Günahsız bir gün
Allah-Təalanın bizə olan nemətləri saysızdır. Qurani bir ifadə ilə desək: saymağa çalışsaq, sayıb qurtara bilmərik. Sağlığımız, hava, su, yediyimiz, faydalandığımız ruzilər və s. Bununla birlikdə, bu gün dinimizi sərbəst yaşaya bilməyimiz, beş vaxt əzanlarımızın oxunması, məscidlərə sərbəst şəkildə gedib gələ bilməyimiz, söhbətlərimiz, dərslərimiz... Bunlar da Allahın nemətləridir. Bütün bu nemətlərin qədrini bilməyimiz lazımdır. Bunlardan ən önəmlisi də insan olmaq və iman nemətidir.
İnsan olaraq dünyaya gəlmək və imanla şərəflənmək - müsəlman olmaq Allahın bizə çox böyük bir neməti və əvəzsiz lütfüdür. Bunun haqqını vermək, qədrini bilmək, təşəkkür etmək Yaradanımızın bizdən istədiyi bir borcdur. Bu təşəkkür borcu da ibadətlə və günahlardan, qadağalardan çəkinməklə olur.
Günahsız insan olurmu?
Atalarımız “bəndə qüsursuz olmaz”, “bəşər çaşar” deyiblər. Müsəlman da insan olaraq bu qaydadan kənar deyil. Peyğəmbərlərin “günahlardan qorunmuş” mənasına gələn “ismət” sifətlərinin olmasına baxmayaraq, bəzən onlardan da zəllə dediyimiz davranışlar meydana gəlmişdir. Günahsızlıq insan üçün təsəvvür olunmayacaq qədər çətin bir hadisədir. Amma günaha yönəlməmək də Allahla əlaqənin tələb etdiyi bir insanlıq vəzifəsidir. Peyğəmbərimiz: “Bütün insanlar xəta edər”, - buyurmuş və ardından da: “Xəta edənlərin ən yaxşıları isə tövbə edənlərdir”, - buyurmuşdur.
Peyğəmbərimiz: “Mən gündə yüz dəfə istiğfar edirəm, Rəbbimdən bağışlanma diləyirəm”, - buyuraraq davamlı bir şəkildə günahda israr etməməyə və işlənən xətanın ardından dərhal tövbə etməyə təşviq etmişdir.
İnsan müvazinətini qorumalıdır. Bunun üçün: günaha vərdiş olmamaq, günahı kiçik görməmək, günah həssasiyyətini itirməmək, ölçünü unutmamaq, ölçünü qoyanı unutmamaq, ölçünün yerinə yeni ölçüləri hakim qılmamaq, ölçünü qoyanın bizimlə hüququnu diqqətə alaraq varlığımızı Onun iradəsinə borclu olduğumuzu bilmək, Onu incitdiyimizi düşünərək, Ona qarşı təqva duyğumuzun yenidən möhkəmlənməsi üçün çalışmaq, təşəbbüs göstərmək lazımdır.
Günah nədir?
Günah dini bir termindir. İnsanın yaradanla, digər insanlarla, özü ilə, bütün varlıqlarla əlaqələrini tənzimləyən müqəddəs əmrləri yerinə yetirməmək və ya qadağaların xaricinə çıxmaq mənasına gəlir. İslam dinində Allahın insan üçün təyin etdiyi ölçülərin xaricinə çıxmaq günah sayılır.
Günah qəlbin icazə vermədiyi, kirləndiyi, yaralandığı, yıxıldığı şeydir. Yəni insana “mən nə etdim”, “kaş ki” dedirən, hər zaman içində “etməsəydim” duyğusu oyandıran bir çirkabdır.
İmam Qəzzaliyə görə, insanın günahlı bir həyat yaşamasının səbəbləri bunlar ola bilər:
- Axirətə inanmır və ya şübhə edir,
- Şəhvəti o qədər qüvvətlənmişdir ki, arzularının, nəfsinin istəklərini tərk etməyə gücü çatmır.
- Mömin olan hər gün tövbə etmək əzmindədir. Ancaq günahkar bunu təxirə salıb gecikdirir, önünə çıxan hər arzusu üçün indilik bunu edim, sonra bir daha etmərəm deyir.
- Günahın cəhənnəmə aparacağı mütləq deyildir, bəlkə əfv olunaram, - deyə düşünür. Şəhvət və günah onu bürüyüncə “Allah bağışlayar” deyib rəhmətinə arxayın olur.
Bütün bunlar insanın özünü aldatmasıdır.
Peyğəmbərimiz (s.ə.s): “Mömin günahını üstündə dayanan bir dağ kimi görüb üzərinə yıxılacağından qorxar. Fasiq (günahkar) və münafiq isə günahı burnunun üstünə qonan və uçub gedəcəyi zənn edilən bir milçək kimi görər”, - buyuraraq insanı ilk növbədə kiçik zənn edilən günahlara qarşı xəbərdar etməkdədir.
İnsanı günaha yönləndirən ikinci bir səbəb günahı kiçik görməkdir. Kiçik günahı böyük görmək imandan, kiçik görmək isə qəflətdəndir. Bu da qəlbin zəifliyidir. Allah-Təalanın qəzəbi hansısa bir günahda gizlidir. Bəlkə də o, sənin kiçik gördüyün günahdır?! Necə ki, ibadət əhli mömin bir qadın pişiyə etdiyi zülmdən dolayı cəhənnəmə vasil olmuşdur.
Yəni əsas problemimiz günahlarımıza və xətalarımıza əhəmiyyət verməməyimiz, kiçik görməyimiz, onu təmizləməklə məşğul olmamağımızdır.
İnsanın işlədiyi xətaya əhəmiyyət verməməsi, günahına sevinib fəxr edən hala gəlməsi – “onu aldatdım, malını aldım, ona həqarət etdim, bunun sözünün altında qalmadım, cavabını verdim, alçaltdım, utandırdım” kimi hisslərlə bu günah dolu bacarığı qənimət bilməsi də günah mövzusunda qəlbin zəifliyini daha da dərinləşdirən, qəlbi öldürən bir xüsusdur.
Bu gün qəlblərimizi yoxlamalıyıq. Ölçülərdən, yəni ilahi əmrlərdən, ibadətlərdən uzaqlaşdığımız, hər hansı bir günahı və ya xətanı işlədiyimiz zaman içimizdə bir yanma olurmu? Tövbə etmək həsrəti çəkilirmi? “Rəbbimi incitdim”, başqa bir ifadə ilə “küsdürdüm” deyə ağrı, peşmançılıq yaşayırıqmı? Və günahdan çəkinmək kimi, “mən günah işləmək istəmirəm” kimi bir dərdimiz varmı? Bizə bütün günləri saf və duru ömür halında ərməğan edən Rəbbimizə bircə dənə də olsa saf və duru gün apara biləcəyikmi?
Xülasə; görəsən, “günahsız bir gün” xoşbəxtliyini yaşaya biləcəyikmi?
ŞƏRHLƏR