İSTİRAHƏTİ NECƏ DƏYƏRLƏNDİRMƏLİ?

İSTİRAHƏTİ NECƏ DƏYƏRLƏNDİRMƏLİ?

Tətil, yoxsa istirahət? Bəlkə də bir çoxları yazımızın başında işlətdiyimiz bu sual cümləsini oxuyub təəccüb edəcək. Necə yəni, istirahət, yoxsa tətil? Çünki əksər insan bu ikisinin eyni şey olduğunu düşünür. Yaşadığımız cəmiyyətdə qəbul edilən bir fikir var. İsti yay günləri dedikdə ilk növbədə ağlımıza tətil kəlməsi gəlir. Məktəblərin bağlanması, çalışanların bir aylıq ezamiyyəti və bütün bunların məhz yaz-yay mövsümünə düşməsi ilə ilk növbədə hər kəs istirahət və tətil barədə düşünməyə başlayır. Əlbəttə ki, insanın istirahət etməsi ən təbii haqqıdır. İstirahət rahatlıq tapmaq, rahat olmaq mənasına gəlir. Bu bir gerçəkdir ki, istirahət etməyən insanların işdə səmərəlilik səviyyəsi istər-istəməz aşağı düşür. Məktəblilərin istirahətsiz oxuması və belə bir təhsildən müsbət nəticə əldə edilməsi də ağıl və təcrübəyə ziddir. Burada məşhur bir qissəni yada salmaq istəyirəm:

İki nəfər meşədə ağac kəsirmiş. Onlardan biri sübh tezdən yuxudan oyanıb tələsik yeməyini yeyərək işə başlayırmış. Bir ağacı kəsib dərhal digərinə başlayırmış. Hərdən heç günorta yeməyi üçün də fasilə vermədən axşam düşənə qədər beləcə ard-arda ağacları kəsməklə məşğul imiş. Hətta digər odunçudan bir neçə saat sonra evə qayıdırmış. İki odunçu öz aralarında bir həftə ərzində kimin daha çox ağac kəsəcəyini öyrənmək qərarına gəlirlər. Bir həftəlik xoş rəqabətdən sonra kəsdiləri ağacları saymağa başlayırlar. Nəticə təəccüb doğurur. Belə ki, durmadan çalışanın deyil, digər odunçunun daha çox ağac kəsdiyi ortaya çıxır. Bunu görən fədakar odunçu təəccüblə soruşur: “Bu necə ola bilər axı? Mən daha çox çalışdım. Səndən əvvəl işə başladım, evə səndən bir neçə saat sonra qayıtdım. Bəzən heç nahar da etmədim. İndi isə sənin daha çox ağac kəsdiyini görürəm. Bu müvəffəqiyyətin sirri nədir axı?” Digər odunçu isə təbəssüm edərək belə cavab verir: “Bu işin heç bir sirri yoxdur. Sadəcə olaraq sən fasiləsiz işləyirdin, mən isə bir neçə ağac kəsəndən sonra dayanıb istirahət edirdim. İstirahət üçün özümə ayırdığım zamanda da baltamı itiləyirdim. İti balta ilə də az zəhmətlə daha çox ağac kəsirdim”.

Bəs yaxşı, tətil nədir? Tətil də istirahət sözü kimi ərəb mənşəli olub ətalət və boşluq mənasına gəlir. Yəni istirahətlə insanın dincəlməsi gerçəkləşir, bu dincəlmə nəticəsində fiziki və mənəvi yenilənmə hadisəsi yaşanır. Lakin tətil işləri durdurmaq, hər şeyi bir kənara qoyub zamanı boşa xərcləmək anlamı daşıyır. Bəli, tətil və istirahət arasında ilk baxışda kiçicik görünsə də, çox böyük fərq var. Məhz müsəlmanın da ezamiyyət günləri əyləncə və boş vaxt xərcləmək anlamına gələn tətildən ibarət deyil, fiziki və mənəvi yenilənmə dediyimiz istirahət günlərindən ibarət olmalıdır. Elə isə işdən-gücdən ayrıldığımız bu günləri necə dəyərləndirməliyik?

Hər şeydən əvvəl ailəmizə vaxt ayırmalı, uşaqlarımızla zaman keçirməliyik. İş günlərində evdən erkən çıxmaq məcburiyyətində olduğumuz üçün səhər yeməyini bəlkə də bütün ailə üzvlərimizlə birlikdə yeyə bilmirik. Bir aylıq istirahət günlərimizdə hər şeydən əvvəl səhər qəlyanaltılarını ailə üzvlərimizlə birlikdə etməyə çalışaq. Xüsusilə azyaşlı uşaqların marağını diqqətə alaraq qəlyanaltı süfrələrini onlarla bildikdə açaraq könül dünyalarında yaddaqalan günlər yaşada bilərik. Telefon, internet və televizorla keçirdiyimiz zamanları azaldaraq vaxtımızın əsas hissəsini ailə üzvlərimizə ayıraraq evdə sevgi atmosferi yarada bilərik. Birlikdə oynayacağımız maraqlı və faydalı oyunlarla həm əylənmiş olar, həm də övladımızın fiziki və intellektual inkişafına dəstək olarıq. Həmçinin İslamın bizdən tələb etdiyi sileyi-rəhm, yəni qohum-əqrəbamızla müsbət münasibət qurmamızın başlanğıcı olacaq ziyarətləri artıra bilərik. Xüsusilə böyük şəhərlərdə yaşayanların bu gün bu ziyarətlərə nə qədər ehtiyacı olduğu göz qabağındadır. Dost-tanışımız və qonşularımızla birlikdə məclislər təşkil edərək aramızdakı yaxınlığı bir az da artıra bilərik. Faydalı gəzintilərin təşkili ilə isə həm əylənmiş olar, həm də mənəvi və intellektual yöndən özümüzü inkişaf etdirmiş olarıq. Ölkəmizdə fəaliyyət göstərən muzeyləri, vətənimizin səfalı guşələrini də ziyarət edə bilərik. Maddi imkanı əlverişli olanlar ölkə hüdudlarından kənara çıxaraq müxtəlif xalqların mədəniyyəti, fərqli coğrafi ərazilərlə tanış ola bilərlər. Beləcə həm istirahət etmiş, həm də öz inkişaflarına təkan vermiş olarlar.              

PAYLAŞ:                

Nurlan Məmmədzadə

Baş Redaktor

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz