SUAL? - CAVAB!
Sual: Allah necə bir varlıqdır? Biz Onu necə tanımalıyıq? Onu tanıya bilmək üçün hara müraciət etməliyik?
Cavab: Əvvəla qeyd edək ki, Uca Allahı tanımaq hər bir müsəlmanın ən mühüm vəzifəsidir. Odur ki, hər bir müsəlman Uca Allahın ad və sifətlərini öyrənməli və bunların mahiyyətinə uyğun öz həyatını və davranışlarını nizamlamalıdır. İnsanlar bu kainatdakı varlıqlardan, eləcə də onların nizam-intizam içərisində olmasından hərəkət edərək bir yaradıcının varlığını öz ağılları ilə dərk edə bilərlər. Həmçinin Onun təkliyini, elm, iradə, qüdrət və yaratma kimi bir sıra xüsusiyyətlərə malik olduğunu da dərk edə bilərlər. Ancaq Onun zatını, yəni necəliyini və mahiyyətini dərk etmək qeyri-mümkündür. Bu, yalnız Uca Allahın Özünün verdiyi məlumatlar və izahlar ilə bilinən bir məsələdir. Məhz peyğəmbərlərin insanlara elçi kimi göndərilmələrindəki məqsəd də Uca Allahı tanıtmaqdır. Eyni zamanda insanların yaradılma səbəbi məhz bundan ibarətdir. Çünki Uca Allah “Zariyat” surəsinin 56-cı ayəsində belə buyurur: “Cinləri və insanları yalnız Mənə ibadət etsinlər deyə yaratdım”. Belə olan halda hər şeydən əvvəl Onun hansı xüsusiyyətlərə sahib olduğunu bildirməsi və insanların da bunu öyrənib həyatlarını ona görə formalaşdırmaları labüddür.
Qeyd edək ki, Qurani-Kərimdə Uca Allahın zatını, adlarını və sifətlərini bəyan edən çoxlu sayda ayələr vardır. Hətta ilk ayəsində Uca Allahın “aləmlərin Rəbbi” olduğunu bildirir. Həmçinin insanı qan laxtasından yaratdığını və ona bilmədiyini öyrədən bir Rəbb olduğunu xəbər verir. Qurani-Kərimdə Uca Allahı ən yaxşı tanıdan surə “İxlas” surəsi, Onu ən yaxşı təsvir edən ayə isə “Bəqərə” surəsinin 255-ci ayəsi olan “Ayeyi-kürsi”dir.
“İxlas” surəsində Uca Allahın tək olduğu, həm rəbliyi, həm də ilahlığı baxımından təkliyi vurğulanır. Yəni Allahdan başqa yaradan, yaşadan bir Rəbb olmadığı kimi, Allahdan başqa ibadət edilən, sığınılan və qoyduğu hökmlərə tabe olunan başqa bir ilah olmadığı bildirilir. Uca Allahın ən üstün varlıq, bütün varlıqların möhtac olduğu, lakin Özünün heç bir şeyə ehtiyacı olmayan bir varlıq olduğu qeyd olunur. Belə ki, bütün canlı və cansız hər bir şey həyatını davam etdirmək üçün Ona möhtacdır, lakin O, heç bir varlığa ehtiyacı olmayan ən uca varlıqdır. Uca Allah nə doğmuş, nə də doğulmuşdur. Ona görə də onunla heç bir varlıq arasında qohumluq əlaqəsi yoxdur və bütün məxluqat onun quludur. Həmçinin O, əzəli və əbədidir. Yəni onun başlanğıcı və sonu yoxdur. Heç bir şey Onun tayı və bərabəri deyildir. Uca Allahın zat, ad və sifətlərində rəblik və ilahlıq baxımından ona bərabər heç bir varlıq yoxdur. Odur ki, insanın ətrafında gördüyü hər hansı bir varlıq ilə Uca Allahı müqayisə etməsi düzgün deyil. Belə olan halda kainatda insanın ağlına gələn heç bir şeyin Uca Allah ilə oxşarlığı və əlaqəsi yoxdur. Uca Allah “Şura” surəsinin 11-ci ayəsində belə buyurur: “Onun heç bir oxşarı yoxdur”.
“Ayeyi-kürsi”də əvvəlcə Uca Allahdan başqa heç bir ilahın və məbudun olmadığı, qulluq və ibadət edilməli olan yeganə varlığın məhz Allah olduğu vurğulanır. Onun daim canlı və diri olduğu, barəsində ölüm və yoxluğun düşünülməsinin qeyri-mümkün olduğu bildirilir. Bütün məxluqatı yoxdan yaradan və onları idarə edən məhz Odur. Onu nə mürgü, nə yuxu tutar. Yəni O, nə yorular, nə də istirahət edər. Məhz bu kimi məfhumlar insanlara aid xüsusiyyətlərdir. Uca Allah başqa bir ayədə isə Özü haqqında belə məlumat verir: “O elə bir Allahdır ki, Özündən başqa heç bir ilah yoxdur! Gizlini də, aşkarı da O bilir. O, mərhəmətlidir, rəhmlidir. O elə bir Allahdır ki, Özündən başqa heç bir ilah yoxdur! O, hökmrandır, müqəddəsdir, salamatlıq bəxş edəndir, əmin-amanlıq verəndir, müşahidə edəndir, qüdrətlidir, məcbur etməyə qadirdir, çox ucadır. Allah onların (müşriklərin) Ona şərik qoşduqlarından uzaqdır. O, yaradan, yoxdan var edən, (yaratdıqlarına) surət verən Allahdır. Ən gözəl adlar (əsmayi-hüsna) Ona məxsusdur. Göylərdə və yerdə nə varsa, hamısı Onu təqdis edib şəninə təriflər deyir. O, qüdrətlidir, hikmət sahibidir”. (əl-Həşr, 59/22-24)
Şübhəsiz ki, Uca Allahın ad və sifətləri ilə bağlı Qurani-Kərimdə yuxarıda qeyd edilən ayələrdən başqa çoxlu sayda ayələr vardır. Bundan əlavə, Həzrət Peyğəmbərimizin çoxlu sayda hədisi-şərifləri vardır. Bir hədisi-şərifdə Uca Allahın yüzdən bir əskik, yəni doxsan doqquz adının olduğu və onu əzbərləyib mahiyyətini dərk edərək həyatını onun çərçivəsində nizama salanın cənnətə girəcəyi qeyd edilir. (Buxari, Tövhid, 12)
Yuxarıda da qeyd etdiyimiz kimi, Uca Allahı tanımaq hər bir müsəlmanın ən mühüm vəzifəsidir. Odur ki, Uca Allahın ad və sifətlərini öyrənməli, mahiyyətini dərk etməli və bütün davranışlarını ona müvafiq nizamlamalıdır.
ŞƏRHLƏR