Müsahibə - Hacı Novruz: “Gənclər nəsihətə möhtacdır”.

Müsahibə - Hacı Novruz: “Gənclər nəsihətə möhtacdır”.

İrfan: Hacı, özünüzü təqdim edərdiniz.

Hacı Novruz: Qubada doğulmuşam, 1955-ci ildə. Orta məktəbi orada oxudum. Orta ixtisas təhsilini də orada aldım. Sonra əsgərliyə getdim. Əsgərliyim Almaniyada keçdi. Əsgərlikdən sonra orada Universitetdə oxudum. Vətənə, millətə, dövlətə hər zaman sadiq olmuşam. Belə deyim, azəripərəstəm, millətimi, dövlətimi sevən bir insanam. Bu günə kimi də o niyyətlə davam etmişəm. Haramdan, yalandan hər daim uzaq olmağa çalışmışam. Hər zaman ətrafımdakıları da başa salıram ki, vətən sağ olsun, dövlətimiz sağ olsun, rəhbərimiz sağ olsun. Niyyətlərimiz Allah üçündür, burada başqa niyyət yoxdur. Allah hər daim bizə müjdəli, xeyirli niyyətlər nəsib etsin.

- Azərbaycan müstəqilliyini yenidən bərpa etdikdən sonra insanlarda bir özünəqayıdış yaşandı. İnsanlar öz milli mənsubiyyətini, kimliyini, dinini, mənəvi dəyərlərini öyrənməyə başladı. Həmin ərəfədə sizin də gənclərin yetişməsi sahəsində müəyyən xidmətləriniz oldu. Həm dini sahədə, həm də yardım fəaliyyətlərində bir çox işlər gördünüz. Bir az bu haqda danışsaq...

- Mən uşaqlığımdan bəri dinin həvəsində olmuşam. Hardasa 7-8 yaşından etibarən ibadət etmişəm. Hərbidə olduğum illərdə də dualarıma, əlimdən gəldiyi qədər ibadətimə davam etmişəm. Doxsanıncı ildə Ukraynadan Azərbaycana qayıtdım. İşimlə bağlı olaraq Ukraynada idim, hərbiçi idim. Burda da hərbi hissələrə gedib gəlirdim, hər zaman əsgərlərimizə öyüd verirdim, nəsihət edirdim ki, vətənimiz üçün, dövlətimiz üçün düz yolda olsunlar, vətənimizə layiqli xidmət etsinlər, rəhbərliyə bağlı olsunlar. Bu gün də eyni niyyətlə davam edirəm.

- Hacı, Allah uzun ömür versin, yaxında yaşınız yetmişə çatacaq. Yaşlandıqca insan nə görür, nəyi düşünür? Yaş insana nə öyrədir?

- Bir müəllim var idi, direktor müavini işləyirdi. Xəstələnmişdi, artıq hiss edirdi ki, o xəstəliyi sağalmayacaq. Mənə dedi ki, hacı əfəndi, mənə namazı öyrət. Dedim ki, axı sən necə namaz qılacaqsan? Dedi, uzandığım yerdən qılaram. İstəmirəm ki, bu dünyadan namazsız köçüm. Mən ona kitab verdim, namazı öyrətdim. Hər gün dəstəmaz aldı, səmimi halda əzan oxudu, namazını qıldı. Ona deyirdilər ki, sən bu xəstə halınla niyə əziyyət çəkirsən. Deyirdi ki, namazsız getmək istəmirəm, məni namazla bu dünyadan yola salın. Uzandığı yerdə son namazını da qıldıqdan sonra “mənim vaxtım bitdi” deyərək üzünü sağa çevirdi, gözlərini yumdu. Həyat bizə bunu öyrədir. İnsan həyatını ibadətsiz tamamlamamalıdır. Allah var. Bir gün hər kəs imtahana çəkiləcək. Elə bir imtahan ki, Qurandakı ifadəsi ilə: “misqalə zərrətin” – zərrə qədər etdiyimiz hər bir işin hesabı veriləcək. 

- Hacı, indi iki nəsil bir yerdə yaşayır: gənclər və yaşlılar. Siz sovet dövrünü gördünüz, müstəqilliyin ilk illərini gördünüz. O günkü gənclik ilə bu günkü gəncliyi necə müqayisə edərdiniz?

- Mənə belə gəlir ki, Allah qorxusu o zaman daha çox idi. İndi sanki Allah qorxusu azalıb, insanlar dini məsələlərə əhəmiyyət vermirlər. Düzdür, elm, texnologiya inkişaf edir. Amma elmi səviyyə zəifləyib. Bizim cavanlığımızdakı savad indi yoxdur. İndi adi vurmanı belə uşaq hesab makinası ilə edir. İmkanlar çoxalıb, asanlaşıb, amma əvvəl hər şey baş ilə hesablanırdı. Allah vətənimizə elm versin, qüdrət versin. Balalarımız şərəfli olsun. Dövlətimiz üçün, bütün müsəlmanlar üçün dua etməliyik.

- Dua dediniz, duanın bir nəslin yetişməsində nə kimi təsirini görmüsünüz?

- Bir insan ata-anasının xeyir-duasını almazsa, cənnətə girə bilməz. İnsan özü də ata-anasına, vətəninə xeyirli övlad olmaq üçün dua etməlidir. Qəbul olunmayan dua yoxdur. Bir insan duasına şəkk-şübhə etmədikcə, o dua qəbul olunar. Duasız yaşamaq doğru deyil. Allahın izni olmadan bir tük də yerindən tərpənə bilməz. Hər şey Allahın izni ilədir. Ağacdakı yarpaq ondan icazəsiz tərpənə bilməz.

- Hacı, özünüz atasınız, babasınız. Övladlarınızı necə yetişdirmisiniz?

- Mənim övladlarım hər dəfə məndən ayrılanda, dərsə gedəndə, harasa gedəndə mütləq qucaqlaşır, yaxud əlimi öpür, mən də onları Allaha əmanət edib sərbəst buraxıram. İnsan öz ata-anasına necə rəftar edərsə, övladı da ona o şəkildə rəftar edər. Övladlarım indiyə kimi mənə yalan danışmayıb. Özüm haramdan uzaq olmuşam ki, bir gün övladlarım üzümə qayıtmasın. Çünki haram yedizdirilən övlad ata-anaya asi olar.

- Sizin bir həcc səfəriniz vardı, o haqdakı xatirələrinizi də istərdik ki, oxucularımızla bölüşəsiniz.

- Allah böyükdür. Onun 124 min peyğəmbəri və neçə milyon, doğrusunu Allah bilir, Allah dostları olub. Allah məni bir dostu ilə 11-12 yaşlarında görüşdürdü. O vaxt belə düşünməmişdim, sonradan belə qənaətə gəldim ki, bəlkə də o, Xızır əleyhissalam olub. Bizim kənddə bir namazgah var, adını Xızırla bağlayırlar. Dədə-babadan deyirlər ki, orada Xızır namaz qılıb. Mən uşaq olanda, gənc olanda səhər tezdən qaça-qaça gedirdim, məsafə bir-iki kilometr olardı, orada dəstəmaz alıb namaz qılırdım, yenə qaça-qaça evə qayıdırdım. Günlərin bir günü gedəndə, o namazgahın yanından bir çay axır, çayda ceyranlar gördüm. Bunu daha əvvəl eşitmişdim ki, bura Xızır əleyhissalamın ceyranları gəlir, südündən içir və onlar çıxıb gedirlər. Bu fikirlə ceyranlara tamaşa etməyə başladım. Beş-on dəqiqə sonra ceyranlar onlara baxdığımı fərq etdilər və dərhal qaçdılar. Buna görə deyirəm ki, mənim gördüyüm adam Xızır ola bilərdi. Axır bir Allah dostu idi. Ayrılanda arxasından gedib əlindən tutmaq istəmişdim, beş metr qalmışdı, yoxa çıxdı. Qırx yaşıma çatanda həmin insanı yuxumda bir də gördüm və həccə getməyim barədə “hazır ol, həccə gedəcəksən” dedi. Oyandım, səhərə kimi fikirləşə-fikirləşə qaldım. Mən dəmirçi işləyirdim, ağır işdə idim. Bir dəfə də qapıdan çıxanda həmin adamla rastlaşdım, “axı sən hazır olmalı idin, getməyə hazırsanmı?” dedi. Üzümü çevirib ona baxdım, yenə bir anda yoxa çıxdı. Məcbur oldum, ailəmin bir illik ununu, çörəyini, yağını, pendirini alıb hazır qoydum. Cibimə bir günlük ehtiyacıma yetəcək pul, çantaya da bir-iki günlük azuqə qoyub çiynimə atdım. Allah mənə bir nəfər də yoldaş yetirdi, biz piyada həccə getdik. Piyada getməyimizdə məqsəd o idi ki, yolda gördüyümüz insanlardan xeyir-dua alaq. Belə bir niyyətlə yola çıxdıq, Allah nəsib etdi, həccimizi tamamladıq.

- Son olaraq gənc nəslə və oxucularımıza nə tövsiyə edərdiniz?

- Gənc nəsil inkişaf etməzsə, dünya xarab olar. Onları öz öhdələrinə buraxa bilmərik. Gənclərə daim nəsihət lazımdır. Vətənə, millətə, dövlətə, anaya, ataya, müəllimə yaxşılıq etməyi, sədaqətli olmağı öyüd-nəsihət etmək lazımdır. Biz bu əxlaqı verməsək, uduzarıq. İndiki uşaqlar çox fərqli xasiyyətdədir. Amma onları yetişdirmək olar. Hətta daha asandır. İnternet var, texniki imkanlar var, bu şəraiti təmin edən dövlətimiz var. Gözəldilər, lakin çalışmalıyıq ki, bir az da gözəl olsunlar. Pul ilə hər iş düzəlmir. Pul insanı xoşbəxt də edə bilər, bədbəxt də. Allah nəfsimizin şərindən qorusun. İnsan daim dua etməlidir, ya rəbb məni nəfsimin, əlimin, gözümün, dilimin, qulağımın şərindən qoru, məni saleh və sadiqlərdən et! Məni dostlarına dost, Rəsulullaha ümmət, rəhbərimə sadiq, özünə qul elə! Hər işimiz dua ilə olmalıdır, gəlin, ana-atamız, ölkəmiz üçün, bütün ümmət üçün birlikdə dua edək.

PAYLAŞ:                

İRFANDAN

irfandergisi.com

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz