BİR AYƏ

BİR AYƏ

بسم الله الرحمن الرحيم

إِنْ تُبْدُوا الصَّدَقَاتِ فَنِعِمَّا هِيَ وَإِنْ تُخْفُوهَا وَتُؤْتُوهَا الْفُقَرَاءَ فَهُوَ خَيْرٌ لَكُمْ وَيُكَفِّرُ عَنْكُمْ مِنْ سَيِّئَاتِكُمْ وَاللهُ بِمَا تَعْمَلُونَ خَبِيرٌ

Əgər sədəqələri aşkar şəkildə versəniz, bu da yaxşıdır. Ancaq (sədəqələri) gizlincə kasıblara versəniz, bu sizin üçün daha xeyirlidir və (bu əməliniz) günahlarınızın bir qismini örtər. Allah gördüyünüz işlərdən xəbərdardır”. (əl-Bəqərə, 2/271)

Bu ayədə gizlincə verilən sədəqənin savabının açıqdan verilən sədəqənin savabından daha çox olduğu və belə bir əməlin Allah dərgahında daha çox məqbul sayılacağı xəbər verilir. Ayənin sonundakı “Allah gördüyünüz işlərdən xəbərdardır” ifadəsi ilə də açıqdan və gizlindən edilən bütün işlərin Uca Allaha agah olduğu vurğulanır. Sədəqənin gizlincə verilməsi o deməkdir ki, sədəqəni alan kimsə onun kim tərəfindən verildiyini bilməz. Bunun bir hikməti də odur ki, əgər sədəqə açıqdan verilsə, sədəqəni alan kimsənin həya hisləri zəifləyər, sədəqə almağı vərdiş halına gətirər və bu da onu tənbəlliyə sövq edər.

Ayənin səbəbi-nüzulu ilə əlaqədar belə bir rəvayət nəql olunur ki, “(Allah yolunda) infaq etdiyiniz hər hansı bir sədəqəni və ya nəziri şübhəsiz ki, Allah bilir”, (əl-Bəqərə, 2/270) ayəsi nazil olanda səhabələr: “Ey Allahın Rəsulu, hansı daha fəzilətlidir; gizli verilən sədəqə, yoxsa açıq şəkildə verilən sədəqə?” – deyə sual verdilər. Buna cavab olaraq yuxarıdakı ayə nazil oldu. Eləcə də gizlidən edilən yardım sahibini riyakarlıqdan, təkəbbürdən və minnət qoymaqdan qoruyar, qazanacağı savabın puç olmasına mane olar. Başqa bir ayeyi-kərimədə belə buyurulur: “Ey iman gətirənlər! Özünü insanlara göstərmək üçün malını sərf edib Allaha və axirət gününə inanmayan şəxs kimi, siz də sədəqələrinizi minnət qoyaraq və əziyyət verərək puça çıxartmayın!”

Həzrət Ömər (r.a) gecələr belində un çuvalı ilə kasıbların yaşadığı məhəllələrdə dolaşar ve heç kimə görünmədən onlara un tədarük edərmiş. Həzrət Əlinin (r.a) nəvəsi Həzrət Zeynəlabidinin də hər gecə gizlincə Mədinənin kasıblarına ərzaq payladığı rəvayət olunur. Peyğəmbərimiz (s.ə.s) bir hədisində: “Heç bir kölgəliyin olmadığı qiyamət günü Allah-Təala yeddi növ insanı ərşin kölgəsində kölgələndirəcəkdir…” – buyuraraq onlardan birinin məhz sağ əli ilə verdiyi sədəqəni sol əlinin bilməyəcəyi qədər gizli şəkildə verən kimsə olduğunu müjdələmişdir. (Buxari, Əzan, 36)

İslam alimləri nafilə sədəqədən fərqli olaraq, zəkat kimi fərz olan sədəqənin açıqdan verilməsinin daha münasib olduğunu, bununla həm digər müsəlmanların zəkat verməyə təşviq ediləcəyini, həm də müəyyən şübhələrin aradan qalxacağını bildirmişlər. Necə ki, Həzrət Peyğəmbər (s.ə.s) fərz namazlarını məsciddə insanların gözü qarşısında qılar, nafilə olan sünnə namazlarını isə evində, yəni gizlində qılardı.

PAYLAŞ:                

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz