Mədəniyyət paytaxtı XİVƏ
Tətil eyni zamanda səyahət günləridir. Məhz bu günlərdə bir çoxumuz imkan nisbətində daxili və xarici turlara qoşularaq, yaxud da fərdi qaydada müəyyən səfərlərə çıxırıq. Çıxmalıyıq da. Çünki yaşadığımız dünyada gəzməli, görməli, kəşf etməli yerlər bizi gözləyir. Unutmayaq ki, dünya görüşümüzün inkişafı müəyyən qədər də dünyanı görməyimizə bağlıdır.
Dünyada gəzib tanış olacağımız bir-birindən maraqlı, qədim tarixə malik, müxtəlif mədəniyyət nümunələrini özündə cəm edən şəhərlər var. Qədim Qüds, Qahirə, Kordova, Sevilya, Buxara, Səmərqənd, Şam, Bağdad, Roma, Sankt-Peterburq və s.
Doğrudur, bəzi xarici şəhərlər var ki, maddi imkansızlıq, vaxt məhdudiyyəti, mövcud pandemiya şəraiti və s. kimi səbəblərə görə biz ora gedə bilmirik. Lakin internet çağının bizə təqdim etdiyi ən böyük avantajlardan biri də gedə bilmədiyimiz yerlərə virtual səyahət etmə imkanımızın olmasıdır. Artıq videobloqerlərin və ya tur rəhbərlərinin çəkdikləri görüntülərlə bəzi şəhərlər haqda kifayət qədər məlumat əldə edərək tanış ola bilərik. Əlbəttə ki, şəxsən görmək, eyni atmosferi yaşamaq, tarixə toxunmaq baxımından gerçək səfərin yerini verməyəcək, lakin “tamamı əldə edilə bilməyənin əldə edilən cüzünü də tərk etmək olmaz” düsturuna əsasən virtual və ya xəyali səfərdən də imtina etməməliyik.
Bu sayımızda siz dəyərli oxucularımızla 2020-ci ildə Türk dünyasının mədəniyyət paytaxtı elan edilən Özbəkistanın Xivə şəhərinə xəyali səfər etmək istəyirik. Qərbi Özbəkistanın incisi olan Xivə qədim zamanlarda bir çox dövlət tərəfindən ələ keçirilmək istənən strateji bir şəhərdir. XVII əsrdə Xivə xanlığının paytaxtı elan edilən şəhər məşhur İpəkyolu ticarət xətti üzərindəki ən qədim şəhərlərdən sayılır. Cəbrin və alqoritmanın qurucusu sayılan, sıfır rəqəmini kəşf edən məşhur alim əl-Xarəzminin və astronomiya sahəsinin dahilərindən olan əl-Biruninin də məhz burada doğulub böyüməsi şəhəri məşhurlaşdıran bir başqa nüansdır.
Torpaq rənginin hakim olduğu, qırmızı çalarların xüsusi əlvanlıq verdiyi qədim Xivə şəhəri Özbəkistanın digər şəhərləri ilə müqayisədə özünəxas memarlığı ilə seçilir. Keçmişi bu günə bağlayan bu əfsunlu şəhər labirintvari dar küçələrində gəzənləri tarixin dərinliklərinə aparır.
İç-içə iki qala ilə əhatə olunan şəhər “Dışan Qala” və “İçan Qala” adlanan iki hissədən ibarətdir. Əlbəttə ki, Xivənin memarlıq cəhətdən insanı heyran edən ən cazibədar hissəsi tamamən qədim tikililərdən ibarət “İçan Qala”dır. Bu qədim şəhərin hər bir küçəsində mavi və yaşıl rəng çalarlarına malik çinilərlə bəzənmiş minarələrə, ikimərtəbəli mədrəsələrə, xanın yay və qış iqamətgahına, iki min nəfərlik böyük camesinə və xeyli sayda qədim tikiliyə rast gəlmək mümkündür. Ümumilikdə “İçan Qala” açıq muzeyində 54 tarixi memarlıq abidəsi, 360 ev mövcuddur. Hazırda burada iki min altı yüz adam yaşayır. Qala içərisində Xarəzm bölgəsinin 3 min ildən qalma maddi və mənəvi mirasını özündə əks etdirən 40 min nadir tarixi əsər gələnləri heyran edir.
Şəhərin qərb darvazasından girər-girməz Məhəmməd Əmin Xan Mədrəsəsi və mədrəsənin qarşısında yerləşən Qalta Minor (Qısa Minarə) ilə qarşılaşmaq mümkündür. Çoxlu otaqlardan ibarət ikimərtəbəli mədrəsənin mərkəz hissəsində yerləşən böyük həyət və su quyusu bölgənin İslam mədəniyyətinin ayrılmaz parçası olduğundan xəbər verir. Dövrün ən böyük və görkəmli minarəsi olaraq inşasına başlanan, lakin Məhəmməd Əmin Xanın ölümü ilə tikintisi yarıda qalan Qalta Minor bu gün Xivənin simvoluna çevrilib.
Xivənin tarixi Cümə məscidində yer alan 212 taxta sütun öz gözəlliyi və ustalarının məharəti ilə göz qamaşdırır. Belə ki, sütunların heç biri bir-birini təkrar etmir. Həmçinin bu sütunlar elə qayda ilə yerləşdirilmişdir ki, minbərdən baxanda heç biri digərinin önünü kəsmir. Camaat arasında olan hər kəs də imamı görə bilir.
Məscidin mərkəzində hovuz, tavanında havalandırma və işıqlandırma məqsədi ilə açılmış xüsusi boşluq var. Məscid daxilindəki kiçik qübbəli şadırvan da bu memarlıq incisinə xüsusi gözəllik qatır.
Ümidvarıq ki, birlikdə xəyali gəzintisinə çıxdığımız türk dünyasının mədəniyyət paytaxtlarından olan Xivə haqqında siz dəyərli oxucularda müəyyən maraq oyada bildik. Gəlin hamılıqla mədəniyyət incilərimizi oxuyaq, gəzək, görək və gələcək nəsillərə sevdirək.
ŞƏRHLƏR