HEKAYƏLƏR
Mən də gözlərimi yummuşdum
Məclislərin birində gənc adam illər öncə ona dərs demiş müəllimini tanıyır. Ona yaxınlaşaraq belə deyir:
- Salam, müəllim, məni xatırladınız? Orta məktəbdə mənə dərs demişdiniz.
Müəllim gənci başdan-ayağa süzdükdən sonra:
- Əlbəttə, tanıdım. Mən sənə orta məktəbdə ibtidai sinifdə dərs demişəm. Səni illər sonra görməyimə çox məmnun oldum. Necəsən? Nə işlə məşğul olursan?
- Mən sizin yolunuzla getdim, müəllim.
- Çox gözəl. Bu sevindirici haldır. Bəs niyə bu peşəni seçdin?
- Mən sizin simanızda bu sənəti seçdim, sizdən ilhamlandım, - deyə gənc cavab verdi. Bir az sonra sözlərinə davam etdi. - İstədim ki, gənc nəsillərin yetişməsində, uğur qazanmasında mənim də rolum olsun. Sizin etdiyiniz kimi. Mənim həyatımda oynadığınız rolu unutmaq mümkün deyil.
- Nəyi nəzərdə tutursan? - deyə müəllim maraqla soruşdu.
- Məktəbdə oxuyarkən sinif yoldaşlarımdan biri qol saatı almışdı, gözəl saat idi. Mənim çox xoşuma gəlirdi. Ancaq o saatdan almaq imkanım yox idi. Tənəffüsdə saatı sinif yoldaşımın cibindən götürmüşdüm. O, saatının oğurlandığını biləndə sizə dedi. Siz sinfə üz tutaraq bunu kimin etdiyini soruşdunuz. Əlbəttə, heç kim cavab vermədi. Mən həyatımın ən utancverici anlarını yaşayırdım. Xəcalət hissi məni bürümüşdü. Valideynlərimin və sinif yoldaşlarımın tənəli baxışlarını təsəvvür etdikcə, özümə yer tapa bilmirdim. Siz oğlanlara üzüdivara durub gözlərini yummağı və əllərini arxada birləşdirməyi tapşırdınız. Hamının ciblərini yoxladınız. Növbə mənə çatanda saatı cibimdən götürdünüz. Heç nə demədən o biri uşaqların ciblərini də yoxladınız, heç kimə heç nə demədən saatı sahibinə qaytardınız. Bu haqda nə valideynlərimə, nə də bir kimsəyə bir söz demədiniz. Mən anladım ki, müəllim şagirdlərinə təkcə elm yox, həyatı da öyrədir. Həyatda doğru yolu bizə göstərir. Siz mənim həyat yolumu seçməyimə kömək etdiniz.
Müəllim gülümsəyərək başını tərpətdi.
- Xatırladım, belə bir hadisə olmuşdu. Ancaq saatın sizin cibinizdən çıxdığını indi öyrəndim.
Gənc təəccübləndi:
- Necə ola bilər? Axı siz özünüz saatı mənim cibimdən götürdünüz.
Müəllim cavab verdi:
- Sizin ciblərinizi yoxlayanda mən də gözlərimi yummuşdum.
Nə qədər təmizik?
Gənc bir ailə yeni aldıqları evlərinə köçmüşdü. Növbəti gün səhər yeməyi yeyərkən qonşularının paltar asdığını görürlər.
Xanımı yoldaşına deyir:
- Bax, yuduğu paltarlar kifayət qədər təmiz deyil. Ya paltar yumağı bacarmır, ya da istifadə etdiyi yuyucu tozu düzgün seçməyib.
Yoldaşı ona baxıb heç bir şey demədən yeməyini yeyir.
Xanım qonşusunun paltar asdığı hər gün eyni sözləri söyləməyə davam edir.
Bir ay sonra bir səhər qonşusunun yuduğu paltarların tər-təmiz olduğunu görür və çox təəccüblənir. Yoldaşını çağıraraq:
- Bax, nəhayət ki, paltar yumağı öyrəndi, - deyir. - Görəsən, kim öyrətdi?
Yoldaşı:
- Mən bu səhər erkən qalxaraq pəncərənin şüşələrini sildim.
Həyat da belədir. Çalışmalıyıq ki, başqalarını izləyərkən baxdığımız pəncərənin nə qədər təmiz olduğunun fərqində olaq. Başqalarını tənqid etmədən özümüzün nə qədər təmiz olmağımıza baxmalıyıq.
Ən qiymətli şey
Qoca səyyah çayın kənarında qiymətli bir daş tapmışdı. Ertəsi gün o, başqa bir səyyahla qarşılaşdı. Səyyah çox ac idi. Qocadan yemək üçün bir şey istədi. Qoca ona yemək vermək üçün çantasını açanda səyyah qiymətli daşı gördü. Qocadan o daşı özünə verməyi xahiş etdi. Qoca tərəddüdsüz daşı götürüb səyyaha verdi. Nəhayət, səyyahın bəxti üzünə gülmüşdü. Bunları düşünə-düşünə sevinclə qocadan ayrıldı. Ancaq bir neçə gün keçmişdi ki, yenə qayıtdı. Və qocanı taparaq daşı ona qaytardı. Səyyah qocaya:
- Mənə verdiyin daşın nə qədər qiymətli olduğunu bilirəm, - dedi, - ancaq səndə bu daşdan daha qiymətli bir şey var. Bu daşı sənin gözündə adiləşdirən şey. Onu mənə verə bilərsənmi?..
ŞƏRHLƏR