Allah rəsulunun təlimində MƏSCİD ƏDƏBLƏRİ

Allah rəsulunun təlimində MƏSCİD ƏDƏBLƏRİ

Ədəb gözəl əxlaq və gözəl tərbiyə deməkdir. Ədəb insanı İslama zidd olan bütün əməllərdən  uzaqlaşdıran bir davranışdır. Ədəb insanı digər canlı məxluqlardan ayıran üstün xüsusiyyətlərdən biridir. Müsəlman ədəbli olmalıdır. Müsəlman danışarkən ədəbli danışar. Oturarkən ədəblə oturar. Yeriyərkən ədəblə yeriyər. Müsəlman həyatının bütün sahələrində öz işlərini ədəblə görməyə çalışar. Müsəlman hər sahədə ədəbli olmağa çalışarkən məscid ədəbinə də diqqət yetirər.

“Məscid” İslam məbədinə (ibadət evlərinə) verilən ümumi bir isimdir. Məscid sözünün lüğət mənası “səcdə ediləcək yer” deməkdir. Məscidlər Uca Allaha ibadət etmək üçün inşa edilən məkanlardır. Bu baxımdan hər məscid hörmət və ehtiram göstərilməyə layiq bir yerdir. Məhz bu hörməti göstərmək üçün məscidə “Beytullah” (Allahın evi) deyilmişdir.

Məscidlərdə heç kim istədiyi kimi hərəkət edə bilməz. Heç kim kefinin istədiyi kimi otura-qalxa bilməz. Məscidlərə hörmətsizlik etmək Uca Allaha hörmətsizlik etməkdir; necə ki, bir evə hörmətsizlik edərək o evdə ədəbə uymayan hərəkətlər etmək ev sahibinə qarşı hörmətsizlikdir. Unutmamaq lazımdır ki, məscid Allahın evidir. Bunun üçün hər bir müsəlman məscid ədəbinə riayət edərək bunlara xüsusilə diqqət etməlidir:

Məscidlərə kirli və islaq ayaqla girilməz. Hər kəs imkan daxilində məscidlərə təmiz və gözəl paltarlarını geyinərək gəlməli, camaatı diksindirici hallardan uzaq durmalıdır. Necə ki, bu barədə bir ayədə buyurulur: “Ey Adəm oğulları! Hər bir ibadət vaxtı (məscidə gedərkən) gözəl libaslarınızı geyinin; yeyin-için, lakin israf etməyin, çünki (Allah) israf edənləri sevməz!” (əl-Əraf, 31)

Məscidlərə daxil olduğumuz zaman sağ ayağımızla girməli, çıxdığımız zaman isə sol ayağımızla çıxmalıyıq. Çünki bu, sünnə əməllərdəndir. Məscidlərdə gurultulu səslər çıxartmaq, hay-küy salmaq, gərəksiz yerə dünya işlərindən danışmaq caiz deyildir.

Məscidlərdə oxunan Qurani-Kərimi və xütbələri tam bir hörmətlə, təzim içində və diqqətlə dinləmək lazımdır. Necə ki, Uca Allah  əl-Əraf surəsinin 204-cü ayəsində buyurur: “Quran oxunan zaman onu dinləyin və susun ki, (onun sayəsində) sizə rəhm olunsun!”

Xütbə oxunarkən susmağa gəldikdə isə bu barədə bunları deyə bilərik: Ümumiyyətlə, xütbə oxunarkən susmaq vacib, danışmaq isə haram, günah sayılmışdır. Belə ki, bir hədisi-şərifdə bu barədə belə buyurulur: “Əgər cümə günü imam xütbə verən zaman öz yoldaşına “sus” desən, artıq pis bir hərəkət etmiş sayılırsan”. Yəni xütbə anında susmaq o qədər vacibdir ki, yanındakının susmasını tələb edəcək qədər belə səs çıxartmaq doğru deyil.

Başqa bir hədisi-şərifdə belə buyurulur: “Bir kimsə gözəl bir şəkildə dəstəmaz alıb cümə namazına gedər və xütbəni (tam bir hörmətlə) səs çıxartmadan dinləyərsə, iki cümə arasında (etmiş olduğu) günahları bağışlanar”. (Buxari, Cümə, 36; Müslim, Cümə, 11)

Ümumiyyətlə, məscidlərdə yüksək səslə danışmaq məkruhdur. Ancaq camaata eşitdirmək üçün xətiblərin, vaizlərin, dini dərs keçən müəllimlərin səslərini yüksəltmələri caizdir.

Başqalarının namazlarına mane olmamaq şərti ilə Quran oxuyanların və Allahı zikr edənlərin səslərini yüksəltmələri də caiz görülmüşdür.

Soğan və sarımsaq kimi qoxusu xoş olmayan şeyləri yeyərək məscidə gəlib camaat arasına qarışmaq heç də xoşagələn bir hal deyildir. Necə ki, Peyğəmbərimiz (s.ə.s) bu barədə belə buyurur:  “Kim sarımsaq və soğan yemişsə, məscidimizə yaxınlaşmasın...” (Buxari, Azan, 160)

Əbu Səid Xudridən rəvayət edildiyinə görə, bir gün Peyğəmbərimizin (s.ə.s) yanında soğan və sarımsaq barəsində söhbət salıb soruşdular: “Ey Allahın elçisi! Bu tərəvəzlərin ən pis qoxulusu sarımsaqdır. Onu yeməyi haram buyurursan?” Peyğəmbərimiz (s.ə.s) buyurdu: “Onu yeyin, amma nə qədər ki ağzınızdan qoxu getməyib, bu məscidə yaxınlaşmayın”. (Əbu Davud, Sünən, Yemək kitabı, bab: 40, hədis: 3823)

Digər bir məsələ məscidləri təmiz saxlamaqla əlaqəlidir. Məscidləri təmiz saxlamaq və təmizləmək çox savablı bir əməldir. Məsələn, Peyğəmbərimiz (s.ə.s) məscid təmizliyi ilə məşğul olan bir qadına xüsusi əhəmiyyət vermiş, bununla da gördüyü işin dəyərinə diqqət çəkmişdir. Belə ki, bu barədə belə bir hədis mövcuddur:

  “Peyğəmbərin (s.ə.s) məscidində təmizlik işləri ilə məşğul olan bir nəfər vəfat etdi. Peyğəmbərimiz (s.ə.s) bir neçə gün onu görmədiyi üçün harada olduğunu soruşdu. (Səhabələr) “O, vəfat edib”, - dediklərində Hz. Peyğəmbər (s.ə.s) belə buyurdu: “Bəs nə üçün mənə xəbər vermədiniz?! Onun qəbrini mənə göstərin”. Sonra Rəsulullah (s.ə.s) (məscidin təmizliyi ilə məşğul olan) o qadının qəbri üzərinə, onun  günahlarının bağışlanması üçün (cənazə) namazı qıldı”. (Buxari, Səhih, Kitabüs-səlat, bab: 72, hədis: 458)

Bütün  bu dediklərimiz mübarək məscidlərə aid olan ədəblərdəndir. Bu ədəblərə riayət etməmək əz azı İslam mədəniyyətinə hörmətsizlikdir ki, bu da heç bir mədəni müsəlmana yaraşmaz.  

 

 

PAYLAŞ:                

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz