Səhabə nəslinin ruh tərbiyəsi
Uca Allah (c.c) Qurani-Kərimdə belə buyurur: “Möminlər yalnız Allaha və Peyğəmbərinə iman gətirən, (iman gətirdikdən) sonra şübhəyə düşməyən, Allah yolunda malları və canları ilə vuruşanlardır. Məhz belələri (imanlarında) sadiq olanlardır”. (əl-Hucurat, 15)
Aləmlərin Rəbbi olan Allaha (c.c) şükürlər və həmd-sənalar, Onun Rəsulu Hz. Muhammədə salətu-salam olsun.
Əshabi-kiram bir insanlıq möcüzəsi idi. Kəlmələrin ən gözəli, ən incəsi, fikir və üslub baxımından ən məlahətlisi bu mübarək nəslin Rəsulullahın (s.ə.s) mənəvi tərbiyəsi, sevgisi və mərhəməti nəticəsində qazandığı ülvi və ruhani keyfiyyətləri ifadə etməkdə acizdir. Könül aləmlərini Allahın (c.c) izni ilə sonsuz bir əbədiyyət yolçuluğunun məşəqqət səhnələri ilə yoğuraraq həm özlərinin, həm də ümmətin qurtuluş haqlarını diri tutmaq naminə qiyamət həyəcanına təslim olan qəlbi və əməli fəaliyyətləri ilə varlıqlarını ümmətin qurtuluş müqəddəratına sarsıdıcı zərbə endirməyə çalışan bütün zahiri və batini şər qüvvələrə qarşı sipər edən, Allahın (c.c) və Rəsulullahın (s.ə.s) onları qoruduğu kimi İlahi bir ilhamla ümməti də mərhəmət eşqi ilə qoruyan bu nəslin təfəkkür üfüqlərinə sığmayan qəhrəmanlıq mücadiləsini hansı kəlmə tam mənası ilə ifadə edə bilər?! Səhabə nəslinin itaət eşqini və Ərşi titrədən ruhani tərbiyə əzmini yalnız onlar kimi yaşama, yanma və yetişmə fədakarlığına varlığı ilə boyun əyən, ümməti maddi və mənəvi himayəsinə alan Haqq dostları, Peyğəmbər varisləri anlada bilər. Allahın və Rəsulunun gətirdiklərinə tam olaraq iman edən və imanlarında zərrə qədər sapmayan səhabə şəxsiyyətinin ecazkar təbiətini, Allaha və Rəsuluna olan vurğunluq eşqini, Rəsulun təqdim etdiyindən başqa heç bir şeyə könül iltifatı göstərməmələrini Məcnunun Leylaya olan eşq səhnəsində canlandıran Mövlana həzrətləri buyurur ki:
“Yerini-yurdunu bilməyənlər Məcnuna cahilliklə dedilər ki, Leylanın gözəlliyi o qədər də cazibədar deyil. Şəhərimizdə ondan daha gözəl, bədirlənmiş ay kimi minlərcə dilbər var. Məcnun dedi ki, surət bir fincandır, gözəllik isə məst edən şərbət. Haqq mənə Leylanın surətindən şərbət verir. Onun eşqi sizin təmənninizi çəkməsin deyə həmin surətdən sizə sirkə verir. Uca Allahın qüdrət əli hər kəsə bir qədəhdən bal da verir, zəhər də. Qədəhi görməkdəsən, lakin canlara can verən o həyat günəşinin (Rəsulullahın) surətindən əhlinə verilən ruhani eşq şərbəti doğru olmayan gözə özünü göstərməz”.
Səhabə nəslinin ilahi kəlama sədaqət və sevgi əhdi ilə gerçəkləşdirmiş olduğu qulluq nümunələri bu gün də ruhani əhatəsi ilə xariqələr yaratmaqdadır. XX əsrin əvvəllərində yaşamış Axıskalı Əli Heydər əfəndi buyurur ki:
“Bir gün səhər vaxtı oyanıq ikən şeytan aşkar şəkildə gəldi və mənə: “Sən hansı məzhəbdənsən?”- deyə soruşdu. Mən də: “Əhli-sünnə vəl-camaat məzhəbindənəm”, - dedim. “Məzhəbinin haqq olduğuna dair dəlilin nədir?” - deyə soruşdu. Mən: “Qurani-Kərimdir”, - dedim. O: “Hər məzhəb sahibi haqlı olduğuna dair Quranı dəlil gətirir. O halda onların haqsız, sənin isə haqlı olduğunu haradan bilək?” - dedi. Mən çoxsaylı ayələr və hədislər ilə cavab verdimsə də, onu əsla qane edə bilmədim və aciz qalaraq yatağıma uzandım. O anda Allah-Təala həzrətləri: “Əgər onlar da sizin Allaha iman etdiyiniz kimi iman edərlərsə, şübhəsiz ki, doğru yolu taparlar. Əgər üz çevirərlərsə, şübhəsiz ki, onlar (Allaha qarşı) böyük bir müxalifət içərisindədirlər. O halda Allah onlara qarşı sənə yetəcəkdir. O, (hər şeyi) eşidəndir, biləndir”, (əl-Bəqərə, 137) - məzmunundakı ayəni xatirimə gətirdi. Dərhal yatağımdan doğrulub ona cavab olaraq həmin ayəni oxudum və dedim: “Bu ayədə Haqq-Təala Həbibinə (s.ə.s) və onun əshabına yönələrək buyurur ki, Həbibim, əgər onlar (digər din mənsubları və başqaları) sənin və əshabının inandığı kimi inanarlarsa, o zaman hidayətə yetişmiş olarlar. Əgər üz çevirərlərsə, o zaman Haqdan böyük bir ayrılıq içində olarlar”. Sonra şeytana dedim ki: “Bu ayə nazil olduğu zaman batil məzhəblərin heç biri mövcud deyildi. Ancaq Peyğəmbərimiz və əshabı mövcud idi ki, Haqq üzrə olan da ancaq bunlar idi. Deməli, dünya dağılıncaya qədər əshabın inancı kimi inanıb, əməlləri kimi əməl edənlər Haqqa tabe olduqlarından hidayət üzrə olmuş olarlar ki, əhli-sünnə vəl-camaat da bunlardır. Peyğəmbərimizdən və əshabından sonra onların etiqadına müxalif olaraq zühur edən bütün firqələr isə batildir”. Bunları şeytana söyləyincə dərhal otağımı tərk etdi”.
Demək ki: “Kim Allahı, Onun Peyğəmbərini və iman gətirənləri özünə dost tutarsa (hər iki dünyada işləri yaxşı gedər). Şübhəsiz ki, qələbə çalanlar məhz Allahın firqəsidir”. (əl-Maidə, 56)
ŞƏRHLƏR