Həyatın mərkəzi: MƏSCİD

Həyatın mərkəzi: MƏSCİD

Hər mədəniyyətin özünəxas müəyyən xüsusiyyətləri var. Mənsublarının sürdüyü həyat tərzi, kulinariyası, memarlıq nümunələri və bu kimi bir çox mühüm xüsus var ki, hər bir mədəniyyəti digərlərindən fərqləndirən mühüm amillərdir.

İlk növbədə qeyd edək ki, İslam mədəniyyəti bir qulluq mədəniyyətidir. Biz bu qulluğu İslamı qəbul edişimizin ilk şərti olan kəlmeyi-şəhadətdə görürük. “Şahidlik edirəm ki, Allahdan başqa ilah yoxdur və yenə şahidlik edirəm ki, Muhamməd Onun qulu və rəsuludur”. Beləliklə, biz Allahdan başqa bütün ilahları rədd etməklə yanaşı, Ona layiqincə qul olan peyğəmbərin ümməti olduğumuzu təsdiq edirik. Hər gün qıldığımız beş vaxt namaz bir qulluq təzahürüdür. Allaha iman edənlər açılan hər yeni günə qulluqla başlayır, gün ərzində qıldıqları namazlarla yanaşı, gecə saatlarında əda etdikləri namazla da günü başa vururlar. Allahın “Və sənə ölüm gələnə qədər Rəbbinə ibadət et! (əl-Hicr, 99) əmri bizə ölənə qədər qulluqdan ayrılmamağı və qul olduğumuzu şüurlu şəkildə idrak etməyi təlqin edir. İlahi kitabımız Quran bizə yalnız qulluğumuzu idrak edərək yer üzünün xəlifəsi ola biləcəyimizi xəbər verir.

Qulluq mədəniyyətinin təzahürlərini islami memarlıq nümunələrində də görürük. Belə ki, orta əsrlərdə salınan İslam şəhərlərinə, yaxud sonradan fəth edilərək islamlaşdırılan bölgələrə nəzər salsaq, hər birinin quruluşca məscid mərkəzli olduğunu görərik. Xəritə planına göz gəzdirdiyimiz bütün İslam şəhərlərinin mərkəzində böyük bir məscid, ətrafında məktəb, bazar, hamam kimi mühüm ictimai obyektlərlə qarşılaşırıq. Mərkəzdən tədricən uzaqlaşdıqca kiçik məhəllə məscidləri və onların da yanında məhəlli əhəmiyyətə malik dükan, emalatxana kimi tikililər görürük. Çünki bütün islami şəhərlər Mədinə modeli əsas alınaraq salınmışdır. Mədinə isə daima bəşəriyyəti Allaha səsləyən, irşad edən Peyğəmbərin dizayn etdiyi, vəhyin qoyduğu ölçülərə görə qurulan bir şəhərdir. Məhz bu şəhərin də əsas planında ən mərkəzi nöqtəni məscid tutur. “Abədə” kökündən gələn məbəd qulluq edilən yer, məscidsə səcdənin məkanıdır. Böyük məscidləri ifadə etmək üçün işlənən “came” kəlməsi isə səcdə edənləri bir araya gətirən, bir yerə toplayan ülvi məkandır. Yəni adı nə olursa-olsun, bu binanın mayasında qulluq şüuru var.  

Memarlıq və sənət nöqteyi-nəzərindən baxsaq, digər islami əsərlərin də məsciddən ilham aldığını görərik. Sarayların, hamamların, karvansarayların üzərini örtən günbəzlər ilk baxışdan bizə məscidi xatırladır. Evlərin qapı-pəncərə çərçivəsində müşahidə etdiyimiz yarımdairələr, rəngarəng şüşələrlə bəzənmiş şəbəkələr bizə məscidi andırır. Şərq üslubu ilə dizayn olunan evlərin oturma salonu ortada buraxılan boşluqla məscidlərin ibadət salonuna bənzəyir. Kitab təzhibləri, qılınc və xəncərlərin qəbzəsindəki işləmələr, xanımların istifadə etdiyi güzgü və daraqların üzərinə həkk olunan naxışlar, xalı motivləri və bu kimi bir çox bəzək nümunələri məscidləri bəzəyən ornamentlərlə, arabesklərlə və xətt yazıları ilə eynilik ərz edir. İslam mütəfəkkirlərindən olan Roje Qarodinin dediyi kimi: “İslamın bütün sənətləri insanı məscidə, məscid də ibadətə səsləyir”. Çünki məscid namazın maddəyə həkk olunmuş forması, namaz qulluğun simvolu, qulluqsa insanın varlıq qayəsidir.  

Məscid İslam mədəniyyətinin və sənətinin ən ali memarlıq nümunəsi olmaqla yanaşı, həyatın axışını da təyin edən mühüm bir müəssisədir. Məscidlərin tarixən mədəni həyatda oynadığı rolu qısa olaraq belə xülasə edə bilərik:

Təlim-tərbiyə mərkəzi. Məscidi-Nəbəvinin inşa edildiyi gündən etibarən burada qurulan Suffə məktəbi məscidin ali elmi mərkəz kimi fəaliyyətindən xəbər verir. İslamı qəbul edən ətraf qəbilələrə, daha sonra uzaq diyarlara göndərilən müəllim və təmsilçilər məhz bu mərkəzdə yetişmişdir.

Rəsmi mərkəz. Bilirik ki, Hz. Muhamməd (s.ə.s) peyğəmbər olmaqla yanaşı, həm də qurulan Mədinə şəhər dövlətinin başçısı idi. Hz. Peyğəmbər yanına gələn elçiləri məsciddə qarşılayır, mühüm qərarları burada verir, dövlətin idarə heyətini burada toplayır, məhkəməsini burada quraraq şikayətlərə baxırdı.   

Hərbi qərargah. Əsri-Səadət dövrünə baxdığımız zaman Hz. Peyğəmbərin mühüm hərbi qərarları məsciddə elan etdiyini, səfərbərlik üçün əshabını burada topladığını görürük. Hətta məsciddən hərbi hospital və müharibə əsirlərinin saxlandığı yer kimi də istifadə olunmuşdur.

Sosial xidmətlərin icra mərkəzi. Əsri-Səadətdə beytülmal gəlirlərinin, yəni dövlət büdcəsinin, eyni zamanda əkin məhsullarının, zəkat mallarının məsciddə saxlandığı məlumdur. Hətta həbəşistanlı səhabələrin burada milli oyunlarını oynadıqlarını görürük. 

Xülasə, ta Əsri-Səadət dövründən etibarən məscid həyatın ayrılmaz bir parçası olmuş, müsəlmanların yaşam tərzinə yön verən mühüm mərkəz kimi fəaliyyət göstərmişdir. Zamanla dövlətin inkişaf etməsi ilə yuxarıda sadalanan və sadalaya bilmədiyimiz bir sıra əməlləri icra edən strukturlar məsciddən ayrılmış və müstəqil fəaliyyət göstərən mərkəzlərə çevrilmişdir. Bu gün, əlbəttə ki, məsciddən hərbi qərargah kimi istifadə etməyə gərək yoxdur, bunu dövlətin müvafiq qurumu layiqincə həyata keçirir. Lakin vətən sərhədlərinin bütünlüyü təhlükə altına girdiyi zaman məscid kürsüsü müsəlmanları hərbi səfərbərliyə səsləyən mərkəzlərdən birinə çevrilməlidir. Bu gün qürurverici haldır ki, ölkə daxilində baş verə biləcək və asayişi pozacaq hərəkətlər müvafiq dövlət qurumu tərəfindən lazımınca önlənir. Lakin məscidlər ölkə dindarlarını birliyə və bərabərliyə səsləyən bir mərkəz kimi öz üzərinə düşən ülvi vəzifəsini də yerinə yetirməlidir. Qıtlıq və quraqlıq zamanında zənginlərin verdiyi zəkat və infaqları yoxsullara çatdıran məscid xadimləri xalqa dəstək səfərbərliyində əllərindən gələni etməlidirlər. Vətəndaş şikayətlərinə məhkəmələr baxsa da, cinayət sayılmayacaq, lakin zamanla böyüyərək cəmiyyətdə fitnə-fəsada səbəb olacaq bəzi xırda məsələləri məscid imamları vaxtında islah etməyə çalışmalıdırlar. Bir sözlə, məscid müsəlmanların həyatına istiqamət verən ülvi məkandır. 

PAYLAŞ:                

Nurlan Məmmədzadə

Baş Redaktor

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz