DƏVƏT ELÇİLƏRİ

DƏVƏT ELÇİLƏRİ

Rəbbimiz insanların nəfs və şeytan tərəfindən ram edilərək ilahi həqiqətlərə arxa çevirdikləri hər dövrdə peyğəmbərlər göndərmiş və insanlığı yenidən doğru yola dəvət etmişdir. Son olaraq da Peyğəmbər (s.ə.s) əfəndimizi qiyamətə qədər gələcək bütün insanlığa müstəsna bir örnək şəxsiyyət və hidayət rəhbəri olaraq ərməğan etmişdir. Allah və Rəsulundan uzaq yaşanılan hər dövr, əslində, cahiliyyə dövrüdür. İlahi və nəbəvi bəyanlarla islah olunmamış hər dövrün vəhşətləri bir-birinə yaxındır. Çünki zamanın, məkanın, həyat şərtlərinin və dekorasiyanın dəyişmiş olması insan təbiətini dəyişdirmir. Peyğəmbər seçilən Hz. Muhammədin (s.ə.s) peyğəmbər olaraq üç əsas vəzifəsi var idi: Allahdan vəhy qəbul etmək, ayələrdə əmr olunanları insanlara izah etmək və insanları doğru olan hidayət yoluna dəvət etmək, yəni təbliğ.

Hz. Peyğəmbər hicrətdən sonra təbliğin yeni bir mərhələsini başlatdı. Yüz illərdir var olan dövlətlərin rəhbərlərinə haqqa dəvət məktubları göndərdi. Bəzi tədqiqatçılar bu məktubları “Peyğəmbəri məktub” və ya “Nameyi-səadət” (səadət məktubu) olaraq da adlandırmışdır. Allah, Rəsul və Muhamməd kəlmələrinin hər biri yeni sətirdən başlayaraq yazılan bu məktubların əhatə etdiyi ana mövzu hər şeyi yaradan və mütləq güc sahibi Allahın varlığından, onun seçilmiş bəndəsi, yəni elçisinin Muhamməd olduğundan və onun təbliğ, yəni insanların hidayətə çatdırılması vəzifəsindən bəhs etməkdədir. Biz burada bu məktubları heç qorxmadan, çəkinmədən və həyati təhlükələrin varlığını belə düşünmədən çatdıran səhabələrdən bəhs edəcəyik.

Tarixə nəzər saldığımızda Hz. Peyğəmbərin (s.ə.s) bu prosesi Hüdeybiyyə sülh müqaviləsinin imzalanmasından sonra başlatdığının şahidi oluruq. Altı fərqli bölgədəki hökmdarlara: Bizans qeysəri Herakla Dihyətül-Kəlbi, İran kisrası Xosrov Pərvizə Abdullah b. Hüzafə, Həbəşistan nəcaşisi Əshaməyə Amr b. Ümeyyə, Misir (İskəndəriyyə) patriki Cüreycə Xatib b. Əbu Bəltaa, Qassan əmiri Haris b. Əbi Şummerə Şuca b. Vəhb, Yəmamə əmiri Həvzə b. Əliyə isə Salit b. Əmr elçi olaraq məktub apardılar.

Dihyətül-Kəlbinin hicrətə qədərki həyatı haqqında məlumatın az olması ilə bərabər qaynaqlar onun gənc yaşlarda səhabə olduğundan xəbər verir. Uhuddan sonrakı döyüşlərdə iştirak edən Kəlbi eyni zamanda səriyyələrin birinə komandirlik edən bir igid olmuşdur. Həzrət Cəbrayılın (ə.s) Dihyənin surətində Hz. Peyğəmbərə vəhy gətirdiyi də qaynaqlarda öz əksini tapmaqdadır. Ənəs b. Malikin ifadəsinə görə, Dihyə əshabın ən yaraşıqlılarından biri və iri bədənlisi idi.

İslamın yayılmağa başladığı ilk günlərdən müsəlman olan Abdullah b. Hüzafə üstün təmsil qabiliyyəti səbəbi ilə Hz. Peyğəmbər tərəfindən İran kisrasına göndərilmişdir. Abdullahın iman gücünü, qəhrəmanlığını və qorxmazlığını göstərən hadisələrdən biri belə olmuşdur: Suriya döyüşlərində əsir düşən Abdullah kralın hüzuruna çıxarılır. Kral, xristianlığı qəbul edərsə, ona çoxlu sərvət və mühüm vəzifələr verəcəyini vəd edir. Təklifinə əhəmiyyət vermədiyini görüb bu dəfə onu ölümlə hədələyir. Buna da laqeyd qaldığını görüncə, onun başından öpsə canını bağışlayacağını deyir. Yenə heç bir nəticə əldə etməyəndə bu dəfə öz canı ilə bərabər əsir müsəlmanların da canını bağışlayacağını söyləyir. Bunun üzərinə Abdullah kralın alnından öpərək səksən (və ya yüz) səhabənin həyatını xilas edir. Mədinəyə qayıtdıqları zaman Hz. Ömər bu davranışını təqdir edir, Abdullahın alnından öpməyin hər bir müsəlmanın borcu olduğunu deyir və ilk olaraq özü bunu edir.

Amr b. Ümeyyə Uhud döyüşündən sonra müsəlman olmuş və elçilik xüsusiyyətlərinə sahib səhabə olmuşdur. Qorxmazlığı və şücaəti ilə tanınan Amr ölümü gözə alaraq Məkkədə çarmıxa çəkilən Hübeybin cəsədini Mədinəyə gətirərək Hz. Peyğəmbəri məmnun edib onun duasını almışdır.

Xatib b. Əbu Bəltaa yaxşı at minməsi və gözəl şeir deməsi ilə tanınan bir səhabə olmuşdur. Uhud qəzvəsində iştirak edən Xatib Hz. Peyğəmbəri yaralayaraq dişini qıran Utbə b. Əbu Vaqqası qətl edib qəhrəmanlıq göstərmişdi. Ticarətlə məşğul olması, Misiri yaxşı tanıması və hazırcavab olması məhz onun patrikə məktub aparmasına səbəb olmuşdur.

Şuca b. Vəhb Hz. Peyğəmbərin iştirak etdiyi bütün döyüşlərdə iştirak etmiş və qəhrəmanlığı ilə seçilmişdir. Yəmamə döyüşündə iştirak edib şəhid olmuşdur.

Salit b. Əmr qəhrəmanlığı və şücaəti ilə seçilirdi. Hz. Peyğəmbər tərəfindən Yəmaməyə məktub göndərməklə vəzifələndirildiyi zaman yol boyu heç istirahət etmədən bir an öncə məktubu hökmdara çatdırmışdır.

Bu altı səhabənin ortaq cəhətlərini: qəhrəman, qorxmaz, cəsarətli, həmçinin imanlı, ədəbli, ləyaqətlivicdanlı olaraq xülasə edə bilərik. Bu xüsusların daha da bariz hala gəlməsinin səbəbi Allah kəlamını hər tərəfə çatdırma əzmi, Hz. Peyğəmbərin verdiyi tapşırığı layiqincə yerinə yetirmə həyəcanı idi. “İnsan sevdiyi ilə bərabərdir”, (Buxari, Ədəb, 96) - hədisinin möhtəvasına girə bilmək və bu dünyadakı birgəliklərini əbədi həyatda da davam etdirə bilmək onların əsas təmənnaları idi.

 

PAYLAŞ:                

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz