ALLAHA MƏKAN İSNAD ETMƏK

ALLAHA MƏKAN İSNAD ETMƏK

Allah-Təala aləmin yaradıcısıdır. Heç bir şəkildə və hər hansı bir məkanda yer tutmamışdır. Çünki Allah əzəldə bir məkan tutmamışdır. Allahın “qidəm” sifəti var. Bu sifət Allahdan başqa heç kimdə və heç bir şeydə yoxdur. Allah-Təala əzəldə bir yer tutmadığına görə, sonradan yaratdığı Ərşdə də məkan tutması düşünülə bilməz; bu, onun üçün dəyişiklik olardı. Halbuki Allah sonradan yaradılmış məxluqat kimi dəyişməz. Allah ilə hər hansı bir şey arasındakı bənzərlik bu ayədə rədd edilmişdir: “Onun heç bir bənzəri yoxdur. O, hər şeyi eşidəndir, görəndir”. (əş-Şura, 11)

Məkan və o məkana yerləşən varlıq miqdar baxımından bir-birinə bənzəyər. Məkanın gerçəkliyi artıq olan qismi deyil, oranı məkan seçənin miqdarı qədərdir. Ərş ölçülü və sonlu olduğu üçün bölümlərə və parçalara ayrıla bilər. Əgər iddia edildiyi kimi, Allah Ərşdə məkan tutsaydı, o zaman üç hal meydana çıxardı: Birincisi, Allah Ərşdən böyükdürsə, bir qismi Ərşdə, digər qismi isə bölümlərə və parçalara ayrılmış haldadır deməkdir ki, bu da Allah haqqında batil düşüncədir, mümkün deyildir. İkincisi, Allah Ərşlə eyni ölçüdədirsə, o zaman Ərşin hər bir parçası Allahdan bir parçaya qarşılıq olar ki, bu da tövhidə ziddir. Üçüncüsü, Allah Ərşdən kiçikdirsə, bu da Allah haqqında muhaldır (yəni düşünülməz). Böyük olmaq, eyni olmaq və kiçik olmaq sonradan yaradılanların xüsusiyyətidir. “Allahu əkbər” demək, Allah ölçü mənasında böyükdür demək deyildir. Bəs o zaman “Rəhman Ərşə istiva etdi” (Taha, 5) ayəsini necə başa düşməliyik?

İstiva lüğətdə “eyni dərəcədə olmaq”, “böyüyüb yetişmək”,  “bir şeyə yönəlmək” və “bir şeyi ələ keçirib hökmü altına almaq” mənalarına gəlir. Təşbehin (bənzətmənin) olmadığını bilərək Allah-Təalanın Ərşə istiva etdiyinə inanmaq vacibdir. Səhabələr bu ayəni oxuyaraq keçiblər. Mənası haqqında Hz. Peyğəmbərdən (s.ə.s) heç bir şey soruşmamışlar.  Əgər istiva oturmaq, bitişik olmaq kimi anlaşılarsa, o zaman ən yaxşı izah “hökmü altına almaq” təvilidir. Bu təvilin “O, böyük Ərşin Rəbbidir (sahibidir)” (ət-Tövbə, 129) ayəsi ilə də uyğun olduğu anlaşılır.

Bu kimi mütəşabeh ayələrə ya ümmətin böyükləri olan din alimlərinin çoxunun tərcihinə uyaraq təvil etmədən, endirildikləri şəkildə iman edilir, ya da tövhidə uyğun və möhkəm ayələrə tərs düşməyəcək şəkildə təvil edilib izah verilir. Təfsir və Kəlam alimlərinin kitabları bu şəkildə təvillər ilə zəngindir.

Allah-Təalanın Kəbədə olmamasına rəğmən namazda üzümüzü Kəbəyə çeviririk. Yerin altında olmamasına rəğmən səcdədə alnımızı yerə qoyuruq. Göydə olmamasına rəğmən duada əllərimizi yuxarı qaldırırıq.

“Göydə olanın sizi yerə batırmayacağına əminsinizmi?” (əl-Mülk, 16)

“Göydə də, yerdə də ilah Odur. O, hikmət sahibidir, hər şeyi biləndir”. (əz-Zuxruf, 84)

Göylərdə və yerdə (tək ilah olan) O Allahdır! O, gizlətdiyinizi də, aşkar etdiyinizi də bilir. O, sizin qazandığınızı da bilir”. (əl-Ənam, 3)

Bu mübarək ayələrin zahirinə baxsaq, imkansız bir vəziyyət alınır. Bu hallarda Allah-Təalanın Ərş üzərində olması hökmdarın taxtında oturması kimi olur. Səmada (göydə) olması məktubun zərf içində olması kimidir. Çünki Allah göyləri yaradandır. O zaman səmada olmaqla birlikdə yerdə də olur ki, bunlar imkansız olur. Din belə bir şeyi ortaya qoymamışdır. Allahın kəlamlarında ziddiyyət görünməməsi üçün bu kimi ayələr təvil edilir. Böyük təfsir alimi Fəxrəddin ər-Razi belə demişdir: “Dünya yuvarlaqdır. Buna görə aləmin yaradıcısı olan Allahın cəhət olaraq göydə olduğunu demək mümkün deyildir. Biri qərbdə bir bölgədə, biri də şərqdə bir bölgədə olan iki insan fərz edək. Bu iki insanın ayaq altları bir-birinin qarşısında olacaq. Birinə nisbətlə yuxarıda olan, o birinə nisbətlə aşağıda olacaq. Allah-Təalanın dünya əhlindən aşağıda olması isə ittifaqla imkansızdır. Bundan dolayı Allah-Təalanın bəlli bir məkanda olmaması vacibdir”.

“Göyləri və yeri altı gündə yaradan, sonra ərşə istiva edən Odur. O, yerə batanı da, oradan çıxanı da, göydən enəni də, ora yüksələni də bilir. Harada olursanız olun, O sizinlə birlikdədir. Allah sizin etdiklərinizi görür”. (əl-Hədid, 4) 

“Şübhəsiz ki, insanı Biz yaratdıq və nəfsinin ona verdiyi vəsvəsələri bilirik. Biz ona şah damarından daha yaxınıq”. (Qaf, 16)

Bu ayələrin zahiri mənası da Allah-Təalanın məkandan münəzzəh olduğunu isbat etməyə kifayətdir.

 

PAYLAŞ:                

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz