Rəsulullah və irşad
İnsanı kamil və üstün bir varlıq kimi yaradan Allah-Təala digər varlıqlardan fərqli olaraq ona xüsusi nemət və qabiliyyətlər vermişdir. Bu nemətlərin başında ağıl neməti gəlməkdədir. Ağıl insanın doğrunu tapması üçün ən böyük gövhərdir. Ancaq sadəcə ağıl insanın haqqı və həqiqəti tapması üçün kifayət etmir. Buna görədir ki, Uca Allah doğru yolu göstərmək üçün çoxlu sayda peyğəmbərlər, ilahi kitablar və səhifələr göndərmişdir. İnsanlıq üçün rəhmət olan peyğəmbərlər Allah-Təalanın əmr və qadağalarını, haqqı və həqiqəti, əxlaq və dəyərləri hər cür çətinlik və maneələrə rəğmən insanlara təbliğ etmiş, onları irşad etmişdir.
Peyğəmbərlərin göndərilməsi cəmiyyətdə irşad və təbliğin vacibliyi və əhəmiyyətini ortaya qoymaqdadır. İnsanın təbiəti və xarakteri hər zaman irşad və dəvətə, öyüd-nəsihətə ehtiyac duymaqdadır. “Sən öyüd-nəsihət ver! Çünki öyüd-nəsihət möminlərə fayda verər” (əz-Zəriyət, 55) ayəsi də irşad və dəvətin önəmini vurğulayır.
Sözün əsl mənasında sıxıntı və problemlərlə depressiyaya düşən, qatılaşan qəlblər irşad və dəvət sayəsində hüzura çatar, sakitləşər. Əsas odur ki, qəlb və ağıl insana həyat verən bu cür ilahi mesajlara açıq olsun, onu arzulasın. Bu cür dəvət və təbliğə qarşı bağlı olan qəlb və ağıl, əlbəttə, hüzura - mənəvi rahatlığa çatmayacaqdır.
İslam dini yaxşılıqların və əxlaqi dəyərlərin təbliği və pisliklərlə mübarizə aparmaqda bütün fərdlərə məsuliyyət yükləmişdir. Necə ki, Qurani-Kərimdə Uca Allah: “(Ey Muhamməd ümməti!) Siz insanlar üçün ortaya çıxarılmış ən xeyirli ümmətsiniz. Yaxşılığı əmr edib pis əməlləri qadağan edirsiniz və Allaha inanırsınız”, (Ali-İmran, 110) - buyuraraq bu məsuliyyəti qeyd etmişdir.
Hz. Peyğəmbər (s.ə.s) də: “Sizdən biriniz bir münkər (günah, pis) əməl gördükdə bacarırsa, onu əli ilə düzəltsin! Ona qadir olmasa, dili ilə düzəltsin! Ona da qadir olmasa, qəlbi ilə nifrət etsin ki, bu da imanın ən zəif mərtəbəsidir”, (Müslim, 175) - buyuraraq bu xüsusa diqqət çəkmişdir.
Hz. Peyğəmbər (s.ə.s) Xeybər günü Hz. Əlini (r.a) kafirlərlə döyüşə göndərərkən ona belə demişdir: “Onları İslama dəvət et və onların etməli olduqlarını onlara bildir, çünki Allaha and olsun ki, əgər Allah sənin səbəbinlə bir nəfəri hidayət etsə, bu sənin üçün qırmızı dəvələrdən daha xeyirlidir”. (Buxari, 2787) O dövrdə ərəblər üçün ən dəyərli, qiymətli sərvət qırmızı dəvələr idi. Elə isə bir kimsənin hidayətinə vəsilə olmaq ən bahalı dünya nemətlərindən daha dəyərlidir.
Yuxarıda qeyd olunan ayə və hədislərdən aydın olur ki, hər bir kəsin ailəsinə, övladlarına, yaxınlarına, qonum-qonşusuna, dost-tanışına, ümumilikdə isə insanlığa qarşı məsuliyyət və cavabdehliyi vardır. Bu məsuliyyət və cavabdehlik yerinə yetirildiyi təqdirdə pisliklər və əxlaqsızlıq zəmin tapmayacaq, kök sala bilməyəcəkdir. Məsuliyyətdən boyun qaçırdıqda isə meydana gələcəklərin bədəlini bütün cəmiyyət ödəyəcəkdir.
Hz. Peyğəmbər (s.ə.s) aydın və dəqiq şəkildə pisliklərlə mübarizənin bir öhdəlik olduğunu vurğulamış, dəvət və irşadın əhəmiyyətini bildirmişdir. Yenə bir hədisində belə buyurur: “Canım əlində olana (Allaha) and olsun ki, ya yaxşı əməlləri əmr edib pis işlərdən çəkindirərsiniz, ya da Allah sizə yaxın (zamanda) bir əzab göndərəcək, ondan sonra nə qədər Allaha dua edib yalvarsanız da, dualarınıza cavab verilməyəcək”. (Tirmizi, Fitən, 9; 2169, 2323)
İnsanlıq keçmişdə necə ki peyğəmbərlərin təbliğ, irşad və dəvətinə möhtac olmuşdursa, bu gün də dinimizin əmr və qadağalarını, doğru və haqq yolu insanlara çatdıracaq ixlaslı, səmimi, hər hansı məkrli məqsəd və maddi mənfəət güdməyən irşad əhlinə ehtiyac vardır. Necə ki, bu ilahi tapşırığı könüldən mənimsəyən səhabələr Həzrət Peyğəmbərin (s.ə.s) vəfatından sonra da irşad fəaliyyətini dalğa-dalğa genişləndirərək bütün dünyaya yayıldılar.
“Aranızda xeyrə çağıran, yaxşılığı əmr edən və pis əməllərdən çəkindirən bir camaat olsun. Onlar əsl nicat tapanlardır”, (Ali-İmran, 104) - ayəsində buyurulduğu kimi, bu iş xüsusi əhliyyət və məsuliyyət tələb edən ilahi vəzifələrdəndir. İman əhli ərlər bu vəzifəni dəyərli bir miras əmanəti kimi bir-birinə ötürərək qiyamətə qədər davam etdirəcəklər. Yaradanı yaradılandan ötrü sevən Yunus Əmrələr, qapısını və könlünü hər kəsə açıq tutan Mövlanalar, “qonşusu ac ikən özü tox yatan müsəlman ola bilməz” hədisini əsas alaraq Anadoludan Qafqazlara üz tutan, bu coğrafiyanın mənəvi inşasına dəstək olan könül ərləri, xidmət aşiqləri və “əsas qayəmiz Allahın rizasını qazanmaqdır” deyənlərin misalı kimi. Sözü və əməli bir-birinə uyğun olan belə insanlar cəmiyyət üçün ən böyük dəyərdir.
ŞƏRHLƏR