Peyğəmbərimizin adları
Hz. Muhamməd 571-ci ildə Məkkədə dünyaya gəlmişdir. Kiçik yaşdan ata-anasını itirən peyğəmbərimiz babası Əbdülmüttəlibin, onun vəfatından sonra isə əmisi Əbu Talibin yanında böyümüşdür. Muhamməd adını ona – ilahi işarə ilə - babası vermişdir. Ərəblərdə tanınmayan bu adın məqsədini soruşanlara babası belə demişdir: “İstəyirəm onu yerdəkilər də, göydəkilər də mədh etsin”. (Muhamməd ərəbcə mədh edilən, təriflənən deməkdir.)
Ona verilən ilk adlardan biri Muhammədul-Əmin olmuşdur. Ətrafındakılara həyatı boyunca yalan danışmayan peyğəmbərimizə “etibarlı, güvəniləsi adam” mənasına gələn bu ləqəblə səslənirdilər.
Peyğəmbərimizi (s.ə.s) vəsf etmək üçün 300, bəzi qaynaqlarda isə 400-ə yaxın adının olduğu bildirilir. Bu adlardan 80-i Qurani-Kərimdə qeyd olunmuşdur. Adların arasında ən çox bilinən və Peyğəmbərimizi mədh etmək üçün işlənəni “Əhməd” adıdır.
Bu adlardan bəziləri:
Əhməd: Tərifə və rəhmətə layiq deməkdir. Saff surəsinin 6-cı ayəsində qeyd olunan Əhməd adı həm də pak, təmiz və günahsız mənasına gəlir.
Həlim: Mülayim xasiyyətli, təmkinli, problemləri böyütmədən şirin dillə həll etməyə çalışan insanlara həlim deyilir. “Hilm” kökündən törəyən bu ad Peyğəmbərimizin Əhməddən sonra ən məşhur adlarından biridir.
Mustafa: Seçilən, hörmətli və müstəsna şəxsiyyət mənasındadır.
Bəşir: Xoş xəbərlər gətirən. Furqan surəsinin 50-ci ayəsində “(Ey Muhamməd!) Biz səni ancaq müjdə verən və xəbərdar edən bir peyğəmbər olaraq göndərdik”, - buyurulur.
Qəni: İstifadə olunan sözün mənası zənginlikdir. Bu söz Hz. Muhammədin adı olaraq istifadə edildikdə, maddi zənginliyi deyil, mənəvi zənginliyi vurğulayır. Çünki Peyğəmbərimiz ömrü boyu mütəvazi bir həyat sürmüş və heç bir zaman dünya malına, cah-calala can atmamışdır.
Vəli: Əsl dost deməkdir. Hz. Muhəmməd (s.ə.s) bütün möminlərin vəlisidir.
Müctəba: Müctəba sözünün mənası seçilmiş deməkdir. Digər peyğəmbərlər kimi, o da öz qövmündən seçilmiş və Allahın elçisi təyin edilmişdir.
Müşavir: Məsləhət və rəyi alınan şəxs deməkdir. Hz. Muhamməd ədalətli davranar və insanlar arasında hər bir işdə ədalətlə qərar verərdi. Bu səbəbdən təkcə müsəlmanlar deyil, yəhudi və xristianlar da bir çox məsələlərin həlli üçün onunla məsləhətləşərdilər.
Həbibullah: Həbib və Allah sözlərindən ibarət olan “Həbibullah” adı Allahın sevimli bəndəsi mənasındadır.
Sabir: Əsmaül-hüsnada da keçən Sabir adı çox səbirli, bütün çətinliklərə dözən deməkdir.
Zahid: Dünyaya könül verməyən.
Razi: Başına gələn hadisələrdən razı, Allaha şükür edən.
Nazir: İnsanları doğru yola çəkmək üçün Allahın əzabı ilə xəbərdar edən, cəhənnəmi xatırladan.
Muslih: Çaşqınlıq yaradanları islah edən, nizam-intizam gətirən.
Peyğəmbərimizin (s.ə.s) Qurani-Kərimdə keçən adları:
Peyğəmbərimizin ən çox istifadə olunmuş adı “Muhamməd”dir. Bu ad Qurani-Kərimdə dörd dəfə - Ali-İmran surəsinin 144-cü ayəsində, Əhzab surəsinin 40-cı ayəsində, Fəth surəsinin 29-cu ayəsində və Muhamməd surəsinin 22-ci ayəsində zikr edilmişdir. “Saf” surəsinin 6-cı ayəsində İsa əleyhissalamın ümmətinə “Əhməd” adı ilə onun haqqında xəbər verdiyi bildirilir. Quranda Muhamməd və Əhməd adlarından başqa: Rəsul, Nəbi, Şahid, Bəşir, Nəzir, Mübəşşir, Münzir, Dai-ilallah, Siracən-Münir, Rauf, Rəhim, Müsəddiq, Müzəkkir, Müdəssir, Abdullah, Kərim, Haqq, Mübin, Nur, Xatəmün-Nəbiyyin, Rəhmət, Bərəkət, Hadi, Taha, Yasin adları ilə də Peyğəmbərimiz nəzərdə tutulmuşdur.
Bundan əlavə, adların bir qismi Qurani-Kərimdə, bir qismi hədisi- şəriflərdə, bir qismi də əvvəlki peyğəmbərlərə göndərilmiş müqəddəs kitablarda qeyd edilmişdir. Əvvəlki peyğəmbərlərə nazil olan kitablardakı adların çoxu sifətdir və məcazi sözlərdir. Onlardan bəziləri aşağıdakılardır: Dahuk, Həmyətə, Ahid, Paraklit, Məzməz, Müşaffə, Münhamənna, Muxtar, Ruhul-Haqq, Muqimüssünnə, Müqəddəs, Xirzül-Ümmiyyin.
Peyğəmbərimizin adı İncildə “Əhməd” (Paraklit), Tövratda isə "Münhamenna" olaraq keçir və "Muhamməd" adının Süryanicə qarşılığıdır. İncildə Peyğəmbərimizin gələcəyi müjdələnmiş və Əhməd və Muhamməd mənasını verən Paraklit sözü ilə ifadə edilmişdir. Sonrakı dövrlərdə İncildə dəyişiklik edilərək bu sözlər qəsdən dəyişdirilmişdir.
Peyğəmbərimizin (s.ə.s) hədislərində Mahi, Haşir, Aqib, Mükaffi, Nəbiyyür-rahmə, Nəbiyyüt-Tövbə, Nəbiyyü Məlahim, Qattal, Mütəvəkkil, Fateh, Xatəm, Mustafa, Ümmi, Qusem (bütün xeyirləri toplayan) adları qeyd edilir. Sevgili Peyğəmbərimiz (s.ə.s) bir hədisində: “Mənə xas olan beş ad var: “Mən Muhammədəm. Mən Əhmədəm, Mahiyəm, Allah onunla küfrü məhv edər. Mən Haşirəm, insanlar qiyamət günü mənim izimdən gələcək. Mən Aqibəm, məndən sonra peyğəmbər yoxdur”, - buyurmuşdur.
Bunu da qeyd edək ki, ərəb cəmiyyətində hər bir kəsin ilk övladının adı ilə bağlı olaraq ona ləqəb – künyə verilirdi. Bu mənada Peyğəmbərimizə (s.ə.s) Həzrət Xədicədən doğulan və körpə yaşında vəfat edən ilk oğlan övladı Qasımın adı ilə bağlı olaraq, Qasımın atası mənasında “ Əbül-Qasım” ləqəbi verilmişdir.
ŞƏRHLƏR