Sileyi-rəhm

Sileyi-rəhm

İslam insanların bir-biriləriylə əlaqə və ünsiyyət qurmalarına çox böyük əhəmiyyət vermişdir. Xüsusilə ata-ana və digər yaxın-uzaq qohumlarla əlaqə qurmaq, onların maddi və mənəvi vəziyyəti ilə maraqlanmaq daha çox əhəmiyyət kəsb edir.

Əbu Əyyub əl-Ənsarinin (r.a) rəvayət etdiyinə görə, bir nəfər Peyğəmbərimizin (s.ə.s) yanına gələrək: “Ey Allahın Rəsulu! Məni cənnətə aparacaq bir ibadət tövsiyə edərsinizmi?” - deyə sual verdiyində Allah Rəsulu (s.ə.s) bu cavabı vermişdi: “Allaha ibadət et və Ona heç bir şeyi şərik qoşma, namaz qıl, zəkat ver və sileyi-rəhm et”. (Buxari, Zəkat,1)

Sileyi-rəhm qohum-əqrəba ilə əlaqə qurmaq, onları ziyarət etmək, maddi və mənəvi hər cür haqlarına riayət etməkdir. Bu mənada İslam alimlərimiz sileyi-rəhmi vacib, onun tərk edilməsini də böyük günahlardan saymışlar. Uca Allah buyurur:

“Allahdan qorxun və qohumluq əlaqələrini kəsməkdən çəkinin!..” (ən-Nisa, 1)

“Onlar Allahın birləşdirilməsini əmr etdiyini birləşdirər (qohumluq əlaqələrinə və ictimai vəzifələrə riayət edər), Rəbbindən çəkinər və pis (çətin) haqq-hesabdan qorxarlar”. (ər-Rad, 21)

“Allahla əhd bağladıqdan sonra onu pozanlar, Allahın birləşdirilməsini əmr etdiyi şeyləri (qohumluq əlaqələrini) qıranlar, yer üzündə fitnə-fəsad törədənlər isə lənətə düçar olacaqlar. Onları pis yurd (cəhənnəm) gözləyir”.  (ər-Rad, 25)

Sileyi-rəhmin bir neçə dərəcəsi vardır. Ən aşağı dərəcəsi qohum-əqrəbalarımızla şirin dillə danışmaq,  gülər üzlü olmaq, qarşılaşdığımızda salamlaşmaq və hal-xətirlərini soruşmaqdır. Ən əhəmiyyətli dərəcəsi isə qohum-əqrəbanın maddi ehtiyaclarını imkan daxilində təmin   etməkdir.

Mövzumuzla əlaqəli hədisi-şəriflərdə də sileyi-rəhmin əhəmiyyətinə diqqət çəkilmiş, riayət olunması tövsiyə edilmişdir:

“Hər cümə gecəsi insan oğlunun əməlləri Allaha təqdim olunar. Lakin sileyi-rəhmə diqqət etməyənlərin əməlləri qəbul olunmaz”. (Əhməd b. Hənbəl, Müsnəd, II, 484)

“Allaha və axirət gününə iman edən kimsə qohum-əqrəbasının haqlarına riayət etsin!” ( Buxari, Elm, 37)

“Qohum-əqrəba bağlarını kəsən kimsə cənnətə girə bilməz”. (Buxari, Ədəb, 11)

“Ey insanlar, bir-birinizə salam verin, qohum-əqrəbanızın haqlarına riayət edin, yemək yedirin! Gecə vaxtı insanlar yatarkən siz namaz qılın ki, salamatlıqla cənətə girəsiniz”. (Tirmizi, Ətimə, 450)

“Yoxsula verilən sədəqə bir sədəqə sayılır. Bu sədəqə qohum-əqrəbaya verilmişsə, artıq bu, iki sədəqə deməkdir; biri normal sədəqə, digəri isə sileyi-rəhmdir ki, bu da sədəqə sayılır”. ( Tirmizi, Zəkat, 26)

Qohumlarımız, xüsusilə xala, bibi, əmi, dayı kimi yaxınlarımız ailədən sayılır. Onlarla ünsiyyət və əlaqəni kəsməməliyik. Allah Rəsulu (s.ə.s): “Xala ana yerindədir” buyurur. (Tirmizi, Birr, 5)  Əmi də ata yerindədir. Bizə bu qədər yaxın olan insanlara qarşı bəzi əxlaqi vəzifələrimizin olması təbii bir haldır. Bu vəzifələr arasında xüsusilə ziyarətlər çox əhəmiyyətli bir yer tutur.

Ziyarətlər qohum-əqrəba arasında sevgi bağlarını gücləndirir. Arada olan soyuqluğu qaldırır. Sevinc və kədərlərin qarşılıqlı paylaşılmasına, sıxıntılara birlikdə çarələr tapılmasına vəsilə olur.

Qohum-əqrəba əlaqəsi insanı maddi və mənəvi pisliklərdən mühafizə etdiyi kimi, müxtəlif xeyir və saleh əməllərin törədilməsində də köməkçi olur. Unutmayaq ki, peyğəmbərlər təbliğlərinə qohumlarından başlamışlar. Onlar qohumlarının dəstəyi ilə təbliğ vəzifələrini davam etdirmişlər.  Məsələn, Şueybin (ə.s) azğın qövmü ona: “Əgər qəbilən olmasaydı, mütləq səni daşlayaraq öldürərdik” deyə cavab vermişdi. (Hud, 91) Bu səbəbdən, müsəlman, dini və dünyəvi məsələlərdə yaxınlarına faydalı olmaq və xeyirli işlərdə onlardan istifadə edə bilmək üçün qohumluq əlaqələrini davam etdirməli və “sileyi-rəhm” vəzifəsinə heç bir zaman laqeyd yanaşmamalıdır.

Sileyi-rəhm mövzusunda diqqət ediləcək nöqtələrdən biri də budur ki, təkcə bizi ziyarət edən qohumlarımızı ziyarət etmək kifayət deyil. Sadəcə bizimlə yaxın münasibətdə olan qohumlarla maraqlanmaqla bu vəzifə tamamlanmır. Əksinə, bizə gəlməyənə də biz getməliyik. Bizimlə əlaqəni kəsən qohumlar ilə biz əlaqə və ünsiyyət yaratmalıyıq. Çünki Peyğəmbərimiz (s.ə.s) buyurur:

“Sənə yaxşılıq edən kimsələrə yaxşılıq etmək həqiqi mənada sileyi-rəhm deyil. Əsl sileyi-rəhm səninlə əlaqəni kəsən, sənə gəlməyən qohumlarını ziyarət etmək və onları qorumaqdır”. (Buxari, Ədəb, 15)

Bu ayə və hədislər sileyi-rəhmin əhəmiyyətini ortaya qoymaqdadır. Hətta bu xüsus o qədər mühümdür ki, qohumlar müsəlman olmasalar belə, onlarla aramızda müəyyən bir hüquqi bağlılıq mövcuddur. Necə ki, Qurani-Kərimdə müsəlman olmayan ata-anaya belə yaxşılıq edilməsi və dünyada onlarla yaxşı rəftar edilməsi əmr edilməkdədir.

 

PAYLAŞ:                

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz