Tətildə beynini qoru!
Çox vaxt tətil deyəndə daha çox yatmaq, daha çox gəzmək və daha çox yemək başa düşülür. Bu, həqiqətən belədirmi? Bədənimiz tətil edərkən beynimiz də tətil edirmi? Biz əksər hallarda bədənimizin istirahətini düşünərkən zehnimizi unuduruq. Elə zənn edirik ki, bədənimiz istirahət edərkən zehnimiz də dincəlir. Əslində isə zehinin tətili yarımçıq işlərin tamamlanması və zehini məşğul edəcək əlavə problemlərin olmamasıdır. Həqiqətən, fiziki olaraq tətil etmək istəyiriksə, psixoloji olaraq da tətilə ehtiyacımız var.
Məqsədli şəkildə tətil edildiyi zaman beyin istirahət edir. Qısa müddət də olsa, şəhərdən və iş həyatından uzaqlaşmaq istər beynimiz, istərsə də bədənimiz üçün çox faydalıdır. Bunun üçün bütün il edə bilmədiklərimizi və qalan işlərimizi tətil planımıza daxil etməməliyik. Əks təqdirdə, beynimizi bir işdən digərinə yönləndirəcəyik və bu da, beynimizin dincəlmək əvəzinə daha çox yorulmasına səbəb ola bilər. İldə ən azı on gün tətil etmək yenilənməyiniz və əlavə yüklənmələrdən təmizlənməyiniz üçün mütləq lazımdır.
Yaddaşı dolduğu zaman kompüterimizdə yığılan əlavə dosyaları təmizləmək məcburiyyətində olduğumuz kimi, tətil əsnasında da beynimizi mənfi düşüncələrdən təmizləməyə çalışmalıyıq. Yəni tətil müddətinə sadəcə iş mühitindən uzaqlaşmaq kimi baxmamalıyıq.
Qeyd etməliyəm ki, insan psixikası fəsillərdən kifayət qədər təsirlənir. İsti və günəşli hava ruhumuza müsbət təsir edərkən, soyuq və buludlu hava mənfi təsir göstərir. Günəşli havalarda melatonin hormonunun ifrazı beyindəki serotonin hormonunun ifrazını stimullaşdırır. İnsanlar arasında xoşbəxtlik hormonu olaraq bilinən serotonin, günəş işığının yüksək olduğu aylarda daha çox ifraz olunduğu üçün fərdlərin daha pozitiv və xoşbəxt olmasına səbəb olur. Sıx və stresli bir iş qrafikindən sonra tətildə günəşin və dənizin birlikdə olduğu məkanlar beyin üçün dincəlməyə bir fürsətdir. Bu şəkildə beynimiz iş həyatının stresindən uzaqlaşır və bizi narahat edən əhvali-ruhiyyəmizin yaxşılaşdığını görürük. Konkret olaraq tətil əsnasında zehnimizi gümrah saxlayıb, onun da dincliyinə diqqət etmək istəyiriksə, aşağıdakı maddələr dəyərli məsləhət mahiyyətindədir:
- Tətildə televiziya izləməməyə çalışın. Çünki televiziya izləmək beyinin sağ lobunu passivləşdirdiyi üçün onun iş fəaliyyətini zəiflədir və onu tənbəlləşdirir.
- Tətilə gedərkən ən çox sevdiyiniz kitablardan birini və ya bir neçəsini özünüzlə götürməyi unutmayın. Kitab oxumaq beyninizin sol lobunda izlənilən və qavranılan anlayışları sağ lobunda təsəvvür etməyimizə səbəb olur. Beyinin sağ və sol hissələrini, loblarını eyni anda işlədən kitab oxuma fəaliyyəti zehnimizi daim aktiv saxlayır. Unutmayın ki, harda olursunuzsa olun, özünüzlə götürdüyünüz kitabdan bir neçə səhifə mütaliə etmək sizin zehniniz üçün ən gözəl istirahət vasitəsidr. Beyin üçün ən gözəl istirahət onun üçün əziyyət olmayacaq maraqlı informasiyanın öyrənilməsidir.
- Bildiyiniz və ya yeni öyrənməyə başladığınız xarici dildə gündəlik xəbərləri oxumağı unutmayın. Bu sizin söz bazanızın inkişafına və beyninizdə yeni hüceyrələrin bərpasına imkan yaradacaq.
- Nitq qabiliyyətinizi inkişaf etdirin. Daha çox oxumaq daha gözəl danışmaq üçün bir vasitədir. Beyinin qəbul etdiyi informasiyanı nitq vasitəsi ilə yenidən xatırlaması isə onun daha interaktiv işləməsinə xidmət edir.
- Övladlarınızla yaxşı vaxt keçirin. Bəlkə də, il boyu işinizin çox olması səbəbi ilə övladlarınıza vaxt ayıra bilmirsiniz. Ancaq tətil günlərində bu fürsəti dəyərləndirib övladlarınıza yaxşı vaxt ayıraraq onların da xoşbəxt olmalarına imkan yarada bilərsiniz. Beləliklə, həm sevdiklərimizin, həm də özümüzün zehni və psixi rahatlığına şərait yaratmış olarıq. Çünki beynimiz tanıdığımız və özümüzü daha təhlükəsiz hiss etdiyimiz insanların yanında daha yaxşı işləyir.
- İbadətlərinizə vaxt ayırın. İbadət əsnasında insanın Yaradıcısı ilə baş-başa qalması və dua etməsi beyində profrontal hissənin genişlənməsinə və xoşbəxtlik hisslərinin çoxalmasına səbəb olur.
- Yaradıcı işlərlə məşğul olmağa çalışın. Məsələn, rəsm çəkmək beynimizin sağ lobunu inkişaf etdirir və beyinin rahatlığı üçün əvəzsiz vasitələrdən biridir.
- Tətildə idmana vaxt ayırmağı unutmayın. İdmanla fəal şəkildə məşğul olmaq beyini dinc və güclü saxlayır.
- Yuxu rejiminizə diqqət edin. Yuxu beyini gücləndirir. Keyfiyyətli bir yuxu gümrah bir bədənə sahib olmağımıza imkan verirsə, eyni zamanda beynimizin daha güclü olmasına səbəb olur.
- Bol su için. Su içmək bədənin digər orqanları kimi beyin üçün də çox vacibdir. Xüsusilə orta yaşlı və yaşlı dövrlərdə suyun az miqdarda qəbul edilməsi beyin funksiyalarını ləngidir, qarışıqlığa və unutqanlığa səbəb olur. Bu vəziyyətdən təsirlənməmək üçün gündə ən azı 1,5 litr su içilməlidir.
Son olaraq, tətildə beyninizi qoruyun, çünki o sizə hələ çox lazım olacaq. Onun sağlamlığına diqqət edin ki, sağlam düşünə biləsiniz. Sağlam düşüncə isə sizi hər zaman xoşbəxt edəcək.
ŞƏRHLƏR