BİR AZ MARAQ, BİR AZ DİQQƏT
İmam Qəzzali həzrətləri belə deyir: “Uşağa dini təhsil verərkən birbaşa bilgi verməyin, əvvəla maraq oyadın”. Təhsil problemləri haqqında danışarkən maddələr halında bir çox səbəblər sadalanır. Həvəs və maraq əskikliyini, müəllimlərin bu sahədə kifayətsiz qalmasını, bəlkə də, təhsil problemləri sırasında birinci yerə yazmaq lazımdır. Əlbəttə, təhsil və təlim-tərbiyə fəaliyyətlərinin içində ağıl və məntiq yer almalıdır. Bunların içindən ağıl və məntiq çıxardılarsa, yerdə elm yox, film qalar; nəticə öyrətmək yox, diksindirmək olar.
Məsələn, “Quran oxudum” ifadəsi yerinə “oxuyurdum, oxumağa başladım” demək məna cəhətdən daha münasibdir. “Oxudum” sözündə oxumağı və başa düşməyi sonlandıran bir məna var. Oxudum deyən şəxs, oxuduğu hər nədirsə, ona qalib gəlmiş, ona hakim olmuş, onu əsir almış kimidir. Quran əsir alınacaq, hakim olunacaq, məna etibarilə sonuna çatılacaq bir kitab deyil. Quran qiyamətə qədər oxunacaq, amma heç kəs Quranı məna və dərinlik olaraq 100 % başa düşməyəcəkdir. Quran hər daim gənc qalacaq və heç vaxt qocalmayacaq. Quranı oxuyanlar qocalar, amma Quran qocalmaz!
İmam Şafeinin Qahirədəki qəbrinin qübbəsində Səlahəddin Əyyubi tərəfindən qoyulduğu deyilən gəmi maketi varmış. İnternetdən baxdım, həqiqətən də, türbənin üstündə diqqət çəkən nəhəng gəmi maketi var. İnternetdə yazılanlar doğrudursa, gəmini düzəltdirən Səlahəddin Əyyubidən bunun səbəbini soruşurlar, o da: “İstədim ki, bu qübbənin altında bir elm dəryası olduğu bilinsin”, - deyə cavab verir. Anadoluda qübbənin, minarənin üstünə hilal qoyurlar. Hilalın altında göy üzü var, gəminin altında isə dərya. İkisi arasında böyüklük fərqi yoxdur. Gəminin altı da, göy üzü də çox dərindir.
İmam Şafeinin türbəsi haqqında bir az araşdırma apardım, amma türbənin üstündəki gəmi haqqında Səlahəddin Əyyubinin sözünə rast gəlmədim. Təkcə belə bir qeyd var: “Misirdə türbələrin üstünə gəmi maketi qoyulur”. Misirdəki bu adətin mənasını ekrandan yox, insanlarından soruşub öyrənmək lazımdır. “Qübbənin altında yatan şəxs okean kimi dərin və sirlidir” açıqlaması da gözəl bir yorumdur. Okean kimi olmayanlar, bir stəkan su qədər dərinliyi olanlar, hətta bir stəkan su qədər də olmayanlar nə dünyada, nə də axirətdə gəmiyə layiq olar. Əbu Cəhlin, Əbu Ləhəbin, Fironun qəbrinin üstünə gəmi düzəldilməsi gülməli olar. Okean olmaq fərqlidir. Bir də okean kimi dərinləşə bilmədən bataqlığa çevrilmək var. Gəminin bataqlıqda nə işi ola bilər?..
Bir az maraq, bir az həvəs, bir az da diqqət çox faydalıdır, hər insana lazımdır. Bizdə məscidlərə, minarələrə, məzar daşlarına hilal həkk edilir. Türkiyə və Azərbaycan bayraqlarında hilalı dalğalandırır. Hər 1000 nəfərdən 999-u hilalın simvolik mənasını bilmir. Bilməmək bir yana, öyrənməyi istəməmək ondan daha böyük dərddir. Bilinməyən şeyləri öyrənərək cəhalətdən bilgi aləminə keçmək sayılı saniyələrdən başlayaraq illərə qədər uzanar. Bilinməyəni öyrənməyin yolu, üsulu, əlacı, metodu bəllidir. Öyrənmək istəyinin olmaması, maraq, həvəs və diqqət əskikliyi isə çox çətin bir məsələdir. Allah qorusun, qəlbin möhürlənməsinə yaxın bir haldır.
Niyə qübbələrdə, məscidlərdə, məzar daşlarında hilal var? “Allah” ləfzinin əbcəd hesabına görə rəqəmsal dəyəri 66-dır. Lalə sözünün də əbcəd hesablamasına görə dəyəri 66-dır. “İşimiz 66-ya qaldı” ifadəsi bu hesabın nəticəsidir. Hilal, lalə və Allah təkdir, ikincisi yoxdur. Məscidlərdə, türbələrdə simvolik olaraq Allah yazmaq yerinə tövhidi təmsil edən lalə və hilaldan istifadə edirlər. Məzar daşına, qübbəyə “Allah” ləfzi yazılmaz. Qırılar, əyilər, kirlənər və s. Onun yerinə ya hilal, ya da ona işarə edən “huvə” kəlməsi işlənir. Məzar daşlarında “Allah baqidir” yazılmaz, “O baqidir” yazılar. Bizim lalə və hilal mövzusundakı cəhalətimiz, görəsən, Misirdə də varmı? Biz qübbənin üstündəki hilalı açıqlamaqda çətinlik çəkdiyimiz kimi, onlar da türbələrin üstündəki gəmiləri açıqlaya bilmirlərmi?
Sözdə 99%-i müsəlman olan bir ölkədə yeni il gəldiyi zaman bir çox mallarda endirim olduğu halda, Ramazan gələndə niyə hər şey bahalaşır, bunu kim açıqlaya bilər? Canlını çılpaq qoyduğu halda cansızı geyindirən (vitrindəki paltar mankenləri) dünya həyatında yaşamağın niyə çətin olduğunu, kamil insan olmaq üçün tələb olunan bədəl və çilə səbəbini kim anlada bilər?
Bakıdan Elçin qardaşım Ömər Xəyyamdan bir mesaj paylaşmışdı: “Yerin üstünə baxdım, yatıblar; altına baxdım, çürüyüb torpağa qarışıblar”.
ŞƏRHLƏR