QURAN MƏSULİYYƏTİ
Bildiyimiz kimi, hər bir təhsil, tədris və sənət sahəsinə yiyələnmək hələ uşaqlıq dövründən başlamaqdadır. Çünki həm uşaqların beyinləri ağ vərəq kimi təmiz olur, həm həyatın yükündən uzaq olurlar, həm də bir şeyi öyrənməyə, yeni vərdişlərə yiyələnməyə daha həvəsli olurlar. Bütün təhsil sistemlərində də bunun üçün ilk təhsili uşaqlara 6-7 yaşlarından (hətta bəzi hallarda 4-5) verməyə başlayırlar. “Ağac yaş ikən əyilər” atalar sözü də bu həqiqəti ifadə etməkdədir. Bu ifadə ən qalıcı və sürətli öyrənmənin məhz uşaqlıq dövründə olduğuna işarə etməkdədir. Eyni zamanda Qurani-Kərimdə Hz. Loğmanın (ə.s) öz övladına nəsihət etdiyi bildirilən ayədə də uşaqlara Allahı, Peyğəmbəri, dinimizi, kitabımızı və mənəviyyata dair məlumatları elə məhz uşaq yaşlarından etibarən verdiyinin şahidi oluruq. Bu ayələrin birində belə buyurulur: “Bir zaman Loğman öz oğluna nəsihət edərək demişdi: “Oğlum! (Allaha) şərik qoşma. Həqiqətən, Allaha şərik qoşmaq böyük zülmdür!” (Loğman, 13)
Allah Rəsulunun (s.ə.s): “Uşaqlarınız yeddi yaşına çatdıqda onlara namaz qılmağı aşılayın...” (Əbu Davud, Salat, 26/495) hədisi də bu həqiqəti dəstəkləməkdədir. Buradan eyni zamanda bu da anlaşılır ki, yeddi yaşında namaz qılmağı aşılamamız üçün dini tədrisə, bu haqda ilkin məlumatların verilməsinə daha erkən yaşlarda başlamalıyıq. Təbii ki, bu da əvvəla valideynlərin üzərinə düşən bir məsuliyyətdir. Daha sonra isə bölgənin, o məhəllədə xidmət göstərən məscidin və məscid imamının vəzifəsidir. Məscid imamı sadəcə məscidə namaza gələnlərdən deyil, xidmət etdiyi o bölgənin uşaqlarının və gənclərinin də dinindən, etiqadından məsuldur. Təbii ki, bu məsuliyyət dindən, mənəviyyatdan gələn bir cavabdehlik anlayışıdır. Bu məsuliyyətdən qaçdığımız və ya tam olaraq yerinə yetirmədiyimiz zaman istənməyən mənzərələrlə qarşı-qarşıya qalmağımız qaçınılmaz olacaqdır. Bu gün bütün dünyada istər dini, istərsə də qeyri-dini bir çox təhlükəli cərəyanların yayılması bunun üçün əyani misaldır.
Hələ uşaqdırlar, hələ 14-15 yaşlarına çatsınlar, özləri seçim etsinlər kimi yanlış ifadələrlə övladlarımızın və gəncliyimizin gələcəyini təhlükəyə atmamalıyıq. Artıq 15-16 yaşına gəlmiş bir gənc bu yaşdan sonra dünyanın aldadıcı bərbəzəyini, şeytanın, nəfsinin min cür hiylələrini aşıb məscidə, dinə, mənəviyyata yönələ bilərmi? Bu gün dünyanın qarşısında aciz qaldığı narkomaniya bəlası, qətllər, gənc qızların təcavüz qurbanı olması, intiharlar hansı yanlışların nəticəsidir? Heç düşündükmü?
Bütün bunların qarşısını almaq üçün övladlarımıza milli-mənəvi dəyərləri, dinimizi, halallığı, zəhməti, doğru yolu, təmiz yaşamağı, pis vərdişlərdən uzaq olmağı məhz kiçik yaşlardan aşılamalıyıq, pisliklərə bulaşdıqdan sonra yox!
Elə bu məqsədlə məktəblərin tətilə çıxdığı yay fəslində məscidlərdə fəaliyyət göstərən Quran kursları çox böyük əhəmiyyət kəsb etməkdədir. Övladlarımızın sağlam dini etiqada sahib olması, milli-mənəvi dəyərlərə yiyələnməsi, ədəb-ərkan qaydalarını öyrənməsi, Müqəddəs Kitabımızı öyrənməsi və yay tətilini faydalı keçirməsi üçün yay kurslarının müstəsna yeri vardır. Böyüklərə hörməti, kiçiklərə və eyni zamanda bütün məxluqata şəfqətli davranmağı, dürüstlüyü, çalışqanlığı, vətən sevgisini, şəhidlik kimi uca zirvəni övladlara aşılayan elə məhz bu kimi mənəvi mühitlərdir.
Yoldaşlarla söhbət əsnasında belə bir ifadəyə tez-tez rast gəlmək olur. Onlar deyirlər: “Bu gün mən Quranımı oxumağı bacarır, dinimi bilir və yaşayıramsa bunu kiçikliyimdə dərs aldığım, dinimi öyrəndiyim məhəlləmizdəki məscidə və ya oradakı dini öyrədən imama, xocaya borcluyam...”
Dünyəvi təhsildə olduğu kimi, dini təhsildə də sadəcə imam-tələbə yox, imam-valideyn-tələbə münasibətləri düzgün qurulmalıdır. Valideynlər də bu işdə istəkli və həvəsli olmalıdır. Bilinməlidir ki, övladlarımıza dini təlim-tərbiyəni vermək din xadimindən əvvəl valideynin vəzifəsidir. Yuxarıda qeyd etdiyimiz Quran ayəsi bu məsələyə də dəlil təşkil etməkdədir. Bilməliyik ki, uşaqlarımızın Qurani-Kərimi öyrənməsində vasitəçi olmaq bizə dünya və axirətdə ehsan qapılarını açacaqdır. Allah Rəsulu (s.ə.s) belə buyurmaqdadır: “Kim Quranı oxuyar və onunla əməl edərsə, Qiyamət günü ata-anasına işığı Günəşin şüalarından daha parlaq bir tac və dəyəri dünyalardan da üstün iki libas geyindirilər. Onlar: “Bizə bunlar nə üçün geyindirildi?” deyə soruşduqda, belə cavab veriləcəkdir: “Övladınız Quran öyrəndiyi üçün”. (Əhməd ibn Hənbəl, Müsnəd, 3/440)
Elə isə bu böyük müjdədən məhrum qalmamaq üçün gəlin övladlarımıza şəfa, nur və hidayət qaynağı Müqəddəs Kitabımızı öyrədək. Onların da, özümüzün də dünya və axirətimizi təminat altına alaq.
ŞƏRHLƏR