QƏBİR

QƏBİR

Ölən şəxsin torpağa basdırıldığı yer qəbir sayılır. Ərəb dilində olan bu kəlmənin cəmi “qubur” sözüdür. İnsan ruh və bədəndən meydana gələn bir canlıdır. Ruhun yaradılışı bədəndən əvvəldir. Buna görə insan həyatının dövrləri beş hissəyə ayrıla bilər: Birincisi, yaradıldığı zamandan bədənə ruh üflənənə qədərki ruh mərhələsi. İkinci, ruhların bədənlərə üfürülməsi mərhələsi. Qurani-Kərimdə ruhların  yaradılmasından sonra Allahın ilk xəbərdarlıq və təbliği belə ifadə edilir: “Qiyamət günü siz: “Biz bundan xəbərsiz idik”, - deməyəsiniz deyə, Rəbbin Adəm oğullarının bellərindən nəsillərini çıxartdı və onları özlərinə şahid tutaraq: “Mən sizin Rəbbiniz deyiləmmi?” ( – buyurdu). Onlar da: “Bəli, buna şahid olduq!” - dedilər”. (əl-Əraf, 172) Üçüncü mərhələ dünya həyatıdır. Doğumla başlar, ölümlə sona çatar. Dördüncü mərhələ qəbir həyatıdır; ölümlə başlar, qiyamət gününə qədər davam edər. Beşinci mərhələ isə qiyamətin qopması ilə sonsuza qədər davam edəcək axirət həyatıdır.

Qəbir həyatı axirətin giriş qapısı və başlanğıcı sayılır. İnsanın dünyadakı yaşayışı istər quruda, istər dənizdə, göydə, yaxud  yerin altında bitsin, yanıb kül olsun, parça-parça olub yer üzərinə səpələnsin, öləcəyi, dəfn ediləcəyi yer hara olursa-olsun, mütləq qəbir dediyimiz axirət mənzillərindən ilk mənzilə gedəcək və Peyğəmbərimizin (s.ə.s) bildirdiyi qəbir sorğu-sualına çəkiləcəkdir. Ölüm anından sonra qəbir həyatı başlamış olar. Münkər və Nəkir mələkləri sorğu-sual edər. Rəbbini, peyğəmbərini və dinini soruşar. Bu sorğu-sualdan yalnız peyğəmbərlər və uşaqlar azaddır.

Ümumi olaraq qəbir iman və saleh əməl sahibləri üçün Cənnət bağçalarından bir bağça, kafirlər üçün Cəhənnəm çuxurlarından bir çuxurdur. Əhli-sünnə əqidəsinə görə, kafirlərlə yanaşı, bəzi günahkar möminlərə də qəbir əzabı vardır. Bunun səbəblərini izah edən bir çox hədislər mövcuddur. Qəbirdə əzab şəklinin mahiyyəti haqqında alimlər müxtəlif görüşlər irəli sürmüşlər. Əzabın ruha, bədənə və ya hər ikisinə birlikdə edilməsi nəticəni dəyişdirməz. Çünki saleh əməl sahibi insanlar qəbirdə gözəl bir həyat yaşayarkən, kafirlər və günahkarlar böyük bir çətinlik və iztirab içində olacaqlar.

Qəbirdəki ölü cənnətlik (səid) bir kimsədirsə, onun ruhu Cənnətə gedər.  Əgər günahkar və cəhənnəmlik (şaqi) olarsa, Cəhənnəmə gedər. Bəzi ruhlar da bərzəxdə olar ki, bura nə Cənnət, nə də Cəhənnəmdir. Alimlərə görə, səidlərin ruhu Cənnətdə olmaqla yanaşı, qəbirləri ilə əlaqələri kəsilməz. Bu əlaqə xüsusən cümə gecəsi və gündüzü ilə şənbə günü günəş doğulana qədər güclü bir şəkildə davam edər. Səidlərin ruhları dünya xəbərlərini öyrənmə imkanı tapa bilər. Vəfat edib yeni gələnlərə dünyadan xəbər soruşarlar. Özlərini ziyarətə gələnlərin salamını eşidərlər. Hətta icazə verilsə, salama cavab vermələri də mümkündür. Hənəfi və Malikilərə görə, qəbir ziyarətini cümə və bunun bir gün əvvəli və bir gün sonrası olan cümə axşamı və şənbə günləri etmək daha fəzilətlidir. Şafeilər cümə axşamı gününün ikindi vaxtından başlamaqla şənbə səhərinə qədər ziyarətin daha uyğun olacağını söyləmişlər. Hənbəlilər isə ziyarət üçün müəyyən bir gün seçməyin doğru olmadığını bildirmişlər. Nəticə olaraq cümə günü ziyarət etmək daha fəzilətli olsa da, digər günlərdə ziyarət də mümkün və caizdir.

Qəbir hazırlanarkən bu xüsusiyyətlərə diqqət yetirilməlidir: Qəbir bir adam boyu və ya sinə səviyyəsində qazılır. Ölünü daha yaxşı qoruyacağı düşüncəsi ilə daha dərin də açıla bilər. Torpaq sərtdirsə, qəbrin qiblə tərəfinə bir ləhd (oyuq) açılır. Əgər ləhd açılmaqla torpaq çökəcək qədər yumşaq olsa, o zaman qəbrin ortasında ölünün sığacağı qədər bir yer açılır və ora dəfn edilir.

Cənazə namazı qılındıqdan sonra camaatla birlikdə piyada və ya ehtiyac halında minik vasitəsi ilə qəbiristanlığa gedilir. Cənazəni aparanlar kimi, qəbrə qoyanların da  “bismillah və alə milləti Rəsulullah” demələri müstəhəbdir. Ölü qəbirdə üzü qibləyə gəlmək şərti ilə sağ tərəfi üzərinə yatırılır. Sonra kəfənin düyünləri açılır. Qəbrin taxtası düzüldükdən sonra kürəklə və ya əllə üzərinə torpaq atılır. Qəbrin üstünü bir az yüksəltmək məndubdur. Torpaq bərkisin deyə üzərinə su səpilə bilər.

İslam müctəhidləri və fəqihləri qəbirlərin əhəng və buna bənzər maddələrlə düzəldilməsinin, öz torpağına əlavə edilərək yüksəldilməsinin, üzərinə qübbəli bina tikilməsinin, daşına tərifləyici və ya qədərə giley-güzar edici sözlər yazılmasının caiz olmadığı mövzusunda həmfikirdirlər. Bunun əvəzinə, qəbrin yerdən bir-iki qarış yüksəlməsi, kərpiclə düzəldilməsi, qəbrin baş tərəfinə bir daş qoyulması və ölünün adının yazılmasında bir problem görülməmişdir. Üstünə məscid kimi bina tikilərək qəbrin məbəd edilməsi hədislərlə qadağan edilmişdir. Burada qəbrin xarici görünüşünün ehtişamlı olmamasına əhəmiyyət verilməsinin və bəzi qadağalar qoyulmasının səbəbinin tövhid inancını qorumaq və insanların şirkə düşmələrini önləmək olduğu başa düşülür.

PAYLAŞ:                

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz