RƏBBİNƏ YÖNƏL!

RƏBBİNƏ YÖNƏL!

Dünyanın ümumi ab-havası, biz istəsək də, istəməsək də, bir şəkildə bizi götürüb özü ilə birlikdə sürükləyir. Bu dəqiqə bir çoxumuzun içində şirin bir tətil həyəcanı və hər il fərqlilik göstərmək məcburiyyətində hiss etdiyi xüsusi gəzinti planları var. Turistik bölgələr, uzaq sahillər, sərin yaylaqlar, dərin meşələr, yeni-yeni əyləncələr... Gəzməli-görməli yerlər saymaqla bitməz.

Reklamların, elanların, bütün propaqanda vasitələrinin insanı şəxsi rahatlığa, fərdi çərçivədə dünyəvi əyləncəyə dalmağa təşviq, hətta məcbur etdiyi (küçə təzyiqi ilə) belə bir dövrdə müsəlman necə desin ki, mən tətilə çıxmıram, tətilə getmirəm, evdə istirahət etmək mənə kifayətdir.

 “İslamda tətil yoxdur!” – deyərək bunu tamamilə rədd edənlər olsa da, sayları olduqca azdır. Böyüklərimiz “müsəlmanın tətili qəbirdədir” deyərdilər.  Həqiqətən, İslamda tətil varmı? Əgər varsa, müsəlmanın tətil planı necə olmalıdır?

Dini mənbələrə əsasən, müsəlmanın istirahət etməsi lazımdır; gecə yuxusunun yüngül olması və sübh erkəndən ibadət üçün qalxa bilməsi üçün. Hətta gecənin qısa olduğu uzun yay günlərində bu məqsədlə gündüz vaxtı bir müddət dincəlmək (Qaylulə yuxusu) peyğəmbər sünnəsi olaraq bilinir.

Buradakı dincəlmək icazəsi tətil üçün bir bəhanə sayıla bilərmi?

Əslində, “tətil” sözü bizə tanış olan “ətalət” sözü ilə eyni kökdən törəyib. Belə ki, tətil bir növ davam edən bir boşluq, yeniliyin olmadığı bir hərəkətsizlik mənasına gəlir. Bir növ tənbəlliklə, başıboşluqla bağlı olan bu kəlmə artıq dilimizdə dincəlmək, istirahət etmək mənasında işlədilir. Və demək olar ki, son illərdə mənasını daha da dəyişərək əyləncə, gəzmək, dənizə girmək, piknikə çıxmaq kimi fəaliyyətləri də içinə alıb.

Bu da bir həqiqətdir ki, bu gün artıq bir çoxumuz  üçün iş həyatı rəsmi təqvim əsasında formalaşır. Bunun da təbii nəticəsi olaraq “tətil” adlandırdığımız məzuniyyət günləri həm qaçılmaz, həm də xoşumuza gələn bir reallıq olaraq qarşımıza çıxır. Elə isə ən azından tətil müddətində nə edərək bunu daha səmərəli hala gətirməyin, ətalətdən çıxaraq kara keçməyin yollarını axtarmalıyıq.

Qurani-Kərimdə boş vaxtın dəyərləndirilməsi ilə bağlı nəsihət axtarsaq, qarşımıza bu ayələr çıxar:

“Əlbəttə, hər çətinliklə birlikdə bir asanlıq var. Elə isə (dünyəvi işlərini) qurtarıb boş vaxt tapdığın zaman (Allaha ibadət etmək üçün) qalx! Və Rəbbinə yönəl!” (əl-İnşirah, 6-8)

“Tətil” deyərək məzuniyyətə ayrıldığımız vaxt dünyəvi işlərimizi bir kənara qoyub özümüzə ayırdığımız “boş vaxt” deyilmi? Bu vaxtın nə qədərini özümüzə (!) ayırsaq, yaxşı olar? İnsanın özü üçün yığdığı əsl karlı sərmayə nədir? Məncə, kilid suallar bunlardır. Müsəlman bu suallara verəcəyi cavaba əsasən tətilini şəkilləndirə bilər. Çünki bu günün modern tətili bir çox istiqamətlərdə kifayət qədər İslam çərçivəsinin kənarına çıxan davranışlarla xarakterizə edilir. Əvvəla bu bir həqiqətdir ki, günün tətil tələblərinə uyğun olaraq xərcləmə/istehlak çərçivəsi heç bir hüdud tanımadığına görə, israf məfhumu burada kifayət qədər mühüm bir yer tutur. Bundan başqa, beş ulduzlu bir oteldə gecələyərək bütün əyləncələrindən əl-ətək çəkib, harama göz təması və qulaq müsafiri olmaqdan uzaq halda bir otaqda dincəlib Allahın rizasına nail olmaq heç bir şəkildə ağıla-məntiqə sığmaz. Belə baxanda deyəcəksiniz ki, elə isə tətil bizə aid bir fəaliyyət deyil. Bir baxıma bəli; içinə bəzi İslami motivləri qataraq modern tətili müsəlmansayağılaşdırmaq nə dərəcədə mümkündür? Bəs hanı bizim adət-ənənəmiz, ədəb-ərkan, məhrəm-naməhrəm həssaslığımız? Dinin bir hissəsini götürüb bir hissəsini duymazdan gəlmək olarmı?

Məncə, cavab budur: Müsəlman tətilə çıxa bilərmi? – bəli. Lakin tətili müsəlmansayağılaşdırmaq üçün görəcəyi iş təkcə otel otağında əstəğfirullah çəkib namazlarını qılmaqla bitmir. Müsəlman əvvəla tətildən nə umduğunu düzgün təsbit etməlidir. Məqsədi gəzib dünyagörüşünü artırmaqdır, yoxsa həqiqətən, dincəlmək? Əgər dincəlməkdirsə, o zaman israfdan qətiyyətlə çəkinə biləcəyi, onun dincəlmə ehtiyacına xitab edən, halal-harama diqqət edilən və özünün də diqqət edə biləcəyi bir məkan seçməlidir. Tətil müddətində istər səs-küy, istərsə də yemək qoxusu, musiqi, yaxud davranış olaraq digər insanları, nəinki insanları, digər canlıları da narahat etməyəcəyi, təbiətə zərər vurmayacağı, qanun pozuntularına yol verməyəcəyi bir yeri seçmək, müsəlmanın tətil anlayışının olduqca geniş şərtləri əhatə etdiyinə misal olaraq göstərilə bilər. Beləliklə, tətil – dincəlmək üçün başqa bir yerdə vaxt keçirmək anlayışı müsəlman baxışı çərçivəsində həssaslıqla diqqət edilməli bir çox xüsusları əhatə etməkdədir.

Xülasə, “başqalarına bənzəmək” xüsusunda Allah Rəsulunun (s.ə.s) ciddi xəbərdarlığını qulaqardına vurmaq cəhalətinə düşmədən öz şəxsiyyətini kifayət qədər dolğun bir şəkildə ortaya qoya bilən müsəlman üçün tətil, əslində, dünya işlərini bir müddət tamamilə kənara qoyaraq özünü Allaha həsr edə biləcəyi ələkeçməz fürsətlərdən biridir. Nə xoş o kimsələrə ki, əlinə keçən hər bir “vaxt” fürsətində üzünü çevirib Rəbbinə yönəlir!..

PAYLAŞ:                

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz