“Peyğəmbər”i Azərbaycana hicrət etdirən şair

“Peyğəmbər”i Azərbaycana hicrət etdirən şair

Bir Cavid əfəndi vardı, çoxlarının milli kimliyindən və mənəvi dəyərlərindən qaçıb “yad başlar”ın dedikləri ilə düşünüb, yazıb, yaşadığı anda nə elindən imtina etdi, nə dilindən, nə dinindən... Çoxlarının bir tikə çörək üçün, bir neçə gün daha yaxşı yaşamaq üçün amallarından yan keçib insanları “Uçurum”a aparan rejimin təbliğat maşınına çevrildiyi dövrdə öz fikrindən qaçmadı, əksinə, mübarizəsinin alovunu qızışdırdı, həqiqi eşqin nə olduğunu göstərmək məqsədi ilə atəşin ortasına atılan pərvanə kimi özünü oda atdı...

Bir Cavid əfəndi vardı, qulların özlərini tanrı zənn etdiyi rejimə açıq savaş açaraq onların “İblis”dən fərqlərinin olmadığını üzlərinə vurub, Allahsızlaşdırılma prosesinin dövlət ideologiyasına çevrildiyi anda “Peyğəmbər”i yazaraq qurulan sistemə misraları ilə peyğəmbər kimliyini, həqiqi məhəbbəti, əsl ədaləti göstərdi...

Bən məhəbbət əsiriyim... hər an,
Hər zaman özlərim bir öylə cihan
Ki, bütün kainatı eşq olsun.

Hüseyn Cavid “Peyğəmbər” dramını 1922-1923-cü illərdə yazıb müəyyən hissəsini əvvəlcə “Maarifçilik və Mədəniyyət” jurnalında, daha sonra tam halda 1923-cü ildə Azərnəşrdə nəşr etdirir. Peyğəmbər dramı SSRİ maraqları ilə üst-üstə düşmədiyinə görə səhnələşdirilmir. 1938-ci ildə şair həbs ediləndə məhz “Peyğəmbər” əsəri ona qarşı yönəlmiş əsas ittihamlardan biri olur. Repressiya ilə Azərbaycandan sürgün edilən Cavid əfəndi 1941-ci ildə Sibirdə vəfat edir.

Peyğəmbər dramının yazılma səbəbinə üç nöqteyi-nəzərdən baxmaq lazımdır:

  1. XVIII əsrdən başlayaraq kapitalın/maddənin insanı/mənəvi olanı üstələməsi, bəşəriyyətin ona doğru qaçması;
  2. I Dünya müharibəsi başda olmaqla yer üzünün hərb məkanına çevrilməsi və yaratdığı dərin psixoloji sarsıntılar fonunda insanların ümidsizliyi, şərin hakimliyinə inamın artması;
  3. Cümhuriyyətin süqutundan sonra Allahsızlığı/dinsizliyi konsepsiyalarına daxil edən sosialistlərin hakimiyyətə gəlməsi, mənəvi ab-havanın əsər-əlaməti olmayan ədalət prinsipləri içində və nifrət nitqi üzərində qurulan idarəçiliyi.

Yüz çevirmiş də Tanrıdan insan,
Küfrü haqq, cəhli mərifət sanıyor.

Dram poetik təfəkkür nümunəsi olmasına rəğmən, Hz. Muhammədin (s.ə.s) həyatının xülasəsini, irşad yolundakı çətinlikləri, ona qarşı səsləndirilən iddiaları (dəli, şair) məharətlə muncuq kimi nəzmə düzüb. Şair real hadisələrin xəttindən kənara çıxmadan möhtəşəm estetik nümunə yaradıb. Bisət, Dəvət, Hicrət və Nüsrət adlı dörd pərdədən ibarət dramda Cavid əfəndi obrazların çoxluğundan və onların adlandırılmasından yayınaraq daha çox diqqəti üçlüyə, yəni mələk, skelet və peyğəmbərə çəkməyə çalışıb.

“Aydın və yıldızlı bir gecə. Məkkə yaqınlığında Hira dağı... Peyğəmbər əli alnında dərin düşüncələrə dalmış... O, qırq yaşında, gözəl, vəqarlı bir sima... Alnı, köksü, omuzlarının arası geniş; rəngi gül rənginə mail əsmərimsi və nurani... Saçları nə pək qıvırcıq, nə də pək düz; saqqalı bir tutam, sıq və tam... Böyük başlı, hilal qaşlı, çəkmə burunlu, dəyirmi çöhrəli, orta boylu, iri kəmikli; kiprikləri uzun, iki qaşının arası açıq, fəqət bir-birinə yaqın. Gözləri qara və büyücək...” [1]

Bu remarka ilə əsərin Bisət  pərdəsi başlayır, mələk Peyğəmbərə xitab edərək ona Allahı - ən gözəl, ədalətli və mərhəmətli olanı insanlara təbliğ etməsini bildirir.

Yıq xurafatı, əski bütləri qır,
Kim yol azmışsa, haqqa doğru çağır
!..

 Peyğəmbərin şaşqınlığı, dövrünün cəmiyyətinin bütlərə inanmağı, onu dinləməmə ehtimalları, möcüzə istəyəcəklərini şair qısa şəkildə ustaqlıqla ifadə edir. Məsələn, Qurani-Kərimə işarə edərək ən böyük möcüzənin kitab olduğunu qeyd edir. Pərdənin sonunda skelet (şeytan, iblis) peyğəmbəri alnındakı ulduzdan (işıq, nur) tanıyır, peyğəmbərliyin və bəşəriyyətə Allahın varlığını çatdırma amalının şairanə, tatlı xəyal olduğunu söyləyərək onu irşaddan yayındırmaq istəyir.

İnqilab istiyormusun, bana baq!
İştə kəskin qılıc, kitabı buraq!..

 

“Dəvət” pərdəsinin girişində ixtiyar və topal obrazlarının qız və oğul övladları arasındakı söhbətlərdən qız övladının bədbəxtlik, oğulun isə xoşbəxtlik gətirdiyini görmək mümkündür. Bu düşüncələrin Allaha qarşı üsyan olduğunu bilən peyğəmbər üzünü insanlara tutaraq yaratdıqları saxta bütlərdən uzaqlaşıb, İblisə uymaqdan qaçıb gözəgörünməz olana, kainatı yaradana inanmağa, ona ibadət etməyə çağırır:

 

Bütün mə’budların fevqində parlar
Yalnız gözəgörünməz bir Tanrı var,

O mə’nasız yolu həp unutmalı,
Unutmalı, haqq yolunu tutmalı.

“Hicrət” pərdəsi Hz. Peyğəmbərin 622-ci ildə Məkkədən Mədinəyə köç etməsinin poetik təsviridir. Peyğəmbər və ona inananlara qarşı Məkkədə şiddətli hadisələr baş verir, zülmə məruz qalırlar. Xəttaboğlunun timsalında peyğəmbərə israrla qılıncların çəkilməsi, döyüşmək tövsiyə edilir, ancaq o, göylərdən əmr gəldiyini və köç ediləcəyini bildirir.

Xəttaboğlu:            Söylə, hər kimsə düşmanın gedəyim,
                               Öc alıb bir vuruşda məhv edəyim.

Əbu Talib oğlu:       Hər nə zülm etdilər durub baqdıq,
                               Şimdi yox qəbrə ehtiyac artıq.

Peyğəmbər:            Tanrıdan çünki böylədir fərman,
                               Köç! Əvət köç diyor böyük Yaradan.

Sonuncu “Nüsrət” pərdəsində peyğəmbərin Mədinəyə gəlişi, mədinəlilərin ona qarşı müsbət və mənfi fikirləri, bəzilərinin, xüsusən rəislərin peyğəmbərin birdən-birə parlamasını təəccüblə qarşılamaları, kahin, keşiş və xaxamların peyğəmbərə inanması, son peyğəmbər olmağına şahidlik etmələri, hətta peyğəmbərliyini təbrik etmələri kimi xüsuslar yer alır.

Cavid əfəndi dramın pərdələrinin sonunda qılınca qarşı çıxaraq peyğəmbərin eşqi, məhəbbəti seçdiyini, “Peyğəmbər” əsəri ilə dünyada baş verən müsibətlərin səbəbinin məhz İslamdan uzaqlaşmaqda, gözəllikdən, sevgidən məhrumluqda olduğunu xatırladır. “Nüsrət” pərdəsində peyğəmbərin dilindən “O, gözəldir, sevər əlbət gözəli” fikri səsləndirilir. O, irfanı ön plana çəkərək insanın irfan işığından parıldadığını vurğulayır.

Gərçi xilqətdə bəşər birsə, yenə
Eş deyil bilməyən əsla bilənə.

Kişi irfan işığından parlar
Şübhəsiz bilgidə Allah gücü var.

Hüseyn Cavid məscidlərin bağlandığı, ibadətlərə qadağaların qoyulduğu, müsəlman kimliyinin qorxunc hala salındığı bir vaxtda peyğəmbəri Azərbaycana hicrət etdirdi, sıxışdırılıb itirilməyə çalışılan müsəlmanın idealı Hz. Peyğəmbəri qurtuluş çarəsi olaraq göstərdi. Cavid əfəndi dramın sonunda Azanı verərək, insanları şəhadətə səslədi...

Allahu əkbər... Allahu əkbər...
Allahu əkbər... Allahu əkbər...
Əşhədu ən la ilahə illəllah...
Əşhədu ən la ilahə illəllah...

 

 

[1] Hüseyn Cavid, “Peyğəmbər”. Əsərin remarkası qısaldılmış formada verilmişdir.

PAYLAŞ:                

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz