Hicrətdən sonra Rəsulullahın ilk işi: Məscid inşası

Hicrətdən sonra Rəsulullahın ilk işi: Məscid inşası

İslam tarixində bir dönüş nöqtəsi sayılan Allah Rəsulunun (s.ə.s) Məkkədən Mədinəyə hicrətindən sonra icra etdiyi ilk işlərdən biri məscid inşası - Məscidi-Nəbəvinin tikilməsidir. Hz. Peyğəmbərin (s.ə.s) özü tərəfindən inşa etdirilən Məscidi-Nəbəvi Allah Rəsulunun Mədinədəki bütün fəaliyyətlərinin mərkəzi funksiyasını daşımış və fəaliyyət funksiyaları baxımından sonrakı dövrlərdə inşa edilən məscidlərə nümunə təşkil etmişdir.

Məscidi-Nəbəvinin adı Qurani-Kərimdə birbaşa keçməsə də: “..İlk gündən etibarən təqva üzərində qurulmuş məscid..” ifadəsi ilə (ət-Tövbə, 108) Məscidi-Nəbəvi (və ya Quba məscidinin) nəzərdə tutulduğu nəql olunmaqdadır. (Müsnəd, III, 91; Müslim, Ḥəcc, 514; Təbəri, Camiul-bəyan, XI, 26-28)

Hicrət kimi böyük bir hadisədən sonra Allah Rəsulunun özünə ev inşa etmədən əvvəl məscid inşa etdirməsi mühüm bir hadisədir. Qurani-Kərim insanlar üçün qurulan ilk ibadət evinin Məkkədəki Kəbə olduğunu bildirir. (Ali-İman, 96) Kəbənin Hz. Adəm (ə.s) zamanında tikildiyini tarixi qaynaqlardan öyrənirik. Bu məlumatlar işığında məbədlərin də insanlığın tarixi ilə başladığını deyə bilərik.

Məscid içində Allaha ibadət etmək üçün inşa edilən yerdir və “səcdə edilən yer” mənasına gəlir. Namazın başqa rüknləri də olmasına baxmayaraq, bu ad səcdədən götürülmüşdür. Çünki səcdə insanın hələ ilk yaradılışında şahid olduğu hörmət və təzimin ən gözəl ifadəsidir. (əl-Bəqərə, 34) Həmçinin, Hz. Peyğəmbərin (s.ə.s) bildiridiyinə görə, qulun Allaha ən yaxın olduğu an səcdə anıdır. (Nəsai, Tətbiq, 78)

İslam cəmiyyəti üçün məscid çox böyük əhəmiyyət daşıyır. İlk zamanlarda məscid təkcə ibadət yeri olaraq deyil, ilk universitetin təməli sayılan, Suffə adı verilən məktəb olaraq da xidmət göstərirdi. Bununla birlikdə, həmçinin İslamın təməl xüsusiyyətinə uyğun olaraq dini və dünyəvi işlər birlikdə icra edilir, namazlar cəm halda burada qılınır, elçilər burada qəbul edilir, maliyyə işləri burada görüşülürdü. ( Muhamməd Həmidullah, İslama giriş, 61) Sonra şərtlər dəyişdikcə ehtiyaca görə məscidlərdə görülən bu cür işlər bəzi müstəqil qurumlara ayrılmışdır.

İslamiyyət camaat dinidir. Bu ictimai birliyi təmin etmək üçün Rəsulullahın Mədinədəki ilk işi hamının bir yerə yığışacağı, birlikdə ibadət edib bir-biri ilə ünsiyyət quracağı məkan – məscid inşası olmuşdur. Yaxşılığı əmr etmək, pis işlərdən çəkindirmək kimi hər bir kəsin etmək məcburiyyətində olduğu vəzifələrin ən gözəl şəkildə tətbiq edildiyi yer də məhz məscidlərdir.

İslam gəlmədən əvvəl bir-birinə düşmən olan millət və qəbilələri, dağınıq insanları birləşdirən, qaynaşdıran, hətta bu gün belə insanları bir bədənin üzvləri kimi bir-birinə bağlayan müəssisələr məscidlərdir.

Məscidlərimiz cəmiyyət həyatımızın təməl daşlarıdır, elm və irfan məktəblərimiz, Quran və iman mədrəsələrimizdir. Ruhumuzun qidalandığı, təmiz mənəvi hava tənəffüs edib mənəvi qazanc əldə etdiyi səadət və həqiqi hüzur evlərimizdir.

Məscidlər, içində bütün möminlərin hüzur və sükunət ilə, könül birliyi ilə, çiyin-çiyinə, diz-dizə, bir darağın dişləri kimi bərabər şəkildə, gənc-qoca, amir-məmur fərqi qoymadan eyni məqsəd üçün Allaha yönəldiyi müqəddəs məbədlərimizdir.

Və məscid bir diyarın müsəlman ölkəsi olduğunu göstərən əlamətlərdəndir. Burada da Peyğəmbərimizin (s.ə.s) ilk fəaliyyət olaraq məscid tikdirməsinin nə dərəcədə simvolik əhəmiyyət kəsb etdiyini görürük. Mədinəyə ayaq basan ticarət karvanları və xarici təmsilçilərin ilk diqqətini çəkən yer məscid olurdu. Bura onlar üçün İslam mədəniyyətinin müşəxxəs nümunəsi idi. Haraya gəldiklərini, buradakı insanların xüsusiyyətlərini məsciddə müşahidə edirdilər.

 

Peyğəmbərimizin (s.ə.s) İslamın şərtlərindən biri olan namazın məscidlərdə camaatla qılınmasını təşviq etməsi də çox mühümdür. Camaatla qılınan namazın daha fəzilətli olduğunu, səhər-axşam məscidə gedib-gələnə cənnətdə bənzərsiz mükafat hazırlandığını, qəlbi məscidə bağlı olanın qiyamət günündə Allahın kölgəsi ilə kölgələnəcəyini, uzaqda olanlar məscidə gedərkən daha çox yol getdikləri üçün savablarının daha çox olacağını müjdələməsi, camaata gəlməyənləri münafiqlik əlaməti daşımaqla xəbərdar etməsi bir müsəlman üçün məscidin nə qədər mühüm olduğunu göstərməkdədir. (Buxari, Müxtəsər Təcridi-Sarih, Kitabul-Əzan, 389-92; 396, 397)

Bu nəql də məscidin və məscidə əhəmiyyət göstərənlərin qiymətini çox gözəl şəkildə göstərməkdədir. Allah-Təala belə buyurur: “Mən yer üzü xalqına əzab etməyi murad etdiyimdə, məscidləri inşa, təmir, səliqə-sahman və işıqlandırmaqla əhya edənləri, mənim rizam üçün bir-birilərini sevənləri və səhər vaxtlarında istiğfar edənləri gördükdə, onlara əzab etməkdən vaz keçirəm". (Beyhəqi, Şuab,19/53; Həsən Hüsnü Ərdəm, İlahi hədislər, 28)

 

Qısa da olsa, təkcə bu cəhətlərdən baxanda görürük ki, məscidlər həm dinimiz, həm də cəmiyyətimiz üçün nə qədər böyük əhəmiyyət daşımaqdadır.

PAYLAŞ:                

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz