Nensi Pelosinin Ermənistana səfərinin mümkün nəticələri
Azərbaycan, 2020-ci ilin payızında Ermənistan üzərində qələbə çaldıqdan bu yana Qərbin, daha doğrusu, ABŞ və Fransanın qanunverici orqanlarının siyasi təzyiqi ilə üzləşməkdədir. Ötən yazılarımızdan biri Fransa, Hollandiya və Belçika parlamentlərinin 44 günlük müharibədən sonra Azərbaycan əleyhinə olan qətnamələrinin təhlilinə həsr olunmuşdu.
Bu yaxınlarda Azərbaycanın Kəlbəcər rayonunun Ermənistanla sərhədində keçirdiyi hərbi əməliyyatlardan sonra ABŞ Nümayəndələr Palatasının spikeri xanım Nensi Pelosinin İrəvana səfəri haqlı olaraq ictimaiyyətimiz tərəfindən etirazla qarşılandı. Pelosinin məlum abidə qarşısında göz yaşı tökməsi bir yana, Azərbaycanı Ermənistan əleyhinə təcavüzdə günahlandırması hazırda bir neçə yöndə təhlil edilməkdədir.
Sözsüz ki, ermənilərin sıx yaşadığı Filadelfiya ştatından deputat seçilən N.Pelosinin anti-Azərbaycan ritorikasının əsasında bu ilin noyabrında ABŞ Konqresinin alt palatasında keçiriləcək aralıq seçkiləri durur. Ənənəvi olaraq, ermənipərəstliyi ilə seçilən demokratlar seçkiqabağı kampaniyalarda belə mövqe tutmağa bir növ öyrəşiblər. Ölkəmizin əleyhinə açıq sərt bəyanatlarla çıxış edən konqresmenlər - Adam Şif, Bob Mernandezə münaqişə ilə bağlı, tutaq ki, hansısa azərbaycanlı tutarlı arqumentlər gətirsə belə, adı çəkilən şəxslər öz elektorat maraqlarından geri çəkilən deyillər.
Pelosinin səfərinin digər maraqlı tərəfi bu səfərin bütün xərclərinin Ermənistan və erməni diasporu tərəfindən ödənilməsidir ki, bu da öz növbəsində məsələnin konyunktur xarakter daşımağından xəbər verir. Və istər-istəməz belə bir sual meydana çıxır: Bu səfər Azərbaycan üçün hansı risk və çağırışları özündə ehtiva edir? Məlum həqiqət budur ki, Amerikada xarici siyasətin əsas vektorlarını prezident və onun komandası həyata keçirir. Azərbaycan Prezidenti İlham Əliyev xarici telekanallardan birinə verdiyi intervüdə açıqca Cozef Bayden hökumətinin Ermənistanı müdafiə etdiyini bildirmişdi. Digər tərəfdənsə Ermənistan-Dağlıq Qarabağ münaqişəsi ilə bağlı hansı partiyanın olmasından asılı olmayaraq, ABŞ administrasiyası Azərbaycanın ərazi bütövlüyünü tanıyıb, daima münaqişənin diplomatik yolla həll olunması istəyini tərəflərin nəzərinə çatdırıb. Amma bu da faktdır ki, Amerika rəsmi şəkildə heç vaxt Ermənistanı təcavüzkar ölkə kimi tanımayıb.
ABŞ Konqresinin Azərbaycana qarşı ilk atdığı addım “Azadlığa Dəstək Aktı”yla bağlı 1992-ci ildə 907 saylı düzəlişin qəbul edilməsi oldu. Bu əlavə ilə Azərbaycan Dövləti Amerika hökumətinin keçmiş Sovet respublikalarına göstərdiyi yardımdan xaric edilmişdi. 11 sentyabr faciəsindən sonra Azərbaycan beynəlxalq antiterror koalisiyasına qoşulduğundan, oğul Buşun prezidentliyi dövründə həmin düzəlişə moratorium qoyuldu və indiyə qədər hər il partiya mənsubiyyətindən asılı olmayaraq, ABŞ prezidentləri bu moratoriumun qüvvədə qalması haqda müvafiq sərəncam imzalayır.
Nensi Pelosinin Ermənistanda verdiyi bəyanatlardan biri də ölkəsinə qayıtdıqdan sonra Azərbaycana qarşı müvafiq qərarların qəbul edilməsi vədidir. Ehtimal etmək olar ki, nümayəndələr palatası noyabr seçkiləri öncəsi yenidən 907 saylı qətnamənin qüvvəyə minməsi haqda qətnamə qəbul edə bilər. Amma sonrakı mərhələdə bu qərar Senat tərəfindən təsdiq olunmalıdır. Ən son instansiyada ABŞ prezidentinin qətnaməni ya qəbul etməsi, ya da ona veto qoyması səlahiyyəti var ki, bu prosesin ən azından zaman baxımından noyabra qədər baş tutması inandırıcı görünmür.
Eyni zamanda biz dövlət katibi Entoni Blinkenin diplomatik fəallığını görməkdəyik. 19 sentyabrda onun təşəbbüsü ilə Azərbaycan və Ermənistan Xarici İşlər nazirləri arasında çox qısa zamanda Nyu-Yorkda görüşün təşkil edilməsi göstərir ki, Amerika administrasiyası hələ ki, Azərbaycanla körpüləri yandırmaq niyyətində deyil.
Rusiya-Ukrayna müharibəsi reallıqlarının yaratdığı problemlərdən biri Avropanın yaxınlaşan qışda qaz böhranı ilə üzləşməsi ehtimalıdır. Məlumdur ki, artıq 10-dan çox Avropa ölkəsi Azərbaycan qazını idxal etməklə bağlı ölkəmizə müraciət edib. Bu proseslərin fonunda ABŞ-ın ölkəmizlə münasibətlərinin normal səviyyədə qalmasının səbəbini anlamaq olar.
İstənilən halda, ABŞ-dakı noyabr aralıq seçkilərini gözləmək lazımdır. Yeni formalaşacaq Konqresdə respublikaçıların qələbəsi ilə reallığın bizim xeyrimizə dəyişməsini ehtimal etmək olar.
ŞƏRHLƏR