi, savab baxımından da bir vəd yoxdur. Buna əsasən müəyyən yerlərin fəziləti ilə əlaqəli əsassız rəvayətlər çərçivəsində bəzi ibadətgahlara (bağışlanma vədi ilə) ziyarətə təşviq etmək mənəvi duyğuları istismar etmək mənasına gəlir. Hətta alimlər, sözügedən rəvayətə əsaslanaraq, üç məscid xaricində ibadət etmək məqsədi ilə nəzir deyənlərin nəzirini yerinə yetirmək üçün getmələrinə də ehtiyac olmadığını ifadə etmişlər.

Günümüzdə üç məsciddən ikisinə rahatlıqla getmək mümkün ikən, üçüncüsünə getmək xeyli çətindir. Dualarımızda bu məscidə də getməyin rahatlaşması üçün xüsusi yer ayırmalıyıq.

 

 

 

 

PAYLAŞ:                

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz