Məsciddən uzaqlaş(dır)ma!

Məsciddən uzaqlaş(dır)ma!

Dəyərlərimizin əsas hissəsini dini həssasiyyətlərimiz formalaşdırmaqda, milli və əxlaqi dəyərlərimiz təməl olaraq dini dəyərlərdən təsirlənməkdədir. Dəyərlərin inkişafı isə onun həm nəzəri, həm də (hətta daha çox) tətbiqi olaraq tədris və təlimi ilə mümkündür.

Mədəniyyətlərin bir-birinə qarışdığı, kimliklərin seçilməz olduğu bu dövrdə milli və dini şüura sahib gəncliyin varlığı və bolluğu ən çox ehtiyacımız olan şeydir. Hər kəs övladının məşhur, sevilən, hörmət göstərilən birisi olmasını istəyir. Bu gün bu istiqamətin yol xəritəsi dəyərlərimizdən uzaq, axirət aləmini, hesab gününü düşünməyən, inancsız, əxlaqi dəyərlərə əhəmiyyət verməyən kimsələr tərəfindən təyin edilməkdədir. On dörd əsrlik doğru yol əyri olaraq tanıdılarsa, yeni nəsil qiblədən, həqiqətdən, əsl kimliyindən uzaqlaşmış olar. Bu səbəblə onları məscidə istiqamətləndirmək, məscidlərin əhyasını bu gənclərlə formalaşdırmaq boynumuzun borcudur. Əgər inanclı, məsuliyyət sahibi valideyn: “Mən bu işə necə dəstək ola bilərəm ki?”- deyə soruşarsa, ona övladlarının, nəvələrinin əlindən tutaraq məscidə gətirməsini, məsciddə xidmət göstərən müəllimlərə əmanət edərək tez-tez nəzarət etməsini, məsciddə uşaqlara aid proqramlara maddi-mənəvi dəstəyini əsirgəməyərək övladına xeyrə yönümlü bir ruh qazandırmasını tövsiyə edərdik.

İstər təhsil mərkəzləri, istərsə də fərqli elmi mərkəzlər və ziyalılar din ilə aralarında - xüsusən də zəif dindarlar səbəbilə - məsafə saxlayırlar. Təəssüf ki, din elmləri və dinin tətbiqi sahəsində etidal sahibi, orta yollu, daha püxtələşmiş dindarlar və din xadimlərindən məlumat almır, dindarlığı və təhsili zəif olan insanların yalnışlarını nümunə göstərərək dindən soyuyurlar.

Milli və dini dəyərlərin təcrübi tətbiq və nümunə yeri məscidlərdir. Bütün peyğəmbərlərdən Allah-Təalanın ilk tələbi məscid inşası və onun ehyası olmuşdur. Peyğəmbərimizə (s.ə.s) də  eyni əmr verilmiş, Yəsribə (indiki Mədinə) gəldiyi anda şəhərin adını dəyişmədən, qalacağı yeri təyin etmədən məscid yerini təyin etmiş, bütün idari işlərini və tədris fəaliyyətlərini məsciddən icra etmişdir. Bu səbəblə məscid imamlarımızın təhsil və inkişafının yüksək olması, mənəvi irsə yiyələnməsi professional şəklə bürünməlidir. Nə qədər ziyalı insan olsa da, insani keyfiyyətləri səbəbilə hər kəs dindar şəxslərin əməllərini inanma, ya da inanmama səbəbi kimi göstərə bilər.

Allah-Təala Qurani-Kərimdə İsra surəsinin 18-ci ayəsində buyurur: “Allahın məscidlərini yalnız Allaha və axirət gününə iman gətirən, namazı qılan, zəkatı verən və Allahdan başqa heç kimdən qorxmayan kimsələr təmir edərlər. Ümid edilir ki, onlar doğru yolda gedənlərdən olarlar”. Belə bir dəyərə sahib insan, əlbəttə, xalqın, millətin, dininin mənafeyi üçün çalışacaqdır. Beləcə, sağlam imanlı, yüksək əxlaqi keyfiyyətlərə sahib, peyğəmbərimiz əleyhissalamın izində, halal-harama diqqətli olan məscid imamlarımız övladlarımızın mənəvi və əxlaqi vəsflərə bürünməsinə vəsilə olacaqlar.

 Bəqərə surəsinin 114-cü ayəsində isə belə buyurulur: “Allahın məscidlərində Onun adının çəkilməsinə mane olan və onların xarabalığa dönməsinə cəhd edəndən daha zalım kim ola bilər?! Halbuki onlar ora (məscidlərə) ancaq qorxa-qorxa girməli idilər. Onlar üçün dünyada rüsvayçılıq, axirətdə isə böyük bir əzab vardır!

Bu ayə isə dəyərlərinə sahib olmayıb, öz dəyərinə düşmən kəsilən kimsələri təhdid etməkdə, məscidlərdə yaşından asılı olmayaraq hər kəsin mənəvi keyfiyyətlərə sahib olması lazım gəldiyini xəbər verməkdədir. İstər məscid daxilində, istərsə də məsciddən kənarda uşaq və gəncləri məsciddən küsdürənlər az deyil. Məişət həyatında insani dəyərlərə riayət etməyən dindarlar dinə meyli azaldırlar. Əxlaq yoxsunluğu isə məsuliyyətsizliyi də özü ilə bərabər gətirir. “Məscidi kirlədirsiniz, şüşələri sındırırsınız, məsciddə niyə qaçırsınız?! Ya səssiz olun, ya da çölə çıxın! Namazı niyə elə qılırsan?! O kafirdir, bu münafiqdir, filankəs fasiqdir!..”- kimi etiketlər altında uşaq, gənc və yaşlılar məscidlərdən küsdürülərək uzaqlaşdırılır. Küçə ifadələri, cahillik xasiyyətləri ilə söylənən sözlər də məsciddən insan qovmağa bərabər hallar kimi qiymətləndirilir.

Könül istər ki, məscid imamlarımız məscidlərimizi qara atributlardan təmizləyib sevginin, hörmət və ehtiramın mərkəzi halına gətirməkdən ötrü çalışsın, xalqın hər təbəqədən olan üzvlərinə dinimizin sevgi və şəfqət anlayışını aşılamaq üçün səy göstərsinlər. Hər zaman yanlarında qələm, bloknot, kitab, kiçik oyuncaq, şəkər və s. hədiyyələr saxlasınlar ki, ehtiyacı olan qəlblərə kiçik də olsa, xoş hədiyyələrlə su səpsin, dini dəyərlərimizin əsası olan imanı aşılasınlar, xalqımızın qəlbini məscidlərimizə bağlayaraq peyğəmbərlərin Allaha qulluq missiyasını icra etsinlər.

İnsanlara məscidləri sevdirmək təkcə imamın davranışlarından asılı deyil. Camaat olaraq məscidlərdə kimsə başqasının işinə şəxsən qarışmaz, bu məsələni məscid imamı ilə həll etməyə çalışarsa, heç bir qəlb bir-birinə kin saxlamaz, küsməz. Belə bir məhəbbət iqlimi elə məscidin əsas funksiyalarından biridir.

PAYLAŞ:                

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz