NƏBƏVİ MÜJDƏ
Allah Rəsulu (s.ə.s) bir hədisində belə buyurur: “Başqa heç bir kölgənin olmadığı Qiyamət günündə Uca Allah yeddi sinif insanı Ərşinin kölgəsində kölgələndirəcəkdir. O yeddi sinif insan bunlardır:
- Ədalətli dövlət başçısı,
- Rəbbinə qulluq edərək təmiz bir həyat içində böyüyən gənc,
- Qəlbi məscidlərə bağlı müsəlman,
- Bir-birilərini Allah üçün sevib, görüşmələri də, ayrılmaları da Allah üçün olan iki insan,
- Gözəl və imtiyaz sahibi bir qadının birlikdə olmaq istəyinə qarşı: “Mən Allahdan qorxuram!” - deyərək ona yaxınlaşmayan gənc,
-Sağ əlinin verdiyini sol əlinin bilməyəcəyi qədər gizli sədəqə verən kimsə,
- Tənhada Allahı xatırlayıb göz yaşı tökən şəxs”. (Buxari, Azan, 36; Müslim, Zəkat, 91)
Yeddi xoşbəxt insan...
Həqiqətən, bu hədisdə yer alan şəxslər hər biri ayrı-ayrılıqda tərifə və təqdirə layiq insanlardır. Edilməsi ən çətin olan işləri görərək o məqamı əldə etmişlər. Ancaq mövzumuzla əlaqəsi olduğu üçün bu yazımızda daha çox ürəyi, qəlbi məscidə bağlı olan şəxslərdən bəhs etmək istəyirəm.
Başqa bir çox hədislərində olduğu kimi, Allah Rəsulu (s.ə.s) burada da müsəlmanları məscidlərə bağlı qalmağa, camaatla bir yerdə olmağa, birlik və bərabərlik nümayiş etdirməyə təşviq etməkdədir.
Qəlbi məscidə bağlı olmaq demək, məscidlərə könül vermək, məscid mərkəzli yaşamaq, həyatını, gəncliyini, ömrünü ibadətə həsr etmək deməkdir.
Biz dünyaya yeni gələn körpələrimizin sağ qulağına azan, sol qulağına isə iqamə oxuyuruq, dünyadan ayrılmağımız da yenə Allaha ibadətlə - namazla (cənazə namazı ilə) olur. Hətta bəzi ölkələrdə olduğu kimi: məscidlərdə qılınan cənazə namazı ilə. Bu da onu göstərir ki, biz bu fani dünyaya qul, bəndə olmaq, namaza və məscidlərə sahib çıxmaq üçün gəlmişik.
Məscidlər Allahın evi, bir növ Kəbənin şöbələridir. Qədim dövrlərdə müsəlman əcdadımız bir yurd salmaq, bir kənd, şəhər qurmaq istədiyi zaman əvvəlcə mərkəz təyin edilən bir yerə məscid inşa edər, daha sonra ətrafında evlər, mağazalar, bazarlar tikərdilər. Bütün yollar məscidə çıxardı, bütün qurumlar məscidlərə baxardı. Həyat məscidlərdən oxunan azanlara görə şəkillənərdi. Məscidlərdə qılınan namazlar həyata yön verər, evlər, hamamlar, məktəblər, mədrəsələr, bazarlar, mağazalar - hamısı məscidin kölgəsində yerləşərdi. Məscidin kölgəsində olduğu üçün heç kim günah işləməz, məscidin Sahibinin göstərişlərinə tam əməl olunardı. Hər kəs azanı eşidən kimi məscidə, təmizlənməyə, paklanmağa tələsərdi. Hətta qadınlar və uşaqlar da camaat namazında iştirak edərdilər...
Bundan əlavə, məscidə bağlı olan, məscid mərkəzli yaşayan bir insan eyni zamanda elmli, mərifət sahibi və qəlbində mərhəmət duyğusu olan bir şəxs kimi də formalaşacaqdır. Belə bir gənc, məsciddə tədris olunan Qurani-Kərimi və özünə lazım olan ibtidai dini bilikləri öyrənəcək, dininə sadiq qalacaq, ata-anasına, böyük-kiçiyə şəfqət və mərhəmətlə yanaşacaq, elinə, obasına, xalqına və millətinə layiqli bir övlad olacaqdır. Çünki məscidlər bu kimi mənəvi dəyərləri aşılayan, insanların mənən paklanmasına, ədəbli və həyalı olmasına xüsusi diqqət göstərən mərkəzlərdir. İslam dini, mənsubu olan fərdlərinin elmli, ədəbli, yüksək əxlaq sahibi olmasına hər zaman diqqət göstərməkdədir. Belə bir fərdin yetişməsinin əsas yolu da məhz qəlbinin hər daim məscidə bağlı olmasıdır.
Hamımız etiraf edərik ki, qəlbi daim çayxanalarda, oyun və əyləncə mərkəzlərində olan, veyil-veyil gəzib-dolaşan, elmdən, kitabdan, ibadətdən uzaq olan bir gənc gələcəyimiz üçün təhlükədir. Bu kimi insanların nə özünə, nə ailəsinə, nə də xalqına xeyri var. Əksinə, cinayət əməllərinin bir çoxunu bu kimi tüfeyli həyat keçirənlərin törətdiklərinin şahidi oluruq.
Xülasə, müsəlman üçün qəlbinin hara bağlı olması mühüm bir məsələdir. Qiyamət günü Uca Allahın Ərşinin kölgəsində olmaq istəyiriksə, əvvəla özümüz, sonra da övladlarımız, gənclərimiz olaraq bu dünyada məscidlərin kölgəsində həyat sürməyi bacarmalıyıq.
ŞƏRHLƏR