Övlad, yoxsa peşəsi?
Hər bir insan öz övladına yaxşı təhsil vermə arzusunu daşıyır. Bunun üçün maddi külfət altına girməkdən çəkinməz, hətta lazım gəldikdə yüklü miqdarda borca da girər. Valideynin övladı üçün etdiyi bu fədakarlıqlar təqdirəlayiqdir, ancaq bəzi hallar var ki, bunlar istisnadır. Hətta bu fədakarlıq həm özü, həm də övladı üçün əzab-əziyyətdir, bəlkə də, övladının gələcəyini məhv etməkdir.
Hər bir uşağın istedadının fərqli olduğu danılmaz bir həqiqətdir. Kimisi ədəbiyyata meyillidir, kimisi tarixə; kimisi riyaziyyat və fizikanı sevir, kimisi kimya və biologiyanı. Elələri də var ki, idmançı olmaq arzusundadır. Yenə elə uşaq var ki, o, ümumiyyətlə oxumaq istəmir, sadəcə olaraq sənətkar olmağı, hansısa sahədə usta olmağı düşünür. Belə bir məqamda uşaqlarımızın nəyə meyilli olduğunu, nə istədiyini, nə bacardığını göz önünə almadan: “Övladımı həkim görmək istəyirəm” və ya “Övladım prokuror olmalıdır”, ya da “Oğlum mühəndis olacaq” və s. düşüncələrlə uşaqlarımızın yox, öz istəyimizi həyata keçirmiş olmuruqmu? Halbuki mühəndis olaraq görmək istədiyin övladın bəlkə tarixçi olmaq istəyir. Böyük ehtimalla da sevdiyi sahə ilə məşğul olarsa, uğur qazanacaq. Ən önəmlisi isə, sevdiyi sahədə olduğu üçün xoşbəxt olacaq. Valideynin istədiyi sahəyə yönəldiyi təqdirdə, istəksiz olduğu üçün böyük ehtimalla yüksək nəticə göstərməyəcək, o sahədə işləmiş olsa da, yenə böyük ehtimalla sevmədiyi bir peşənin sahibi olduğu üçün iş həyatında xoşbəxtliyi əldə edə bilməyəcək. Bunu da qeyd edək ki, övladın dəyəri heç bir şəkildə oxuduğu məktəb, yaxud yiyələndiyi peşə ilə ölçülməməlidir. Mühüm olan onun daşıdığı insani dəyərlərdir.
Əziz valideynlər! Övladlarımızın universitet imtahanlarını verib, ballarına uyğun peşə seçimlərini edəcəkləri bu günlərdə onları öz təsirimiz altına almayaq. Onların xoşbəxtliyini istəyiriksə, nə istədiklərini öyrənək və bu yolda onlara dəstək olaq. Bizim istədiklərimizi yox, özlərinin istədiklərini yaşamalarına imkan verək. Belə demək mümkündürsə, öz maşınlarını özlərinin sürmələrinə köməklik edək, onların maşınlarını özümüz sürməyə çalışmayaq. Əks təqdirdə nə onların maşınlarını sürməklə maşın bizə aid olacaq, nə də maşın özlərinə aid olsa da, onların maşını sürmə haqları olacaq.
Uşaqlarımızın peşə seçimində onların istəklərinin nə qədər önəmli olduğunu, gələcək həyatlarında öz ayaqları üstündə dura bilmələri üçün bunun nə qədər böyük əhəmiyyət daşıdığını anladan gözəl bir əsər olaraq Hindistanda çəkilən, türkcəyə “Üç aptal” olaraq dublyaj olunan filmi izləməyi tövsiyə edirəm. Filmdə mühəndislik fakültəsində oxuyan üç dostdan bəhs olunur. Bunlardan biri mühəndis olmaq istəmədiyi halda valideynlərinin istəyi üzrə bu fakültədə oxuyur. Özünün istədiyi peşə isə fotoqrafçılıqdır. Dostlardan o biri isə həqiqətən mühəndis olmaq istəyir, ancaq bu dostun problemi universitetin dərs müfrədatı ilə bağlıdır. Belə ki, o, müfrədatdan kənar özünəməxsus metodlardan istifadə edərək uçuş aparatı icad etməyə cəhd edir, bunun üçün zaman sərf edir. Bu səfər oxumalı olduğu ədəbiyyatı oxuya bilmədiyi üçün dərslərindən zəif qiymət alır. Digər dosta gəlincə, o, mühəndisliyi həyatının bir parçası olaraq görür. Oxuduğu universitet, alacağı diplom belə onun üçün çox da bir şey ifadə etmir. Bu filmi izləyən hər bir valideyndə övladlarının universitet seçimində onlara dəstək ola bilmələri yönündə böyük dəyişikliklər meydana gələcəyindən əminəm. Türkcə desək, iyi seyirlər!..
ŞƏRHLƏR