Hər şey bu gün başlayır!

Hər şey bu gün başlayır!

Bir gün müəllim uşaqlardan soruşur: “Ağacın budağında üç sərçə var. Onlardan biri uçmaq qərarına gəlir. Budaqda neçə sərçə qalır?” Uşaqlar hamısı bir ağızdan: “İki sərçə”, - deyə cavab verirlər. Bu zaman müəllim uşaqların səhvini düzəldib üç sərçə qaldığını deyir. Uşaqlar səbəbini soruşanda isə müəllim belə izah edir: “Əziz uşaqlar, mən sizə sualı səsləndirəndə sərçələrdən birinin uçmaq qərarına gəldiyini dedim. Uçdu demədim. Bir şeyi etməyə qərar vermək onu etmək demək deyil. Biz özümüz də, bəlkə də, gündə bir çox işləri etməyə qərar veririk, ancaq onları yerinə yetirmirik. Yaşadığımız həyatda da reallıqlar bu şəkildə özünü göstərir. Hamı hər şeyi etmək istəyir, ancaq nəticədə istədiyini edənlər çox az sayda olur”.

Həyatda uğur qazanmağın 1%-i xəyal qurmaq, 99%-i isə həmin xəyalın gerçəkləşməsi üçün hərəkət etməkdir. Hərəkətsiz düşüncələr hər zaman düşüncə olaraq qalır. Onların icrası üçün hərkətə keçənlər uğur qazanır, sadəcə düşünüb dayananlar isə uğur qazananların uğurlarını müzakirə edir. Uğur qazanan insanların diqqəti qarşılarındakı hədəfdə, məğlub olan insanların diqqəti isə qalib olanda olur. Davamlı irəli getməyin formulu, ətrafında baş verənlərə məhəl qoymayıb öz müqavimətini pozmadan hədəfə doğru məqsədli şəkildə irəliləməkdir. Bu zaman siz enerjinizi sizi ruhdan salacaq hadisələrə yox, sizə stimul verəcək məqsədlərə yönləndirmiş olursunuz. Gücün və enerjinin bir məqsəd üçün səfərbər olması isə fövqəladə gücün ortaya çıxmasına səbəb olur. Bu güc insanı başqalarının xəyal belə edə bilmədiyi zirvələrə qaldırır.

Başqalarının əldə edə bilmədiyi hədəfə çatmaq məharət, başqalarının görə bilmədyi hədəfə çatmaq isə istedaddır. Hər bir insanın daxilində özünəxas məharəti və xüsusi istedadı var. Ən əsas istedad isə həmin istedadı tapıb üzə çıxarmaq və ondan maksimum dərəcədə istifadə etməkdir. Bu gün gələcəyin gənclərinin istedadını kəşf etmək üçün əsas vəzifə valideynlərin, daha sonra da orta məktəbdəki müəllimlərin üzərinə düşür. Uşaqları istedadları olan istiqamətə yönləndirmək onlar üçün uğura gedən yolları açmaq deməkdir. Həvəs və istedadları olmayan istiqamətə getməyə məcbur etmək isə uğursuz kütlələrin meydana gəlməsinə əlverişli zəmin yaratmaqdır. Bütün bunlara baxmayaraq, fərdin özünün də üzərinə kifayət qədər məsuliyyət düşür. Belə ki, hər bir fərdin öz düşüncəsinə hörmətlə yanaşması və onların icrası üçün hərkətə keçməsi lazımdır. 

İnsan özü özünə kömək etməyə hazır deyilsə, ona heç kim kömək edə bilməz. Biz hər zaman başqalarının bizə kömək etməsini gözəliyirik. Biz düşünürük ki, valideynlərimiz, yaxınlarımız, dostlarımız mütləq bizim üçün bir şeylər edəcək. Bizim təhsil almağımıza, qazanclı iş tapmağımıza kömək olacaqlar. Bəs hamı bizim üçün bir şeylər etdiyi zaman biz özümüz üçün hansı köməkliyi və yaxşılığı edəcəyik? Biz öz fiziki və psixi sağlamlığımız üçün bu gün hansı addımları atırıq? Hamıdan yaxşı tanıdığımız özümüzün əsas qabiliyyətlərini nə dərəcədə inkişaf etdiririk? Fərqli sahələrə yönləndirildiyimiz zaman öz etirazımızı bildirib mən başqa sahədə daha uğurlu olacağam deyə bilirikmi? Çox təəssüf hissi ilə qeyd etməliyəm ki, gənclərimiz bu sahədə şəxsi mövqeyə sahib deyillər. Bunun da əsas səbəbi konkret olaraq nə olacaqlarına qərar verə bilməmələridir. Konkret nəyi istədiklərinə və nə olacaqlarına qərar verdikləri zaman, demək olar ki, problemin yarısından çoxu həll olunmuş olur. Bundan sonra qalır həmin sahə haqqında bilik və təcrübələri genişlətmək.

Bütün bunlar üçün elə bu gündən etibarən bir şeylər etməyə başlamalısan! Əgər hələ də düşünməyə davam edərək sabah başlayaram deyirsənsə, heç sabah da başlaya bilməyəcəksən. Dəyişmək və uğur qazanmaq yolunda atacağın ilk addım üçün ən unikal vaxt elə bu gündür.  Fiziki sağlamlığın üçün ilk yürüyüş proqramına bu gün başla! İntellektual inkişafın üçün ilk kitabını bu gün seç və oxu!  Bu gündən etibarən zehni fəaliyyətinə mənfi təsir göstərən siqaret və spirtli içkilər kimi mənfi aludəçiliyin varsa, tərk et. Bu dünyada sadəcə yaşamaq yox, eyni zamanda sağlam yaşamaq da sənin haqqındır. Ən əsası gələcəyin üçün ən doğru qərarı bu gün ver və onun icrası üçün bu gündən bir şeylər et! Son olaraq, unutma ki, sağlam həyat sağlam düşüncəyə, sağlam düşüncə doğru qərarlara, doğru qərarlar da böyük uğurlara səbəb olur.

 

 

PAYLAŞ:                

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz