PİKNİK MƏDƏNİYYƏTİ
Hər bir sosial sistemin varlığı, fəaliyyətdə olması, tərəqqisi üçün ən mühüm olan şərtlərdən biri onun mədəniyyətidir. Təəssüf ki, çox zaman mədəniyyətin əhəmiyyətinə o qədər də diqqət verilməməkdədir. İnsan bəzən udduğu havanın, təbiətin onun varlığı üçün nə qədər əhəmiyyət daşıdığının fərqinə varmadığı kimi, mədəniyyət amilinə də o qədər əhəmiyyət vermir. Amma, əslində, mədəniyyət insanın bütün həyatını tənzimləyən bir mexanizmdir. Mədəniyyət – bizim əxz edib gələcək nəsillərə ötürdüyümüz insani bilik, inam və davranış tərzlərimizdir. Bəzən insana elə gəlir ki, mədəniyyət dedikdə sadəcə şeir, sənət, musiqi, ədəbiyyat, bədii yaradıcılıq və s. bu kimi mövzularla bağlı anlayışlar başa düşülür. Əslində isə hər şeyin bir mədəniyyəti vardır. Heç bir mədəniyyət təcrid olunmuş halda mövcud deyildir və bu mədəniyyətlər bir-birinə qarşılıqlı təsir göstərir...
Uzun sürən açıq havaya çıxma məhdudiyyətindən sonra təbiətin canlanmasıyla yaz və yay aylarında havaların gözəl olması insanların açıq havada piknik təşkil etmə istəyini artırmaqdadır. İnsanlar gərgin çalışma həyatının verdiyi stres və sıxıntılardan azacıq da olsa qurtulmaq üçün həftə sonları və ya ələ düşən hər fürsətdə piknik təşkil etməyə üstünlük verirlər. Bunun üçün isə daha çox evlərindən uzaqlaşıb dəniz sahillərinə, meşələrə, çay kənarlarına, yaşıl ərazilərə - təbiətə üz tuturlar. Piknikdə vaxtı yaxşı dəyərləndirmək üçün futbol, voleybol, ip çəkmə, yelləncəkdə yellənmə kimi oyun və fəaliyyətlər təşkil etməklə birlikdə, piknik etmənin təbii bir ehtiyacı olaraq da köz salıb samovar qaynadır, manqalda kabab bişirir və ya ocaqda yemək hazırlayırlar...
Ancaq bəzi kimsələr piknik başa çatdıqdan sonra yemək qalıqlarını, tullantı əşyalarını və hətta kirli uşaq bezlərini yemək yedikləri yerdə tərk edərək təbiəti zibilliyə çevirməkdədirlər. Ətraf mühitin bu şəkildə kirlənməsi isə yolverilməzdir. Bu cür piknik edənlər, təmiz bir şəraitdə piknik etmə haqqına da mane olduqları üçün qul haqqına girmiş sayılırlar. Halbuki heç kimin bu haqqı əngəlləməsi doğru deyildir.
Piknik ərazilərinin məhdud olması bəzən ailələrin bir-birinə çox yaxın məsafədə oturmasına səbəb olur. Bu da insanların narahat olduqları mövzulardan biridir. Çünki piknik edən ailə üzvləri tənhalıqda öz aralarında daha rahat və sərbəst ola bilərlər. Bu vəziyyətdə ailə mədəniyyəti, ailə tərbiyəsi özünü büruzə verir...
Əlbəttə, ədəb gözəl şeydir. Ailənin ədəbi piknik ədəblərinə də təsir edər. “Ədəb” ifadəsi yol, üslub və qaydalar mənasına gəlir. Eyni zamanda gözəl tərbiyə, gözəl əxlaq, yaxşı münasibət, nəzakət, həya kimi mənalara da gəlir. Harda olursa olsun, insan ədəb sərhəddini aşmamalıdır. Kəlami-kübar olaraq məşhur bir beytdə ifadə edildiyi kimi:
Ədəb bir tac imiş nuri Xudadan,
Gey o tacı əmin ol hər bəladan.
Piknik etmək sadəcə oyun oynayıb əylənmək, yemək yeyib qarın doyurmaq və ya təmiz hava alıb dincəlməkdən ibarət olmamalıdır. Bunun da fövqündə, insanda Allah-Təalanın təbiət deyilən bu bənzərsiz, mükəmməl sənətini araşdırma, təfəkkür etmə şüuru formalaşmalıdır...
Sözün qısası, piknik ailəliklə vaxt keçirilən, kiçikdən böyüyə hər kəsin sevdiyi gözəl bir fəaliyyətdir. Hər yerdə olduğu kimi, piknik edərkən də vacib olan qaydalar var. Bu qaydalara piknik ədəbi, yəni piknik mədəniyyəti deyilir. Qaydaları bu şəkildə xülasə edə bilərik:
- Piknik ərazilərində heyvanlara və bitkilərə zərər verməməli,
- Digər canlıların həyat mühitinə hörmətlə yanaşmalı,
- Piknik etməyə uyğun ərazi seçilməli,
- Ocaq qalayarkən və ya söndürərkən diqqətli olmalı,
- Piknikdən sonra ətraf yerlərin təmizliyinə diqqət etməli,
- Artıq tullantılar toplanmalı və zibil qutusuna atılmalıdır.
ŞƏRHLƏR