İSLAMIN GÜZGÜSÜ MƏSCİDLƏR
İslam sənətinin əsas missiyası bizə “Allahı yenidən xatırlatmaq”, o ilk və son gerçəyi yaxından tanıtmaq, var etdiyi və sonunda yox edəcəyi bu kainatda Allahın gözlə görülməyən varlığının hər zaman heyranedici yeni bir təcəllisini bizə yaşatmaqdır.
Məscid hər şeydən əvvəl namaz qılınan məkandır. Bu səbəblə tarixən namazın qılındığı məkan fərd çapında deyil, camaat nisbətində genişləndirilmişdir. Bütün məscidlərin qibləsi və bütün səccadələr sanki maqnit cazibəsinə ram olmuş kimi üzü Məkkəyədir. Hər biri sanki yuxarıdan atılan daşın durğun suda yaratdığı və ard-arda genişlənən halqalara bənzəyir. Bu halqalar yuvarlaq yer üzündə bir nöqtəni mərkəzə alaraq bir-birini təqib edən dairələr əmələ gətirir.
Eynilə musiqi və şeiri kimi İslamın gözə xitab edən bütün sənətləri də İslam inancının əsas hədəfinin estetik ifadəsindən başqa bir şey deyil. Yəni İslamın bütün sənətləri insanı məscidə, məscid də ibadətə səsləyir.
Kəbə dörd üfüqün qovuşduğu mərkəzi bəzəyən kristal daşdır. Bütlərə yer verməyən bu məbədin içərisinin boş olması hər şeydən əvvəl daxilini mənfəət və ehtirasdan təmizləyərək Allaha qovuşmaq istəyən ruhu təmsil edir. Dünyadan uzaqlaşaraq Allaha açılan tərtəmiz qəlbi...
Məscidlərin inşasında istifadə olunan hər bir tərz İslam ruhaniyyətinin bir başqa nüansını meydana gətirir. Tarixi məscidlərimizin memarlıq üslubuna baxdıqda qarşımıza çıxan ünsür fərqli mədəniyyətlər arasında özünü ifadə etməyi bacaran bir inancın birlik və bütünlüyüdür. Hicrətin üstündən hələ bir əsr keçmədən doğan İslam memarlığı Antik Yunan və Roma, Fars və Bizans memarlığını və zehniyyətini köklü olaraq dəyişib öz dünya görüşü içində bütünləşdirməyi bacarmışdır.
İslam memarlığının ilk şahəsəri Qübbətus-Saxra Hz. Peyğəmbərin vəfatından yarım əsr sonra inşa edilmişdir. Ruhunu yaxalamaq üçün bu adibəni diqqətlə oxusaq, əsas etibarı ilə imanın ifadəsi olan “İslam sənəti”nin ana xətlərinin toxumunu özündə cəm etdiyini görərik. Qübbətus-Saxra Allahın bir rəmzidir. Burada hər şey insanı gündəlik olanın fövqündəki həyatla bütünləşdirir.
Şamdakı Ümeyyə camesindən Kordova camesinə, İsfahanın bərq vuran məscidlərindən Süleymaniyyəyə, Tac-Mahal kimi cəvahirə bənzər türbələrdən Qranadanın əfsunlu sarayı Əlhəmraya qədər İslam memarlığını özünəxas qılan ünsür filan sütun və ya filan sütun başlığı, filan kəmər və ya filan mozaikanın icadı deyil, əksinə, yeni bir məkan anlayışını meydana çıxarmasıdır.
Əzhər camesinin həyətinə girdikdə sanki olduğunuz yerin dünyadan ayrı bir yer olduğunu hiss edər və uçan xalçanın üstündə durduğunuzu zənn edərsiniz. Məscidin geniş həyəti bizi məkanın fövqünə, iç məkansa zamanın fövqünə aparar. Hər ikisi də bizi zaman və məkandan münəzzəh olan Allaha qovuşdurar.
İstanbuldakı Süleymaniyyə Camesinin gözqamaşdırıcı xalıları öz rəngləri ilə ayaqlar altında alov saçırmış kimi parıldayır, səcdə məkanı sanki işığa qərq olur.
Üst hissəsində dairəvi qübbə olan kubik tərzli Osmanlı məscidlərinin harmoniyası Süleymaniyyə Camesində ən möhtəşəm bəstəsini otaya qoyur. Memar Sinan Ayasofiyaya meydan oxuyur. Qəsdli olaraq inşasında Ayasofiyanın planını tətbiq edir, lakin bunu Bizans ustaları ilə yarışmaq üçün etmir. Bu böyük ustalıq məharətini sırf xristianlığın məkan anlayışı ilə İslamın məkan anlayışı arasındakı fərqin zahirən bir-birinə yaxın memarlıq tərzi ilə necə ifadə edilə biləcəyini göstərmək üçün sərgiləyir.
Acı bir həqiqətdir ki, İslam düşüncəsində durğunluq dövrünün başlaması ilə daşlar da yuxuya daldı. Məscidlərin inşasında əvvəlkilərin təqlidi ilə kifayətləndik. Eynilə göyə uzanan zəng qüllələri yüksəldən xristian imanı yaşamaz və yaşanmaz olduğu üçün Qərbin XIII əsrdən etibarən kilsə memarlığında kafedralları təqlid etməsi kimi...
Əgər hərəkət və fəaliyyət varlığı mayalayaraq canlandırmır və ona həyat bəxş edə bilmirsə, həmin varlıq ölüdür. Çünki varlıq hərəkəti doğurmaq qabiliyyətində deyil.
Bu mənada diri ruhla, səmimi və pak imanla qılınan, yaşanan və yaşadılan namaz məscidi, həm də yepyeni bir məscidi doğurur. Bunun əksinə, keçmişin təqlidinə saplanıb qalan məscidlər yalnız namazı mexaniki təkrara çevirir və ruhsuz şəkilçilikdən ibarət qılır. Ona görə də bu gün ilk və ən əhəmiyyətli vəzifəmiz məscid tikmək yox, həqiqi müsəlmanlar yetişdirməkdir. Yalnız o zaman yeni məscidlər bir-biri ilə yarışa girər. Eynilə Hz. Peyğəmbərin səhabələri kimi, yaşadıqları anın ehtiyacına cavab verən və dipdiri imanla ayağa qalxan müsəlmanları yetişdirmək... Allahın hər an və hər saniyə durmadan yaratmaqda olduğu bu dünyaya öz imanlarından doğan hərəkətlə şəkil verməyə hazır olan qurucu və yaradıcı müsəlmanları...
Bəli, gələcəyin məscidləri yalnız onlar tərəfindən canlı, diri, yaşayan ruhla inşa ediləcəkdir.
Roje Qarodi
[1] Məşhur fransız filosof, İslam mütəfəkkiri Prof. Roje Qarodinin eyniadlı əsərindən ixtisarla.
ŞƏRHLƏR