“MÜSƏLMANIN KÖNÜL DÜNYASI” haqda müsahibə - 1
Möhtərəm Osman Nuri Topbaş ilə
“MÜSƏLMANIN KÖNÜL DÜNYASI” haqda müsahibə - 1
Mənəvi və əbədi qurtuluşun düsturu
QƏLBİ ƏHYA ETMƏK
İRFAN: Əfəndim, “Müsəlmanın könül dünyası” adlı yeni bir əsəriniz işıq üzü görüb. Altınoluk jurnalı da öz oxucularına məhz zati-alinizin həmin əsərini təqdim edir.
İlk növbədə həmin əsəri hansı qayə ilə qələmə aldığınızı öyrənmək istərdik.
Möhtərəm Osman Nuri Topbaş:
Əvvəla, Uca Rəbbimdən bütün əsərlərimiz kimi bu kitabımızın da ilahi rizaya müvəffəq olmasını, Muhamməd ümmətinə faydalı qılınmasını diləyirəm.
Hər bir kitab məchul oxuculara, hətta gələcəyə göndərilən məktubdur. Bu məktubları oxuyanlar onların bir cümləsindən belə istifadə edib həyatları üçün müsbət qərar alsalar, xeyirli bir addım atsalar, əsərimizin məqsədinə çatdığına inanar və özümüzü bəxtiyar hiss edərik.
Bu gün müasir cahiliyyə dövrü yaşanır. Qlobal güclərin hərbi yolla müsəlman ölkələrində törətdikləri dağıntılar, eyni zamanda iqtisadi və mədəni güclə insanların könül dünyasında səbəb olduqları təxribat göz qabağındadır.
Sanki nəsilləri qlobal mədəniyyətin uzaqdan idarə edilən robotuna çevirməyə çalışırlar. İman, əxlaq, iffət, namus, həya, vicdan və fəziləti həyatdan xaric etməyə çalışırlar.
Axirətsiz bir dünya anlayışı ilə zehinlərə hesabsız, kitabsız, eynilə digər məxluqlar kimi məsuliyyətsiz nəfsani həyatı aşılamağa çalışırlar.
İslami təhsildən, iman və təqva şüurundan məhrum nəsillər eynilə seldə sürüklənən kötüklər kimi bu axına düşüb məhv olur.
Tarixən Səlib yürüşləri, Monqol istilaları və yaxın tarixdə yaşanan 100 milyona yaxın insanın qətl edildiyi birinci və ikinci dünya müharibələri kimi acınacaqlı dövrlərdə toplumlar ağır ruhi sarsıntılarla üzləşmək məcburiyyətində qalıb.
Bu kimi zamanlarda xüsusilə təsəvvüf əhlinin irşadı insanları ümidsizlikdən qurtararaq onlar üçün təsəlli mənbəyinə çevrilmişdir. Yəni yorğun könülləri müsbət enerji ilə, feyz və ruhaniyyətlə sanki yenidən əhya ediblər. Xüsusilə dərgahlar mənəvi reabilitasiya mərkəzi kimi fəaliyyət göstərmişdir.
Həmçinin bolluq və rahatlıq zamanlarında da təsəvvüf əhlinin irşadı nəfsləri cilovlamaq və istiqaməti qorumaqda müstəsna rol icra ediblər.
Bu xəbərdarlıq, irşad və təbliğlərin zəmanəmizdəki vəsilələrindən biri də, əlbəttə ki, Quran, Sünnə və Haqq dostlarının könül iqlimindən istifadə edərək qəlblərə ruhaniyyət, hüzur və istiqamət təlqin edən əsərlərdir.
Oxunub təfəkkür ediləcəyi təqdirdə bu əsərlərin qəlbləri feyz və ruhaniyyətlə zinətləndirəcəyi şübhəsizdir. Eynilə qızılgül və yasəmən kimi əlvan çiçəklərlə dolu olan bağça üzərindən əsən küləyin getdiyi yerə gözəl rayihə aparması kimi…
Məhz bu əsər də könül dünyamızı Allah-Təalanın razı olduğu səviyyəyə gətirib həmin mövqedə sabitqədəm etmək üçün hansı düsturlara riayət etməli olduğumuzu izahedici mahiyyətdədir.
Bir xüsusu da qeyd edək ki, bizim bu əsərlə etməyə çalışdığımız ümmətin ortaq malı sayılan islami və irfani ənənədən istifadə edərək peyğəmbərlərin, əshabi-kiramın, Allah dostlarının, təqva əhli alim və ariflərin feyz və ruhaniyyət dolu təbliğ və irşadlarına bir növ tərcüman olmaq, var olanı yazıya çevirən klaviatura vəzifəsi görməkdən ibarətdir.
Əsərimizin bütün gözəllikləri istifadə etdiyimiz həmin məna aləminə aiddir. Xəta və nöqsanlar isə nəfsimizdəndir.
Yeri gəlmişkən onu da qeyd edim ki, bu kitabın böyük bir hissəsi illərdən bəri yazdığımız kitab və məqalələrimizdən seçilən cümlələrdən və bölümlərdən ibarətdir. Bu baxımdan sanki bir buket gülə bənzədiyini deyə bilərik.
- Bu pəncərədən baxsaq, “Müsəlmanın Könül Dünyası” adlı əsərinizin bölüm başlıqlarını bir möminin könül gündəminin də əsas mövzuları adlandıra bilərikmi?
- Əlbəttə. Kitabımız 30 bölümdən ibarətdir. Hər bir bölüm illərdən bəri kitab və jurnal yazılarımızda əhəmiyyətinə görə üzərində durduğumuz xüsusların lirik və axıcı üslubda xülasəsidir.
Mündəricata baxarkən bütün başlıqlar bir müsəlmanın qəlbini ən çox məşğul etməli olan xüsusları xatırladır. Hətta bu xüsuslar müsəlman həyatını tənzimləməli olan məsələlərin xülasəsidir.
Məsələn, kitaba “Cahan Məktəbindəki Sirr və Hikmətləri KÖNÜL GÖZÜ İLƏ OXUMAQ” bəhsi ilə başladıq.
Həmin bəhsdə möminin kainata və baş verənlərə zəmanə cahiliyyəsinin maddəpərəst və sekulyar baxış tərzi ilə deyil, iman üfüqündən, irfan guşəsindən, axirət pəncərəsindən baxa bilməsinin zərurətini ifadə etməyə çalışdıq.
Bu baxışla Haqq-Təalanın kainat kitabında sərgilədiyi yaradılış ayələrindən bəzi misalları oxucuların diqqətinə təqdim etdik.
Qiymətli oxucularımız da bu misallardan çıxaracaqları mənəvi düsturla, inşallah, həyat və kainat kitabında neçə-neçə hikmət və həqiqətləri könül gözü ilə oxumağa müvəffəq olarlar.
Bu bölümdən sonra gələn “ALLAH İLƏ BƏRABƏRLİK” bəhsində dünya və axirətdə əsl səadətin qəlbən Allahla bərabər olmağa bağlı olduğuna dair nüanslara yer verdik.
Sonra hidayət rəhbərimiz “QURANİ-KƏRİM”ə təzim ilə münasibətimizi artırmağın lüzumuna yer verdik.
Daha sonra Quranın feli təfsiri olan PEYĞƏMBƏR r və Onun SÜNNEYİ-SƏNİYYƏSİNƏ EŞQLƏ BAĞLILIQ mövzusuna yer verdik.
Həmçinin zəmanəmizdə ən mühüm qulluq məsuliyyətlərimizdən biri olan “Əsl Zənginlik: İNFAQ” bəhsi ilə maddi-mənəvi hər cür imkanlardan fədakarlığın bir möminin təbiətinə çevrilməsi gərəkdiyini dilə gətirməyə çalışdıq.
Onun da ardınca İSRAF, XƏSİSLİK və EHTİRASDAN ÇƏKİNMƏK bəhsi ilə şeytanın qəlbə vəsvəsə etdiyi “kasıblaşma qorxusunu və xəsisliyi” dəf etməyin vacibliyinə toxunduq. Bu qorxunun, yəni Allaha deyil, mala sığınmaq və güvənmək qəflətinin könüldəki böyük iman zəifliyi olduğuna dair mesajlara yer verdik.
Sonra TƏSƏVVÜF-ŞƏRİƏT-İSTİQAMƏT bəhsində təsəvvüfün Quran və Sünnə istiqamətində məhəbbət, eşq və vəcdlə dolu qəlblə yaşamaqdan ibarət olduğuna yer verdik. Bu istiqamətdən kənarda qalan heç bir şeyin təsəvvüfi həyatla əlaqəsinin olmadığına diqqət çəkdik.
NƏFS TƏZKİYƏSİ və QƏLB TƏSFİYƏSİ bəhsində isə könül aləminə ilahi rəhmət təcəllilərinin nəsib olması üçün mənən təmiz tutulmasının zərurətini ifadə etməyə çalışdıq.
Qiymətli bir daş çirkli və ləkəli qablara qoyulmadığı, əksinə, par-par parlayan xüsusi qablarda saxlandığı kimi, könül aləmi də mənən təmiz tutulmalıdır ki, ilahi təcəllilərə məzhər olsun.
Allah-Təalanın hüzuruna aparacağımız ən gözəl hədiyyə Onun camal əsmasının təcəlli etdiyi, münəvvər, mücəlla, saf, bərraq və lətif bir könül güzgüsüdür.
Qəlbin bu səviyyəyə yüksəlməsi və çatdığı səviyyəni qoruması üçün də TÖVBƏ, İSTİĞFAR, SƏHƏRLƏRİ ƏHYA ETMƏK, İBADƏT HƏYATI, HEÇLİK və TƏVAZÖKARLIQ, QÜRUR və TƏKƏBBÜRDƏN ÇƏKİNMƏK, ƏFVEDİCİ OLMAQ, QƏZƏB HİSSİNİ BOĞMAQ, ŞÜKÜR, SƏBİR və RİZA, LAYİQ OLANA MƏHƏBBƏT, HAQQ EDƏNƏ NİFRƏT, SALEHLƏRLƏ BƏRABƏRLİK, FASİQLƏRDƏN UZAQ OLMAQ, HARAMLARDAN ÇƏKİNMƏK kimi hər biri digərindən mühüm olan vəzifə və məsuliyyətlərimizi xatırlatdıq.
Daha sonra XOŞBƏXT AİLƏ YUVASI, NƏSİL QAYĞISI, ƏSL ELM, ƏSL TƏHSİL, TƏBLİĞ və TƏBLİĞ ÜSLUBU kimi fərd, ailə və cəmiyyətdə hüzur və səadətin mənəvi düsturları mahiyyətindəki ölçülərə təmas etdik.
Həmçinin bir müsəlmanın ƏDƏB və NƏZAKƏTlə zinətlənmiş RƏHMƏT İNSANI olmasının lüzumunu, bunun bir möminin seçkin əlaməti olmasının zərurətini, Mənəvi Zirvələrin Ülvi Pilləsi XİDMƏT ilə də könlünü əhya etməsinin zərurətini izah etməyə çalışdıq.
Xüsusilə bu gün yanğın yerinə və matəm ölkəsinə dönən İslam aləminin iztirabını hiss etməyin, yəni ÜMMƏTİN DƏRDİ İLƏ DƏRDLƏNMƏyin və o yanğından insan qurtarmağın əhəmiyyətini dilə gətirməyə çalışdıq.
Sonda da əsas həyat olan AXİRƏTİ DÜNYAYA TƏRCİH ŞÜURU ilə və ƏBƏDİYYƏT YOLÇULUĞU idrakı ilə yaşamalı olduğumuzun lüzumuna və bu fani mehmanxanada yerli ədası ilə yaşamaq qəflətindən uzaq olmağımızın əhəmiyyətinə dair bölümlərlə kitabımızı tamamladıq.
Bütün bu xüsusları sözügedən mövzulara dair bu günə qədər nəşr olunan əsər və məqalələrimizdən seçərək, bir çoxunu da internetdə gündəlik mesajlarımız arasında yayımlanan spot cümlələrdən hazırladıq.
Rəbbimiz bu çalışmamızı qəlblərimizin rizayi-ilahi ilə yoğrulması yolunda xeyirlərə vəsilə qılsın.
- Amin! Çox gözəl xülasə etdiniz. İcazənizlə bir az da əsərin adında yer alan “könül” məfhumundan söz açaq. Hər şeydən əvvəl, “könül” bizim dünyamıza aid olan məfhumdur. Avropa dillərində bunun tam qarşılığı yoxdur.
Hz. Peyğəmbərin o sağlam olacağı təqdirdə bütün bədənin sağlam olacağına işarə etdiyi, sizin də müxtəlif əsər və söhbətlərinizdə hissiyyatın mərkəzi olduğunu söylədiyiniz könülün mahiyyətini və vəzifəsini tərif edərsinizmi? Müsəlmanın könül dünyası nə üçün əhəmiyyətlidir?
- Yunus Əmrə həzrətlərinin ifadəsi ilə desək,
“Könül Çalabın (yəni Rəbbin) taxtı”dır, məhz ona görə bu qədər əhəmiyyətlidir.
Könül nəzərgahi-ilahidir, imanın mərkəzidir.
İman dillə iqrar, qəlb ilə təsdiq nəticəsində gerçəkləşir. Baxın, ağılla deyil, qəlb ilə.
Ona görə bir könlü əhya etmək Allah nəzərində çox dəyərli saleh əməllərdən biridir. Hətta ariflərin ifadəsi ilə desək, “həcci-əkbər”dir.
Lakin könülləri əhya etmək deyərkən, sadəcə maddi və dünyəvi mənada sevindirmək başa düşülməməlidir. Əsl könül əhyası qəlbləri Allah-Təala ilə, Rəsulullahla görüşdürməkdir. İnsanların könlünü imanla, Quranla zinətləndirə bilməkdir. Onların əbədi həyatını əzaba düçar olmaqdan qurtara bilməkdir. İnsanların əbədi səadət və qurtuluşa qovuşmasına yardım edə bilməkdir.
Müsəlmanın könül dünyası nə üçün mühümdür?
Eynilə bir ağacın kökündə olan çürüklük yarpaq və meyvələrində də özünü göstərdiyi kimi, qəlbdəki qəflət və qatılıq da insanın hal və davranışlarında özünü büruzə verər.
Bu səbəbdən müsəlmanın könül dünyasını Allahdan uzaqlaşdıran mənfi xüsuslardan qoruması həddən artıq əhəmiyyət kəsb edir. Əks təqdirdə tövhidin məkanı olan Kəbənin cahiliyyə dövründə bütlərlə doldurulduğu kimi, qəlblər də saysız-hesabsız bütlə dolmuş olar.
Əsərimizdən iqtibas verək:
“Qəlb aləmindən təmizlənməli olan bütlər nələrdir?
- bəzən insana Allahın əmrini yerinə yetirməkdən daha mühüm görünən nəfsani arzulardır.
- bəzən Allah üçün tərk edə bilmədiyimiz və axirəti unutduran fani mənfəətlərdir.
- bəzən insanı Rəbbindən uzaqlaşdıran rütbə, məqam, şan-şöhrət və sərvətdir.
- bəzən də əks cinsə qarşı hiss edilən şəhvətdir”.
Dünya üçün Kəbə nə ifadə edirsə, insan vücudunda da ilahi təcəllilərin mərkəzi könüldür, yəni qəlbdir. Təsəvvüf ədəbiyyatında da qəlbin Kəbəyə bənzədildiyini tez-tez müşahidə edirik. Bu təşbeh qismən eşqlə yaşanan coşqudan qaynaqlanır. Qismən də könül taxtını yalnız Allaha aid edərək onu eynilə Kəbə kimi tövhidin mərkəzinə çevirməyin qiymət və zərurətini dərk etmək üçündür.
Könlü nəzərgahi-ilahi halına gələnlər haqqında, məsələn, İbn Ömər t-ın Kəbeyi-Müəzzəməyə xitabən söylədiyi sözlər həddən artıq diqqət çəkicidir:
“Sən necə də böyüksən (ey Kəbə)! Sənin şənin necə alidir! Lakin gerçək möminin Allah qatındakı şərəfi səndən də üstündür”. (Tirmizi, Birr, 85)
Həzrət Mövlana da bu həqiqəti dəstəkləyici mahiyyətdə belə buyurur:
“Bilmiş ol ki, əgər Allahın nəzərgahı olan bir könülü incidib qırsan, Kəbəyə piyada getsən də, qazanacağın savab könül qırmağın günahını yumaz”.
Həmçinin Həzrət Mövlana könül qıranlara belə xəbərdarlıq edir:
“Xor da olsa, heç bir könülə həqarət etmə. O, xor olsa da, yenə də üstündür. Viran könül Allahın nəzər etdiyi varlıqdır. Onun yarasında məlhəm olan can necə mübarəkdir. Qırılmış, iki yüz parçaya bölünmüş bir könülü təmir etmək Allah qatında bir çox xeyir-həsənatdan üstündür…”
İmam Rəbbani həzrətləri də belə buyurur:
“Onu bilin ki, qəlb Allah-Təalanın qonşusudur. Onun müqəddəs Zatına qəlbdən daha yaxın bir varlıq yoxdur. O halda istər mömin olsun, istər asi, qəlbə əziyyət verməkdən çəkinin! Çünki qonşu asi olsa da, himayə edilməlidir. Amandır, bundan uzaq durun! Çünki küfrdən sonra qəlbə əziyyət vermək qədər Allah-Təalanın inciməsinə səbəb olan başqa bir günah yoxdur. Çünki qəlb Allaha yaxınlaşa bilən varlıqların ən yaxınıdır”.[1]
Molla Əbdürrəhman Cameyə aid edilən məşhur misralarda belə deyilir:
Dil bədəst avər ki həcci-əkbərəst
Əz həzaran Kəbə yek dil bihtərəst
“Bir könül al ki, həcci-əkbər olsun. Çünki bir könül min Kəbədən daha üstündür”.
Kəbə bünyadi-Xəlili-Azərəst
Dil nəzərgahi-Cəlili-Əkbərəst.
“Kəbə Azər oğlu Xəlil İbrahim tərəfindən bina edilmişdir. Könül isə uca və böyük Allahın nəzərgahıdır”.
Məhz ona görə də nəzərgahi-ilahi olan bir qəlbi qırmaq Kəbəni yıxmaq kimi həddən artıq böyük günah sayılmışdır. Bunun əksinə, bir könül almaq və ya könülləri əhya etmək də, yəni onu Allah və Rəsuluna qovuşdurmaq da sanki “həcci-əkbər” savabı qazandıran saleh əməl sayılmışdır.
Allah-Təala ayeyi-kərimədə belə buyurur:
“…Hər kim bir canı əhya edərsə (xilas edərsə), bütün insanları əhya etmiş (xilas etmiş) kimi olar…” (əl-Maidə, 32)
Bir insanın fani və dünyəvi həyatını qurtarmaq belə bu qədər dəyərlidirsə, kim bilir, onun mənəvi və əbədi həyatını qurtarmaq Allah qatında nə qədər qiymətlidir?
Hz. Peyğəmbər r də bir hədisi-şərifində belə buyurmuşdur:
“…Allahın sənin əlinlə bir adamı hidayətə çatdırması sənin üçün üzərinə günəşin doğduğu hər şeydən daha xeyirlidir”. (Hakim, Müstədrək, III, 690)
Bu gün hidayətdən məhrum olanlara, təqva və irşada möhtac kimsələrə təbliğ, irşad və könülləri əhya xidməti hədsiz dərəcə mühüm axirət məsuliyyətidir.
Çeşmə başında dayanıb gəlib-keçənlərə su versəniz, gözəl və savablı bir iş görmüş olarsınız. Lakin həmin bir stəkan suyu səhrada susuzluqdan ölmək üzrə olan bir adama çatdırsanız, bir insanı yanğından xilas etmiş olarsınız.
Bu gün də bir möminin ən mühüm vəzifəsi insanları axirət yanğınından qurtarmaqdır. Əslində mömin bu əzmi göstərməlidir. Çünki mömin olan kəs öz qurtuluşunun başqalarının da qurtuluşuna xidmət etməkdən keçdiyini bilən qayğıkeş insandır.
- Allah qatında məqbul bir müsəlman ola bilmək üçün könül hansı səviyyəyə çatmalıdır? Bu səviyyə öncə əməllərdə, sonra da hal və əxlaqımızda necə təcəlli etməlidir?
- Kal meyvə turş və acı olar, lakin bir az günəş altında qalıb yetişdikdə dadına doymarıq. Eynilə insanın könül aləmi də ilahi bəyanlar işığında, nəbəvi tərbiyə altında, Haqq dostlarının irşadlarının bərəkəti ilə yetişməyə, müəyyən bir səviyyəyə çatmağa möhtacdır.
Möminin qəlbi səviyyəsini xarakterizə edərək qısa ifadə ilə belə deyə bilərik: Mərifətullah, məhəbbətullah, ixlas, ehsan, maiyyət (bərabərlik), yaxınlıq, şükür, səbir və riza səviyyəsinə sahib olmalıdır.
Mərifətullah Allah-Təalanı qəlbən tanımaqdır. Qulun ilahi əzəmət və qüdrət qarşısında öz heçlik, yoxluq və acizliyini dərk etməsidir. Nəfsini və həddini bilərək Rəbbinə ürəkdən bağlanmasıdır. Təvəkkül və təslimiyyətlə boyun əyməsidir.
Məhəbbətullah iman və İslamı eşq və məhəbbət üfüqündə yaşaya bilməkdir. Ağılın çıxılmaz vəziyyətə düşdüyü məqamlarda qəlbin məhəbbət qanadları ilə məsafə qət etməsidir. Bu məhəbbətin nəticəsi də ədəbdir. Yəni Həzrət Rəsulullahın halı və əxlaqı ilə qəlbin zinətlənməsidir. Eynilə əshabi-kiramın, Allah dostlarının, sələfi-salehinin yaşadığı kimi, kölgənin sahibinə olan sədaqəti ilə Allah Rəsulunun izini təqib etməkdir.
İxlas ibadət və saleh əməllərimizi heç bir qarşılıq güdmədən, yalnız Allah rizası niyyəti ilə əda etməkdir. İbadətlərə fani mənfəət qayələrinin kölgəsini düşürməməkdir. Çünki tövhid inancı heç bir şəriklik qəbul etmir.
Ehsan duyğusu hər zaman və məkanda Allahın bizi gördüyünü dərk edərək bu şüurla hal və hərəkətlərimizə diqqət etmək həssaslığına sahib olmaqdır.
Maiyyət hər an Allahın bizimlə olduğunu hiss etməkdir.
Yaxınlıq isə hər zaman Haqq-Təalanın bizə şah damarımızdan daha yaxın olduğunu, yəni hətta qəlbimizdən keçənlərə də vaqif olduğunu dərk etməkdir.
Şükür bütün nemətlərin əsl sahibinin Allah-Təala olduğu şüurunu qəlbə həkk etməkdir.
Səbir yaşanan bəla və müsibətləri günahlara kəffarə və dərəcələrimizin yüksəlməsinə vəsilə bilərək bütün başa gələnlərə dözüm göstərməkdir.
Riza həyatın dəyişən şərtləri, acı-şirin sürprizləri və eniş-yoxuşları qarşısında şikayəti unutmaq sənətidir. Hər bir halda ilahi qədərə riza göstərərək Allahın da bizdən razı olmasını istəməkdir.
Xülasə, möminlər olaraq bu kimi gözəlliklərlə qəlbimizi nə qədər bəzəyə bilsək, halımız, əxlaqımız və əməllərimiz də bir o qədər Allah-Təalanın rizasına müvafiq olacaq.
Rəbbimiz lütf-kərəmi ilə hər birimizə bu qəlbi səviyyəyə çatmağı nəsib etsin.
Amin!..
(ardı var)
[1] İmam Rəbbani, Məktubat, III, 326, № 45.
ŞƏRHLƏR