Şəhid Elimdar Səfərovun əziz xatirəsinə...
“Hər şəhid bir çinardır” adlı yazı müsabiqəsinin qalibi (14.06.2021)
Gözəlova Aybəniz
Sabunçu r. 155 saylı orta məktəb. X sinif şagirdi
Şəhid Elimdar Səfərovun əziz xatirəsinə...
Gözəl yaz günü idi. Həyət o qədər al-əlvan, gözəl görünürdü ki... Xüsusilə də həyətdəki çinar ağacı. Yaşını kimsə bilməsə də, ona baxanda görmək olardı ki, neçə-neçə hadisələrin şahidi olub. Xalqımızın başına gələn faciələrin, torpaqlarımızın yadların əlinə düşməsinin... Çinar bütün bunları görmüşdü. Elimdar da hər dəfə çinara baxanda fikirləşirdi ki, bu necə məğrur, necə vüqarlı ağacdır ki, bu qədər bəlalar görüb, ancaq hələ də belə dik dayanıb. Elə buna görə idi ki, ondan ən sevdiyi ağacı soruşsalar, çinar deyərdi. Rəsul Rzanın “Xan çinar”ını oxuyanda bu ağaca rəğbəti daha da artmışdı.
Hələ uşaq olanda Elimdarın atası vəfat etmişdi. Bacı və qardaşlarına heç vaxt atasızlığı bildirməmişdi. Onları qoruyub qayğılarına qalmışdı. Bəlkə də, buna görə onda bacı və qardaşlarını qoruduğu kimi, Vətəni də qorumaq, qayğısına qalmaq, torpaqlarımızı geri qaytarmaq sevgisi yaranmışdı. Və məhz bu sevgi onun üçün sonrakı həyatında böyük rol oynadı. Elimdar məktəbi bitirdi və hərbi xidmətə yollandı. Hərbi xidmətdən sonra yenidən ordu sıralarına qayıtdı. Vətən, torpaq sevgisi onu bir an belə tərk etmirdi. O anlayırdı ki, bir gün mütləq torpaqlarımız alınacaq. Həmin günü gözləyirdi. Çünki o, həmin gün şəhadətə, ucalığa qovuşacaq, ruhu rahatlıq tapacaqdı. Düşmənin nə qədər azğın olduğunu gördükcə vətənpərvərlik hissi coşurdu. Vətənin azad günlərini görmək onun ən böyük arzusu idi. Dəfələrlə öz doğum gününü işğal olunmuş torpaqlarımızda qeyd etmişdi. Özü də deyərdi ki, hər adama qismət olmur, doğum gününü belə səfalı yerlərdə qeyd etsin.
Cəbhəboyu bölgələrdə mənfur düşmənlər tez-tez atəşkəsi pozurdular. Amma 2016-cı ilin mart ayından başlayaraq cəbhəboyu yaşayış məntəqələrini, mülki əhalini də atəşə tutmağa başladılar. Cəbhədə vəziyyət gərgin idi. Bir sıra istiqamətlərdə döyüşlər gedirdi. Tərtər-Talış kəndi istiqamətində döyüşlərdə igidliyi ilə tanınan Elimdar da vardı. Və o, birdən silahları yanına alaraq düşməni məhv etməyə başladı. Hər gülləni atdıqca ona elə gəlirdi ki, sanki xalqımızın illərlə torpaqlarından ayrı düşməsinin, onlara yaşadılan faciələrin qisasını alır. Və çox keçmədi ki, qisas eşqi və vətənpərvərlik, güclü dəstə öz gücünü göstərdi, düşmənin ilk postu tutuldu. Bundan sonra Elimdar döyüş meydanına atılaraq qəhrəmancasına yaralı yoldaşlarını çıxardı. Yoldaşlarından biri şəhid oldu. Elimdar bir qədər susdu. İndi o yalnız Vətən, anası haqda düşünürdü. Anasına dediyi sözlər yadına düşdü: “Ana, mən səni sevdiyim qədər Vətənimi, torpağımı da sevirəm”. Sonra yoldaşlarına baxdı və dedi: “Dilsuzun anası necə dözəcək bu dərdə?” - yenə sakitləşdi və davam elədi, - “Mən ölsəm, anamı tək qoymayın. O, mənsizliyə dözməz”. Sonra silahı ilə bir ermənini də vurdu. Ancaq düşmən snayperi Elimdara tuş gəldi. Düz başından vuruldu. Elimdar 11 saat can verdi . O ölərkən belə, sanki Vətən uğrunda, torpaq uğrunda mübarizə aparırdı. Ölmək istəmir, bu azğınlardan daha çox qisas almaq istəyirdi. Nəhayət, yoldaşlarının qucağında canını torpağa tapşırdı. O torpağa ki, onun altında neçə-neçə igidlərin, qəhrəmanların ruhu, üstündə isə özü kimi, yoldaşları kimi Vətəni sevən, onun üçün canından keçməyə razı olan oğullar var idi. Son sözləri “Vətən sağ olsun!” oldu.
İndi Elimdarın qəhrəmancasına şəhid olmasından 5 il ötüb. Yenə gözəl yaz günüdür. Elimdargilin həyəti al-əlvan, gözəldir. Çinar hələ də ordadır. İndi onun budaqları daha möhkəm, kökü torpağa daha bağlıdır. Mən artıq Elimdarın fikirləşdiyi sualın cavabını tapmışam. Sən demə, Xan çinar belə dik, məğrur durmaqda haqlı imiş. Axı onun kökü ilə bağlı olduğu bu torpaqda Elimdar kimi mərd oğullar uyuyur.
Babamgilin qonşuluğunda olan həmin həyət, kənddə adına salınmış park, həmin çinar - hər şey indi mənim gözümdə daha uca, daha müqəddəsdir. Heç şübhəm yoxdur ki, Əminə xala oğlunun kədərini ürəyində dərindən hiss etsə də, belə igid yetişdirdiyi üçün duyduğu qürur hissi bunu üstələyir. Eləcə də bütün Azərbaycan xalqı həmin “çinar”ın qarşısında baş əyir.
ŞƏRHLƏR