MÖVLUD ƏDƏBİYYATI

MÖVLUD ƏDƏBİYYATI

İslam mədəniyyəti insanlıq aləminə qədəm basdığı ilk gündən etibarən öz töhfəsini vermiş, cəmiyyətin inkişafı və səadəti naminə bir çox yeniliklər gətirmişdir. Yetimin, kasıbın, qız uşaqlarının haqlarının qorunması ilə başlayan bu proses təmizliyin, oxuyub-yazmağın, halal qazancın, insanlıq üçün sədəqeyi-cariyə olaraq qurub-yaratmağın yayğınlaşması ilə zirvəyə ucalmışdır. Həzrət Peyğəmbərin (s.ə.s) vəfatından sonra da, əsrlər boyu davam edən bu yüksəliş zərfində elm sahəsində, memarlıq sahəsində yaşanan inkişafla yarışan başqa bir sahə də vardı: ədəbiyyat. İslam tarixi boyunca Həzrət Peyğəmbəri vəsf edən, Onun (s.ə.s) şəmailini, həyat hekayəsini və yüksək əxlaqını anladan saysız ədəbi əsərlər qələmə alınmışdır.

Bu ənənə heç də sonradan deyil, elə Peyğəmbərin öz sağlığında var olmuş, buna rəvac verilmişdir. Bunun ən gözəl nümunəsi Şairun-nəbi deyə tanınan mədinəli şair Hassan ibn Sabitdir. Hassan cahiliyyə ərəbləri arasında çox tanınmış, hətta ən güclü şair sayılırdı. İslamiyyətdən əvvəlki Ukaz yarmarkalarında keçirilən şeir müsabiqələrində qalib gəlmiş, qəzəlləri ilə insanları məst etmişdi. İslamiyyətdən sonra şeirlərində Allahın Rəsulunu mədh etməyə başlamış, ona fəxriyyələr demişdir. Kab bin Malik və Abdullah bin Rəvaha da Peyğəmbər şairləri kimi tanınırdısa da, Hassanın yeri və təsiri başqa idi. Bu, Hassanın öz gücü deyil, dilindəki söz gücü idi. Bəli, ondakı sözün gücü o qədər kəsərli idi ki,  Rəsulullah Hassanın fitri qabiliyyətini və ilhamını Ruhul-qüdsün təyid etdiyini bildirərək ona xüsusi dua etmişdir (Buxari, Elm, 68; Ədəb, 91...). Hətta Rəsulullah Məscidi-Nəbəvidə ona xüsusi minbər ayırmışdı ki, ora çıxıb şeirlərini dilə gətirsin. Hassanın oğlu Abdurrahman da şair olmuş, atasının şeir mirasını, ədəbi yaradıcılığını davam etdirmişdir. Xülasə, İslam mədəniyyətində ədəbi fəaliyyətin – şeirin, nəzmin xüsusi yeri və dəyəri olmuşdur.

Həzrət Peyğəmbərin (s.ə.s) vəfatından sonra bir çox şairlər İslamın mesajları ilə yanaşı, Peyğəmbərin həyatını da anladan, onun əxlaqını və uca vəsflərini, şəmaili-şərifini bəyan edən əsərlər – şeirlər, məsnəvilər, qəzəllər, nətlər qələmə almışdır. Zaman ötdükcə bu əsərlər xalq arasında oxunmaqla yanaşı, Həzrət Peyğəmbərin dünyaya gəlişinin anıldığı mövlud günlərində daha çox gündəmə gəlməyə başlamışdır (Mövlud - ərəb dilində vəladət gününü, yəni insanın doğulduğu günü ifadə edir). Beləliklə, İslami yaradıcılığın daha bir töhfəsi – Mövlud ədəbiyyatı formalaşmışdır.

Mövlud ədəbiyyatının ilk nümunələri arasında elə ilk dövrlərdə qələmə alınan Kab b. Züheyrin “Qəsidətul-bürdə” (Kab səhabeyi-kiramdandır), Busirinin “Qəsidətul-həmziyyə”, Şəmsəddin İbnul-Cəzərinin “Mövludun-nəbi”, Cəfər bin Hasanın “İkdul-cövhər/Mövludun-nəbi” kimi əsərlərini nümunə göstərmək olar. Sadaladığım bu əsərlər daha çox ərəb dünyasında və ərəb dilini mənimsəyən Şimali Afrika bölgəsində məşhur olmuşdur. Türk dünyasında isə ən çox tanınan və yayılan mövlud nümunəsi Süleyman Çələbinin “Vəsilətun-nəcat” adlı mövlududur. Bunun da, əlbəttə, xüsusi səbəbləri var.

Əvvəla bunu qeyd etməliyəm ki, “mövlud” mərasimi əsla bir ibadət deyil, dində yenilik sayılmır və İslamın əsasları arasında yer almır. Bunu niyə vurğulayıram, çünki dini ibadətlər əsasən ərəb dilində yerinə yetirilir. Namazda Quran və dualar ərəb dilində oxunmalıdır ki, namaz məqbul sayılsın. Həmçinin əzan və bir çox dini rituallar da belədir. Lakin mövlud mərasimi sadəcə Həzrət Peyğəmbərin vəladətinin xatırlanması, onun anılması tədbiridir. İslam alimlərinin bu tədbirə rəvac vermələrindəki əsas məqsəd Rəsulullahın xalq arasında tanıdılmasını asanlaşdırmaq, onun anılması ilə xeyirli bir işə vəsilə olmaqdır (Ətraflı məlumat üçün “İrfan” jurnalının 144-cü sayındakı məqaləmizə baxın). Elə isə məqsədin hasil olması üçün mərasimin hər kəsin başa düşəcəyi bir şəkildə icra edilməsi, mövlud mətninin xalqın anladığı dildə oxunması lazımdır. Elə bu zərurət səbəbi ilə türk dünyasında ərəbcə mövludlardan daha çox Süleyman Çələbinin (1351 - 1422) türkcə-osmanlıca mövludu rəvac tapmışdır. (Ümumiyyətlə, türkcə yazılan mövludların sayı 200-ə yaxındır.)

Canlı varlıq sayılan dil gündən-günə dəyişdiyinə görə, bu gün həmin mətni başa düşməkdə çətinlik çəkirik. Buna görə bir çox bölgələrdə mövlud icra edən din xadimləri - ərəbcə, yaxud osmanlıca bilikləri varsa - kəlmələri şərh edərək açıqlayır, yaxud ədəbiyyat qabiliyyəti olanlar oradakı anlaşılmayan kəlmələri heca quruluşunu və vəzni pozmadan müasir ifadələrlə əvəz edərək mətni anlaşılır hala gətirirlər. Oxunan mətn xalq tərəfindən nə qədər rahat anlaşılan olarsa, möluddakı məqsəd də o qədər gerçəkləşmiş olar.

O ki qaldı mövludun təğənni ilə, hansısa bir musiqi əsəri kimi oxunmasına, bu bir həqiqətdir ki, insanın daxilində musiqiyə qarşı fitri bir ehtiyac var. Niyə əzanı xüsusi məqamlarla, özünəməxsus avazla oxuyuruq? Niyə Quranı xüsusi təğənni ilə oxuyuruq? Sadə mətn insanın ürəyinə yatmır, ruhuna işləmir. Buna görə də hər bölgədə (Azərbaycanda, Türkiyədə, Borçalıda, Dağıstanda, Ərəb dünyasında) o bölgənin ruhunu, musiqi duyumunu əks etdirən müxtəlif oxuma tərzləri formalaşmışdır. Buna isə ancaq hörmətlə yanaşmaq lazımdır.

PAYLAŞ:                

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz