BİR HƏDİS

BİR HƏDİS

عَنْ عَبْدِ اللَّهِ بْنِ مَسْعُودٍ، قَالَ: قَالَ رَسُولُ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ: اسْتَحْيُوا مِنَ اللَّهِ حَقَّ الحَيَاءِ قَالَ: قُلْنَا: يَا رَسُولَ اللَّهِ إِنَّا نَسْتَحْيِي وَالحَمْدُ لِلَّهِ، قَالَ: لَيْسَ ذَاكَ، وَلَكِنَّ الِاسْتِحْيَاءَ مِنَ اللَّهِ حَقَّ الحَيَاءِ أَنْ تَحْفَظَ الرَّأْسَ ‌وَمَا ‌وَعَى، وَالبَطْنَ وَمَا حَوَى، وَلْتَذْكُرِ المَوْتَ وَالبِلَى، وَمَنْ أَرَادَ الآخِرَةَ تَرَكَ زِينَةَ الدُّنْيَا، فَمَنْ فَعَلَ ذَلِكَ فَقَدْ اسْتَحْيَا مِنَ اللَّهِ حَقَّ الحَيَاءِ

         Abdullah ibn Məsuddan (r.a) rəvayət edildiyinə görə, Rəsulullah (s.ə.s) belə buyurmuşdur: “Allahdan layiqincə həya edin!” Biz: “Ya Rəsulallah! Biz onsuz da Allahdan həya edirik. Əlhamdulillah”, - dedik. Allah Rəsulu (s.ə.s) belə buyurdu: “Bu, sizin başa düşdüyünüz kimi utanmaq demək deyil. Allahdan layiq olduğu şəkildə həya etmək demək baş və başda olan üzvləri, qarın və qarının içində olan orqanları hər cür günahlardan qorumaq, ölümü və torpağın altında çürüyüb yox olmağı daim xatırlamaqdır. Axirəti istəyən dünyanın bər-bəzəyindən üz çevirər. Kim belə edərsə, Allahdan layiq olduğu şəkildə həya etmiş olar”. (Tirmizi, Qiyamət, 24)

            Rəsulullah (s.ə.s) bu hədisi-şərifdə Allahdan həya etməyin həqiqi mənasını izah etmişdir. Bir çox mövzuda olduğu kimi burada da Allah Rəsulu (s.ə.s) ilk olaraq səhabələrdən bununla bağlı fikirlərini soruşmuş, sonra isə özü məsələyə aydınlıq gətirmişdir. Hədisdə qeyd olunan həya etmək ilə təqvalı olmaq arasında yaxın bir əlaqə vardır. Çünki Allahdan layiq olduğu şəkildə həya etməyin yolu təqvalı olmaqdan keçir. Başqa bir ifadə ilə desək, insan təqvası ölçüsündə Allahdan həya edər.

            Allah Rəsulu (s.ə.s) Allahdan layiqincə həya etməyin yolunun ilk olaraq baş və başdakı orqanları qorumaqdan keçdiyini bəyan etmişdir. Çünki baş bədənin idarə mərkəzidir. Başdakı orqanlar qorunarsa, bədən də qorunar. Gözün harama baxmaması, qulağın harama meyil etməməsi, dilin qeybət, dedi-qodu, yalan, iftira kimi pis vərdişlərdən uzaq olması və ağılın sərxoşedici vasitələrlə bulanmaması insanın Allahdan layiq olduğu şəkildə həya etməsi üçün zəruri amillərdir.

            İnsanın daxili orqanlarından ən çox mühafizə edilməsi lazım olan yer qəlbdir. Çünki insanın bütün  əməlləri, duyğu və düşüncələri birbaşa qəlbinə təsir göstərir. Eyni zamanda insan mədəsini haram olan qidalardan, nəfsini zinadan və qeyri-əxlaqi vərdişlərdən də mühafizə etməlidir.

            Allahdan layiq olduğu şəkildə həya etmək üçün insanın daim ölümü və ölümdən sonrakı həyatı unutmaması lazımdır. Çünki ölüm insanın ağlında canlı qaldıqca insan saleh əməllərini artırmağa və günahlardan uzaq durmağa səy göstərər.

            Rəsulullah (s.ə.s) son olaraq axirəti istəyən kimsənin dünya bər-bəzəyinə aldanmaması lazım gəldiyinə diqqət çəkmişdir. Çünki insan dünyadan uzaqlaşdıqca axirətə meyil edər. Axirət üçün çalışan insan isə Allahdan çəkinər və bu səbəbdən özünü islah edər.

PAYLAŞ:                

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz