TƏTİLDƏ ARZULANANLAR
Ailə ilə keçirilən asudə zaman hər bir kəs üçün arzulanan hallardandır. Ailə böyükləri hər nə işlə məşğul olursa olsun, evdə onları gözləyən övladlarına, ailə üzvlərinə də vaxt ayırmaq məcburiyyətindədirlər. İş günlərində vaxt məhdudiyyəti buna əngəl olsa belə, yay aylarında, tətil günlərində gözəl, səmərəli vaxt keçirməyi, demək olar ki, arzulamayan yoxdur. Yay aylarını bu istiqamətdə bir fürsətə çevirmək əslində öz əlimizdədir. Belə olan halda ailəyə xərclənən zaman və vəsait əslində yox olan deyil, qazanılan dəyərlərdir.
İçində olduğumuz zaman zərfi təhlükələrin bol və gizli olduğu zamanlardır. Ölümün belə gözdən düşməsi, ibrətdən kənar qalması insanların müsbət dəyərlərinin itməsinə səbəb olmaqdadır. Ölümdən ibrət alınmırsa, əxlaqın korlandığı zamanın içindəyik deməkdir. Bu azğınlıq və dünyəviləşmə halının önündəki yeganə əngəl dini dəyərlər, axirət vədləridir. Bu minvalla bir ailə başçısı, yaxud ailə böyükləri övladlarını dünyəviləşmənin azğın pəncəsindən qurtarmalı, ailəsinə tərəf gələ biləcək hər cür zərərə qarşı hazır olmalı, bunun üçün ən başda övladını tanımalı, onun üzləşə biləcəyi təhlükələr haqqında məlumatlı olmalıdır. Hal-hazırkı dövrdə informasiya vasitələri, xəbər kanalları zehnimizə bu haqda həddindən artıq məlumat bazası yükləyərək bizim pessimist düşüncələrə yönəlməyimizə səbəb olurlar. Demək olar ki, hər dindirdiyimiz insan “insanlıq batdı, islah olmarıq, müsəlman yuxudadır, qılınc müsəlman, bizdən adam olmaz” düşüncələri ilə pessimizmdə boğulur. Ancaq qəlbi həqiqi iman və şüurla döyünən hər bir ümidli şəxs, saylarının az olmasına baxmayaraq, mənfiliyə qarşı müsbət qəlbi dəyərlərlə dünyanın pozulan nizamı qarşısında öz müvazinətini qorumaqdadır. Pis vərdişlər, əxlaqsızlıq yuvaları, telefon, internet kimi cibimizdə daşıdığımız qara dəliklər nəfsimizə zehnimizin müsbət düşüncələrindən daha sürətli yanaşır. Ağlımız müsbət ilə mənfini ayırd edincəyə qədər nəfsimiz artıq ona xoş gələnə əsir olmuş olur. Belə azğın və çətin bir dünyada ailəni tək buraxmaq, uşaqların yükünü sadəcə evdə xanıma, yaxud təkcə kişiyə yükləmək haqsızlıq olacaqdır. Təhrim surəsinin 6-cı ayəsində Uca Rəbbimiz belə buyurur: “Ey iman gətirənlər! Özünüzü və ailələrinizi yanacağı insanlar və daşlar olan oddan qoruyun! Odun başında Allahın özlərinə verdiyi əmrlərə asi olmayan, özlərinə əmr olunanı yerinə yetirən sərt təbiətli və güclü mələklər vardır”. Belə olan halda ailəsini qorumaq, övladları ilə maraqlanmaq, onlarla bol vaxt ayıraraq, gözəl olmaq surətilə danışmaq, birlikdə vaxt keçirmək məsuliyyət sahibi insanları yormayacaqdır.
Bəzi insanlar pulunun varlığı ilə hər işi yoluna qoya biləcəyi yanılqısına düşdüyü kimi, bəziləri də pulsuzluğun onları bir heçlik boşluğuna saldığı kimi səhv düşüncələrə yönəlməkdədirlər. Halbuki inanan qəlb üçün pulluluq, yaxud pulsuzluq deyə bir şey yoxdur. Allah ilə olmaq kimi zənginlik, yaxud Onsuz qalmaq kimi bir yoxsulluq vardır. Pulu olanın öladı üçün: “Pulunu verəcəyəm; filan məktəbdə, kursda, kollecdə, ali tədris ocaqlarında, filankəs müəllimin yanında təhsil alacaq” deyə düşünməsi valideynlik vəzifəsini icra etmək sayılmaz. Yaxud: “Pulum yoxdur, mən onun üçün nə edə bilərəm ki?” deyərək qaçmaq da məsuliyyət şüurundan uzaq qalmaqdır. Bu hallar valideynin savadsızlığı, məsuliyyətsizliyi, eqoistliyi, təkəbbürlülük və ya acizliyi ilə qiymətləndirilə bilər.
Bütün bunları düşünərək deyirik ki, heç olmazsa yay aylarının asudə zamanlarını valideynlər övladları ilə dəyərləndirə, səmərəli keçirə bilərlər. Övladına vaxt ayıran, onu dinləyən valideyn, əlbəttə, alicənab, sevilən biridir. Övladının danışdığı, dəyəri olmayan bir hadisəni belə onun üçün dəyərləndirib müsbət hala çevirə bilən, ibrətlərə yönləndirə bilən bir ata, yaxud ana fədakar bir valideyndir.
Övladları üçün parlaq bir gələcək arzu edən valideynlər onlarla səmərəli vaxt keçirərək yeni, gözəl vərdişlər qazanmalarına vəsilə ola bilərlər. Yemək və süfrə ədəbini, danışma-gülmə ədəbini, oturma-yatma ədəbini, müsafirlik, qonaq qarşılama ədəblərini nizamlayaraq adabı-muaşirət deyilən əsasları öyrədərlər. Müsəlman şəxsin bal arısına bənzəyərək istifadə etdiyi heç bir şeyə zərər vurmamasını, faydalı işlər görməsini, gözəl əmək sərf edərək cəmiyyətdə müsbət xarakterə sahib olmasını öyrədərlər. Balıq ovu, çimərlik, dağları, meşələri gəzmək kimi yay proqramları planlayaraq tanıma, öyrənmə, sosiallaşma kimi mənəvi qazanclı günlər keçirərlər. Məscid vərdişləri, Qurani-Kərim tədrisi, dini və əxlaqi biliklərə yiyələnməsi üçün əllərindən gələni edərlər. Ancaq bütün bunları Allaha necə qulluq edə biləcəyini, necə zərərsiz bir insan ola biləcəyini, doğruluq və dürüstlük kimi xarakterlərə sahib ola biləcəyini nəzərə alaraq həyata keçirərsə, gözəl həyat hekayəsinə sahib ola bilərlər. Çünki milli və dini ruha sahib olan gənclərimiz xoşbəxt gələcəyimizin təminatıdırlar.
ŞƏRHLƏR