BİR AYƏ
بسم الله الرحمن الرحيم
إِنَّ اللهَ يَأْمُرُ بِالْعَدْلِ وَالْإِحْسَانِ وَإِيتَاءِ ذِي الْقُرْبَىٰ وَيَنْهَىٰ عَنِ الْفَحْشَاءِ وَالْمُنْكَرِ وَالْبَغْيِ يَعِظُكُمْ لَعَلَّكُمْ تَذَكَّرُونَ
“Şübhəsiz ki, Allah ədalətli olmağı, yaxşılıq etməyi və qohumlara haqqını verməyi əmr edir, əxlaqsızlığı, pisliyi və haqsızlığı isə qadağan edir! O, düşünüb ibrət alasınız deyə sizə öyüd verir”. (ən-Nəhl, 16/90)
Hər cümə namazı xütbəsində imamın dilindən eşitdiyimiz bu ayə İslam dininin ən önəmli prinsiplərini bizə xatırladır. Çünki bu qısa ayənin ilk hissəsində İslam ümmətinin inkişafının əsasları, ikinci hissəsində isə ümməti tənəzzülə və məhv olmağa aparan səbəblər xatırladılmışdır. Allah-Təala ayədə sağlam cəmiyyətin əsas təməllərini qeyd edərək bunlara riayət etməyi əmr edir. Bunlardan birincisi və ən önəmlisi ədalət prinsipidir. Sahib olduğumuz mövqe hər nə olursa olsun, gücümüz nisbətində ədalətli davranmalı və bunun üçün səy göstərməliyik. Gərək ailə içində, gərək iş yerində və gərəksə də həyatın digər sahələrində insanlarla ədalətli davranmaq Uca Allahın möminlərə əmridir. Peyğəmbərimiz (s.ə.s) də: “Hökm verərkən ədalətli olanlar, ailələrinə qarşı və əli altındakılara qarşı ədalətli davrananlar qiyamət günü nurdan minbərlər üstündə olacaqlar”, (Müslim, İmarə, 18) - buyuraraq ədalətin Allah nəzdindəki yüksək dəyərinə işarə etmişdir.
Ayədə sadalanan digər prinsip isə yaxşılıq etməkdir ki, buna dini terminologiyada “ehsan” deyilir. Bir çox İslami mənbədə ehsan insanın həm Allaha, həm də yaxın və uzaq əhatəsindəki insanlara, eləcə də ətraf-mühitə qarşı gözəl davranışlarında fədakarlığın və fəzilətin ən yüksək səviyyəsinə çatması olaraq izah edilmişdir. Qısaca, Allah-Təalanın müsəlmanlara əmr etdiyi “ehsan” həm ailə içində, həm qohum-əqrəba ilə münasibətlərdə, həm də həyatın digər sahələrində gərəkli olan əxlaqi məziyyətdir.
Ayənin davamında qohumlara yardım etmək əmr olunur. Buna görə də Həzrət Peyğəmbər (s.ə.s) belə buyurmuşdur: “Savabı ən tez olan itaət yaxın qohumlara köməklik göstərməkdir”. (İbn Macə, Zöhd, 23) İslam dinindəki fitrə və zəkat verərkən əvvəlcə ehtiyac sahibi olan yaxın qohumlardan başlamaq prinsipi də qohumlara qarşı məsuliyyətimizin nə qədər böyük olduğunun dəlilidir.
Uca Allah ayənin son qismində əxlaqsızlığı, pisliyi və haqsızlığı qadağan etdiyini bəyan edir. Çünki bunlar İslam cəmiyyətini süquta və tənəzzülə aparan xislətlərdir. Belə ki, ədəbsizlikdən, həyasızlıqdan və çirkinliklərdən uzaq duran insan hər cəhətdən mənəvi yüksəlişi üçün labüd olan saleh əməllər edib pisliklərdən arınmış olar. Ayənin ən sonunda isə bütün bunların Uca Allah tərəfindən möminlərə verilən öyüd-nəsihət olduğu və hər bir möminin bunlara riayət etməsinin lüzumu vurğulanır.
ŞƏRHLƏR